Beş yaşlı uşağın köməyə ehtiyacı var

423

Balaca Özal anadagəlmə “serebral iflic”dən əziyyət çəkir

Uşağın müalicəsiylə bağlı Heydər Əliyev Fondunun göstəriş verdiyi Sabunçu Uşaq Poliklinikası sadəcə resept yazmaqla kifayətlənir

Bakının Sabunçu rayonunda yaşayan beş yaşlı Özal Tahirov anadagəlmə “serebral iflic”dən əziyyət çəkir. “Hürriyyət”ə müraciət edən anası Səbinə Dursunova bildirib ki, Heydər Əliyev Fonduna ümumilikdə iki dəfə müraciət ünvanlayıb. Fond beş yaşlı uşağın müalicəsini Sabunçuda yerləşən Uşaq Poliklinikasına göstəriş versə də, poliklinika resept yazmaqla kifayətlənməli olur:

“Beş ildir ki, anadagəlmə “serebral iflic”dən əziyyət çəkir. Hazırda beş yaşı var. Altı aylığında bilmişəm ki, belə bir xəstəliyi var. Köməkliklə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışam. Ümumilikdə iki dəfə müraciətim olub. Fonddan cavab Sabunçuda yerləşən uşaq polikliniksına göndərilib, ora zəng ediblər. Ordan da bizi müayinə üçün çağırıblar.

Halubuki, mənim polikilinikalıq işim yoxdur. Orda da həkim resept yazdı və bildird ki, bu dərmanları alım. Amma dərman almağa belə imkanım yoxdur. Əgər imkan olsaydı, Fonda və digər qurumlara müraciət etməzdim.

Oğlum ağır xəstədir. Ən ağır diaqnoz qoyulub. Nə otura, nə də gəzə bilir. Xəstəliklə bağlı Nevroloji xəstəxanada yatıb. Daha sonra, Nərimanov rayonunda yerləşən Bərpa Mərkəzində olmuşam. İmkanım olmadığı üçün dövlət xəstəxanalarına getmişəm. Uşağın müalicəsi Azərbaycanda mümkündür. Sadəcə, imkansızlıq səbəbindən apara bilmirəm. Özəl xəstəxanalarda təkcə qəbul etmək 50 AZN-ə mümkün olur. Bunu da hər kəs bilir. Dövlət xəstəxanasında müalicə olsa da, onlar yalnız resept yazmaqla kifayətlənirlər. Buna da imkanım yoxdur”.

Səbinə Dursunova oğlunun tam müalicəsinə on min manat vəsait lazım olduğunu bildirib: “Uşağın tam müalicəsi üçün on min manat lazımdır. Sağalsa da, amma qüsurlu qalacaq. Göndərdikləri poliklinikada da şərait yoxdur. İldə iki dəfə gəlib ev şəraitində müayinə edib gedirlər. Bərpa Mərkəzləri altı aydan bir qəbul edir. Xəstələr çox olduğuna görə, əvvəlcədən yazılmağım tələb olunur. Oğlumun beş yaşı var, ümumilikdə bir dəfə Bərpa Mərkəzində olub. Əlilliyə görə də 200 AZN pensiya verilir. İldə iki dəfə bu xəstəliklə bağlı olaraq xüsusi ayaqqabılar alıram. Onun da qiyməti baha olur. Bu da yalnız özəl xəstəxanalarda düzəldilir. Qiyməti 150 AZN-dən aşağı olmur. Xalqın dəstəyiylə bir dəfə “Baku Medical Plaza”da əməliyyat olunub. Övladımı tək böyüdürəm. Təzəlikcə atam da dünyasını dəyişib. Xəstə anam və özüməm, başqa kimsəmiz yoxdur”.

Görünür, Sabunçu Uşaq Poliklinikası Heydər Əliyev Fondunun göstərişlərinin bir çoxuna bu cür etinasız yanaşmaqla kifayətlənir. Belə olmasaydı, Fondun göstərişi tez bir zamanda icra olunar və beş yaşlı Özal Tahirov sağlamlığıa qismən də olsa qovuşa bilərdi. Ümid edirik ki, Heydər Əliyev Fondu, aidiyyatı qurumlar və savab işə vəsilə olmaq istəyən şəxslər beş yaşlı Özalın sağlamlığına qovuşmaq üçün yardım əlini uzadacaqlar.

YƏHYA