“Baydenin bəyanatı hüquqi qüvvəyə malik deyil”

78

Nurlan Qələndərli: “Təzminat ödəməli olan tərəf qardaş Türkiyə deyil, məhz 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistandır”

“Şübhəsiz ki, Co Baydenin bəyanatı hüquqi qüvvəyə malik deyil, o, sadəcə olaraq siyasi bəyanatdır, orada əks olunan hansısa anlayış və ifadələr beynəlxalq hüquq normaları əsasında hər hansı bir məsuliyyət yaratmır”. “Hürriyyət”in məlumatına görə, bu fikirlər politoloq Nurlan Qələndərliyə məxsusdur.

Onun fikrincə, bundan sonra ermənipərəst dairələr tərəfindən məqsədli şəkildə ortaya atılan təzminat məsələsi isə ictimai rəyi yanıltmaq və psixoloji təsir göstərmək cəhdidir: “Təzminat ödəməli olan tərəf qardaş Türkiyə deyil, məhz 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, ölkəmizin həmin ərazidəki sərvətlərini bəzi transmilli şirkətlərlə birlikdə qeyri-qanuni şəkildə mənimsəyən və cinayət törədən Ermənistandır. Bu ölkənin vurduğu ziyanın xarici mütəxəssislərin iştirakı ilə hesablanması prosesi davam etdirilir və qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək. Amma görünən odur ki, bu məsələ Ermənistan və erməni lobbi-diaspor təşkilatları ilə yanaşı, bəzi ölkələrin ermənipərəst siyasi dairələrini də ciddi şəkildə narahat edir”.

Vazeh BƏHRAMOĞLU