“Bazarda məhsulların təklifində əvvəlki dövrlərlə müqayisədə azalma müşahidə olunur” – İQTİSADÇI

312

Ötən həftədən başlayaraq Azərbaycandakı satış şəbəkələrində bir sıra əsas ərzaq məhsullarının qiymətində ciddi artım baş verib. Bahalaşma əsas ərzaq məhsullarını əhatə edir və orta hesabala 10-20%, bəzi məhsullarda isə 30%-ə qədər dəyişir.

İqtisadçı-ekspert Rəşad Həsənov Hürriyyet.org-a müsahibəsində deyib ki, yanacağın qiymətinin artması məhsullarının maya dəyərinin artmasına gətirib çıxardır:

“Əslində, burda bir neçə faktor qiymətlərin bahalaşmasına təsir göstərir. Birincisi, ərzaq məhsulları sahəsində mövsümülük fakotorudur. Yəni, hər il bənzər formada kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edilir.  Bu da başa düşülən prosesdir. İkinci məsələ dünya bazarlarında pandemiya səbəbindən istehsal və tədarük riskinin yaranması səbəbidir. 2020-ci ildə çox ciddi inflyasiya qeydə alınıb. Bununla bağlı beynəlxalq maliyyə qurumlarının və valyuta fondlarının açıqlamaları var. Azərbaycan idxaldan aslı ölkə olduğuna görə hazırda dünya bazarlarında başa verən proseslərə burda istehlak bazarının reaksiyasını görmüş oluruq. Yəni, biz proses nəticəsində inflyasiyanı bir tərəfdən də idxal edirik. Üçüncü səbəb, pandemiya səbəbindən ölkə daxilində istehsalın pozulması və fasilələrin yaranması məsələsidir. Bu da müəyyən qədər yay dövründə hərəkətin məhdudlaşdırılmasıyla əlaqədar oldu. Bu da məhsulların istehsalına mənfi təsirini göstərdi. Hazırda bazarda məhsulların təklifində əvvəlki dövrlərlə müqayisədə azalma müşahidə olunur. Bu da qiymət artımına təsir edir. Dördüncü səbəb isə, hökümətin ilin əvvəlindən etibarən başlatdığı bir prosesdir. Yəni, yanacağın və suyun qiymətinin artırılmasıyla əlaqədardır. Bu bazarda iki istiqamətdə təsir yaradır. Xüsusən də yanacağın qiymətinin artması məhsullarının maya dəyərinin artmasına gətirib çıxardır. Çünki, yanacaq o məhsul növlərindəndir ki, bütün növ mal və xidmətlərin maya dəyərində az və ya çox şəkildə əks olunur”.

QEYD: Mövzuyla bağlı geniş müsahibəni qəzetimizin növbəti buraxılışında oxuya bilərsiniz.

YƏHYA