Bir daha əsirlərin adlarının açıqlanmaması haqda…

285

Sabiq polis rəisi Mahmud Hacıyev: “Əsir adının açıqlanıb-açıqlanmamasına xüsusi xidmət orqanları tərəfindən qərar verilir”

“Hürriyyət”in ötən sayında Azərbaycan və Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilməsi haqda məlumat vermişdik. Qeyd etmişdik ki, Rusiyanın Qarabağdakı sülhməramlılarına məxsus təyyarə ilə bir əsir Ermənistandan Bakıya, beş əsir isə Azərbaycandan İrəvana çatdırılıb.

Yazımızda bu suala da aydınlıq tapmağa çalışmışdıq ki, niyə Azərbaycana qaytarılan əsirin şəxsiyyəti ictimaiyyətə açıqlanmır?

Mövzuyla bağlı Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirmişdi ki, əsirin adını ictimiayyətə açıqlamazdan öncə, hər şeydən əvvəl bunu onun özüylə razılaşdırmaq lazımdır: “Ümumiyyətlə, əsirin adını ictimiayyətə açıqlamazdan öncə, hər şeydən əvvəl əsirin özüylə razılaşdırmaq lazımdır. Bu, şəxsi məlumatlar sayılır. Bu baxımdan, onun könüllü razılığı çox vacib məsələdir. Əgər, o könüllü olaraq buna razılıq verərsə, onun adıyla yanaşı şəkilləri də yayımlana bilər. Eyni zamanda, onun haqqında ətraflı məlumat da verilə bilər. Yəqin ki, erməni tərəfi razılıq verib ki, onlarının əsirləri haqqında məlumatlar verilir. Bundan əlavə, əsirlərin mübadiləsiylə bağlı qısa bir müddət keçib. Ola bilsin ki, yaxın günlərdə bununla bağlı məlumat verilə bilər. Yadınzdadırsa, əsirlərin dəyişdirilməsinin birinci mübadiləsi zamanı əsirlərimizlə bağlı məlumatlar mediada yayımlanıb. Əslində, məsələnin bir neçə tərəfi var. Birinci şəxsi məlumatlar olduğuna görə, ikincisi isə təhlükəsizlik baxımından məlumatlar verilmir. Əsas məsələ budur ki, əsirlərin dəyişdirilməsi prosesi həyata keçirilib”.

Sabiq polis rəisi Mahmud Hacıyev isə “Hürriyyət”ə açıqlamasında bildirdi ki, əsir Azərbaycana qaytarıldığı zaman adının açıqlanıb-açıqlanmamasına xüsusi xidmət orqanları tərəfindən qərar verilir: “İlk növbədə əsirin hansı şəraitdə əsir düşməsi əsas götürülür. Bu, mütləq qaydada xüsusi xidmət orqanları, eyni zamanda Müdafiə Nazirliyinin tərkibində olan xüsusi şöbə tərəfindən araşdırılır. Hansı şəraitdə əsir götürülürsə, bu, Azərbaycan tərəfinə məlum olur. Azərbaycan tərəfi bununla bağlı kifayət qədər məlumatlı olur.

Şəxsin əsir düşməsi məlum olduqdan sonra, əsirlərin mübadiləsi prosesi həyata keçirilir. Həmin əsir Azərbaycana qaytarıldığı zaman adının açıqlanıb və ya açıqlanmamasına xüsusi xidmət orqanları qərar verir. Şəxsin əsir düşməsindən aslı olaraq onunla bağlı iş gedir. Əsir birinci Qarabağ müharibəsi zamanı əsir düşmüş şəxs də ola bilər. Belə ehtimal da mümkündür. Amma bu əsirin adının açıqlanmamasına səbəb deyil. Ermənistan tərəfi beynəlxalq konvensiyalara zidd olaraq əsirlərin adını mütəmadi olaraq gizlədir. Bundan əlavə, qadınların əsirlikdə olmasından da boyun qaçıırdırlar. Yəni beynəlxalq qanunları və konvensiyaları kifayət qədər pozan mənfur bir ölkədir. Ola bilər ki, əsir birinci Qarabağ müharibəsində olub, amma Ermənistan tərəfi gizlədir. Azərbaycandakı erməni əsirlər isə heç bir problem olmadan qaytarılıb. Əsirlərimizin yaşam tərziylə bağlı xüsusi xidmət orqanlarımız və kütləvi informasiya vasitələrindən məlumatlar da sızdırılır”.

YƏHYA