Beynəlxalq konfransda azərbaycanlıların soyqırımı MÜZAKİRƏ EDİLDİ

27

Martın 29-da Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Azərbaycanlılara qarşı soyqırımı və vandalizm aktlarına siyasi və hüquqi qiymət verilməsi istiqamətində Avropa məkanında səylərin konsolidasiyası” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.

Avropada fəaliyyət göstərən siyasi ekspertlərin, beynəlxalq jurnalistlərin, media qurumlarının rəhbərlərinin, Azərbaycanın Avropada fəaliyyət göstərən səfirlərinin, tanınmış siyasi xadimlərin və ziyalıların iştirak etdiyi konfransa Milli Məclisin deputatları – Musa Qasımlı, Qənirə Paşayeva və Elman Nəsirov qatılıblar.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov tədbiri açaraq Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələrin və soyqırımların da həkk olunduğunu bildirib. Xüsusən son iki əsrdə erməni millətçilərinin Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri qanlı aksiyaların və soyqırımların miqyasının bilindiyindən daha çox olduğunu vurğulayan Sahil Qasımov Azərbaycan tarixinin müsibətlərlə dolu bu səhifələrinin dünyada və Avropada tanıdılmasının vacibliyinə toxunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı ermənilərin Azərbaycanda törətdikləri soyqırımı və vandalizm aktlarının burada yaşayan digər xalqlara qarşı da yönəldiyinin, onların xristian əhalini də kütləvi qırğına məruz qoymalarının tarixi mənbələrdə və arxiv materiallarında təsbit olunduğunu bildirib. Deputat ermənilərin soyqırımı və vandalizm siyasətini Azərbaycanda yaşayan bütün millətlərin və dini konfessiyaların məsələsi kimi dəyərləndirib.

Konfransda digər çıxış edənlər də iki yüz ildən artıqdır erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri, xüsusən 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakıda, Qubada və digər məntəqələrdə azərbaycanlı əhalini qətliamlara məruz qoyması barədə danışıblar.

Tədbir iştirakçıları azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və vandalizm aktlarına Avropa məkanında siyasi və hüquqi qiymətin verilməsinə nail olmaq üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Konfrans iştirakçıları Ermənistanın Azərbaycan torpaqlarını işğal zamanı və işğalda saxladığı 30 ilə yaxın müddətdə həm azərbaycanlılara qarşı, həm də Azərbaycanın maddi-mədəni, tarixi abidələrinə, mədəni nümunələrinə qarşı törətdiyi genosidin miqyasından ürək ağrısı ilə söz açıblar. Onlar Azərbaycanın 44 günlük Vətən müharibəsini zəfərlə sonlandırıb torpaqlarını erməni işğalçılarından azad etməsinin regionda davamlı sülhə və gələcək inkişafa möhkəm zəmin yaratdığını vurğulayıblar. Bu yeni imkanlardan bütün region ölkələrinin tam yararlanması üçün ilk növbədə Ermənistanın revanşist cəhdlərdən, təxribatlardan, ən əsası faşist ideologiyasından əl çəkməsinin vacibliyini qeyd ediblər.

Tədbirdə çıxış edənlər sözügedən soyqırımı və vandalizm aktlarına siyasi-hüquqi qiymətin verilməsi üçün bu sahədə aparılan tədqiqatların dərinləşdirilməsinin, həqiqətin üzə çıxarılması istiqamətində səylərin, maarifləndirici materialların və tədbirlərin artırılmasının vacibliyini qeyd ediblər.

Konfransda Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov, ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyli və digər rəsmi şəxslər iştirak ediblər.\\Modern