Bill Qeyts “Peyvəndlə çip yerləşdirilməsi” iddiasına cavab verdi

912

Hurriyyet.org xəbər verir ki, “Maykrosoft” şirkətinin qurucusu Bill Qeyts sosial mediada müzakirə edilən “koronavirus peyvəndi ilə insanların orqanizminə çip yerləşdirilməsi” iddialarının cavabında belə deyib: “Bu, məndə çaşqınlıq yaradır və belə müzakirələrin yaxın zamanda bitəcəyinə ümid edirəm”.

Epidemiya başlanan gündən indiyə qədər onun mənbəyi və epideiya ilə mübarizə aparan şəxslərin məqsədləri ilə bağlı müxtəlif fərziyyələr irəli sürülmüş və bu fərziyyələr internetdə yayılmışdı.

Bu fərziyyələr arasında ABŞ-ın infeksion xəstəliklər mütəxəssisi Entoni Fauçi ilə Qeytsin epidemiyanı insanlara nəzarət eləmək üçün meydana çıxardığı, epidemiyadan maddi gəlir əldə eləmək istədikləri və peyvəndlərdən istifadə edərək insanları təqib edəcək mikroçipləri bədənə yerləşdirəcəyi iddiaları da var.

Qeyts “Röyters”ə açıqlamasında deyib: “Bu fərziyyələrdə mənimlə doktor Fauçinin adının hallanacağı heç kimin ağlına gəlməzdi. Bu, məndə çaşqınlıq yaradır və belə müzakirələrin yaxın zamanda bitəcəyinə ümid edirəm”.

2014-cü ildə “Maykrosoft”un idarə heyətinin başçısı vəzifəsini tərk edən Qeyts  “Bill və Melinda Qeyts fondu” vasitəsi ilə qlobal miqyasda mübarizə aparılması üçün ən azı 1,75 milyard dollar həcmində məbləğ ayırmışdı.