Baydendən İrana yeganə seçim yolu: əks halda sanksiyalar davam edəcək

549

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden İran uran zənginləşdirməsini dayandırmadıqca, bu ölkəyə qarşı sanksiyaların qüvvədə qalacağını bildirib.

Bayden bu sözləri president seçildikdən sonra verdiyi ilk telemüsahibəsində söyləyib.

CBS kanalının müxbirinin “ABŞ İranı danışıqlar masasına gətirmək üçün sanksiyaları ləğv edəcəkmi?” sualının cavabında deyib:  “Xeyr, əvvəlcə onlar uranın zənginləşdirilməsini dayandırmalıdırlar”.

Bayden hökuməti əvvəlki açıqlamalarında müəyyən şərtlərin reallaşacağı təqdirdə İranla nüvə müqaviləsinə yenidən qayıtmaq niyyətində olduğunu bildirmişdi.

İranın ali dini lideri Ayətullah Əli Xamanei ölkəsinin nüvə müqaviləsi öhdəliklərini yerinə yetirməsi üçün əvvəlcə ABŞ-ın bütün sanksiyaları ləğv etməli olduğunu bəyan edib.

İran ilə ABŞ, Çin, Fransa, Almaniya, Rusiya və İngiltərə arasında 2015-ci ildə Tehranın nüvə fəaliyyətini nizamlayan və nəzarət altında saxlayan müqavilə imzalanmışdı.

Donald Tramp president vəzifəsinə gəldikdən sonra ABŞ 2018-ci il mayın 8-də müqaviləni birtərəfli şəkildə tərk edərək İrana yenidən sanksiya tətbiq etməyə başlamışdı.

Sanksiyaların qarşılığında 2020-ci il yanvarın 5-də Tehran müqavilə öhdəliklərini tamamilə dayandıraraq uranın yüksək dərəcədə zənginləşdirilməsi fəaliyyətinə başlamışdı.