Bill Qeyts normallaşma tarixini açıqladı

432

Hurriyyet.org xəbər verir ki, “Maykrosoft” şirkətinin qurucusu olan Bill Qeyts 2022-ci ilin sonunda dünyanın Kovid-19 pandemiyasının təsirindən tamamilə xilas ola biləcəyini söyləyib.

Polşa mətbuatına müsahibə verən Qeyts deyib: “2022-ci ilin sonunda  normal vəziyyətə tam qayıtmış olmalıyıq”. O, koronavirus peyvəndlərinin pandemiyanın səbəb olduğu “inanılmaz faciə”nin bitməsinə kömək edəcəyini vurğulayıb.

Qeyts 2015-ci ildə verdiyi açıqlamada yer üzündə milyonlarla insanın ölümünə, “müharibənin yox, çox sürətlə yayılan bir virusun səbəb ola biləcəyini” söyləmişdi.

Bu günə qədər əldə edilən məlumatlara görə, indiyə qədər dünyada 125 milyon nəfər korovavirus xəstəliyinə yoluxub və 1,2 milyon nəfərə qədər insan virus səbəbindən dünyasını dəyişib.

“Maykrosoft” şirkətinin rəhbərliyini 2014-cü ildə tərk edən Qeyts Bill və Melinda Qeyts Fondunun vasitəsi ilə Kovid-19 epidemiyası ilə qlobal səviyyədə mübarizəni dəstəkləmək üçün 1,75 milyard dollar ayırıb. Bu vəsait bəzi peyvənd istehsalçılarının, potensial müalicələrin dəstəklənməsi üçün ayrılıb.

Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Peyvəndlər və İmmunizasiya İttifaqı (GAVI) tərəfindən dəstəklənən və yoxsul ölkələrin peyvənd əldə etməsi üçün hazırlanan COVAX proqramı 2021-ci ilin axırına qədər aşağı gəlirli ölkələr üçün 2 milyard doza aşı tədarük eləməyi planlaşdırır.