“Bir neçə ay futbolsuz qalmaq çox çətindir”

21

“Keşlə” klubunun müdafiəçisi Elvin Yunuszadənin qol.az saytına müsahibəsini oxucularımıza təqdim edirik.
– Ötən il bir neçə ay sürən Avropa karyeranızı necə dəyərləndirirsiniz?

– Hardasa, bəxtsizlik yaşadım. Hər şey yaxşı başlamışdı, Bosniya və Herseqovina klubu “Çelik”də baş məşqçim Ümit Özat idi. Sadəcə olaraq orda çempionat pandemiya səbəbinə görə başlamamış dayandı. Ona görə 5-6 ay futbolsuz qaldım.

– Bəs, Şimali Makedoniyanın “Şkupi” klubunda niyə möhkəmlənə bilmədiniz?

– Makedoniyaya yayda getdim. Düzdür, kluba gec qoşuldum. Lakin ardıcıl 4-5 oyun oynadım. Yaxşı çıxış etdim, sadəcə olaraq, zədə aldım. Ona görə də 1-2 ay oynamadım. Sonra özümə gəldim, üzərimdə işlədim, daha sonra ortaya maliyyə problemləri çıxdı. O səbəbə görə klubla istər-istəməz narazılıq baş verdi. Dediyim kimi uğursuzluq oldu. Amma Avropa mənə yeni təcrübə qazandırdı.

– “Keşlə”də ab-hava necədir?
– Hər şey öz qaydasındadır. Ötən gün “Səbail” ilə yoxlama matçında əsas heyətdə meydana çıxdım. Özümü yaxşı hiss edir və oynamağa hazır sayıram.

– 2 aya yaxındır “Keşlə”yə transfer olunsan da, hələ rəsmi debüt etməmisən. Səbəb nədir?
– 4 ay məşqsiz qaldım, çünki zallar bağlı, meydança yox idi. “Keşlə”yə qoşulduğum müddətdən hər şey öz yolundadır. Bayaq dediyim kimi, özümü yaxşı hiss edirəm. Məşqçi şans versə, can-başla oynamağa hazıram. Özümə inanıram.

– Əvvəlki Elvini görmək çoxmu vaxt aparacaq?
– Bir neçə ay futbolsuz qalmaq çox çətindir. Artıq özümə gəlmişəm, hər iki yoldaşlıq görüşündə iştirak etdim. Hər şey yaxşıdır. Mənim üçün indiki vəziyətdə ancaq oynamaq lazımdır. Nə istədiyimi bilirəm, məşqlərimi yüksək motivasiya ilə keçirirəm və deyərdim ki, artığını da edirəm. Mənə indiki dönəmdə stabil oynamaq lazımdır ki, əvvəlki Elvin qayıtsın. Mən buna hazıram.
– “Keşlə”də heyətə düşmək çətin olmayacaq?
– Əziyyət çəkirsənsə, məşq edirsənsə, işinə peşəkar yanaşırsansa, hər yerdə uğur qazana biləcəksən. Nə qədər istedadlı olsan da, işə can qoymasan, uğur qazana bilməzsən. Mən işimə məsuliyyətlə yanaşıram. Özümə inanıram ki, heyətə düşəcəm, yaxşı oyunlar keçirəcəm.
– Hazırda sabiq klubların olan “Qarabağ” və “Neftçi” aarasında çempionatda gərgin mübarizə gedir. Şansları necə dəyərləndirirsiniz?

– Hər ikisi liderdir, hər ikisinin xalı eynidir. Başa-baş mübarizə gedir. Çempionat davam edir, indidən nəsə demək çətindir.
– Milli komanda ilə bağlı nə düşünürsünüz?
– Milli komanda Portuqaliya oyunda pis çıxış etmədi, normal idi. Qətərlə oyuna gəlincə, onlar Asiya çempionudur, ilk hissədə qalib gəlsək də, ikinci hissədə rəqib 2 qol vuraraq qələbə qazandı. Əsas Serbiya ilə oyundur. Onlarla görüşdə yaxşı çıxış edib 3 xal qazanmaq lazımdır.