“Bayden çox yaxşı bilir ki, ermənilərin özləri dəhşətli soyqırımlarının təşkilatçısı olublar”

72

Çingiz Qənizadə: “Onun çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsi siyasi qisas naminə tarixi təhrif etməkdən başqa bir şey deyil”

“Co Bayden 106 il əvvəl baş vermiş hadisənin dərdini çəkməkdənsə, niyə bu gün ABŞ- da qaradərililərə qarşı soyqırımının qarşısını almır? Çünki bütün bunlarda güclü erməni lobbisinin maraqları yoxdu”r.

1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar aprelin 24-də ABŞ Prezidenti Co Baydenin çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsi siyasi qisas naminə tarixi təhrif etməkdən başqa bir şey deyil. Böyük bir ölkənin başçısının tarixi rüsvayçılığa yol verməsi qəbuledilməzdir. Heç bir tarixi əsası olmayan, konkret faktlara əsaslanmayan qondarma “erməni soyqırımı”nı gündəmə gətirənlər hələ də ikili standartların və islamofobiyanın əsirinə çevriliblər. Görünür, son illər qardaş Türkiyənin dünya birliyindəki nüfuzunun artması, mövqeyinin möhkəmlənməsi, iqtisadi və hərbi gücü dünya birliyinin diqqətindən yayınmayıb. Ona görə də Türkiyəyə təzyiq göstərmək və onu təhdid etmək üçün qondarma “erməni soyqırımı” yalanını ortaya atıblar.

“Hürriyyət” xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib: “Yəni, doğrudanmı ABŞ Prezidenti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından bixəbərdir? 2015–ci ildə qəbul olunmuş həmin qərarda bildirilir ki, “erməni soyqırımı”nı tanımamağa görə cinayət təqibi ola bilməz. Yəni, buna görə məsuliyyət ola bilməz. Xatırlayırsınızsa, Fransada demişdilər ki, kim “erməni soyqırımı”nı tanımırsa, həmin şəxs cinayət məsuliyyəti daşıyacaq. İkincisi, qərarda bildirilirdi ki, Osmanlı dövründə baş verənləri araşdırmaq və təhqiqat aparmaq qeyri-mümkündür.

Tarixi faktlar aydın şəkildə göstərir ki, 1915-ci ildə Türkiyə ərazisində, həqiqətən, soyqırımı olub. Ancaq onu türklər yox, ermənilər törədiblər. Əslində, soyqırımına dinc türk əhalisi məruz qalmışdı. Bu gün ermənilərin soyqırımının qurbanları saydıqları insanların nə az, nə çox, 90 faizi dinc türk əhalisi olub. 1915-ci ildə hələ bugünkü Ermənistan yaradılmamışdı. Ermənilərin böyük əksəriyyəti məhz Azərbaycan torpaqlarında yaşayırdılar. Onların ümumi sayı 700 min nəfərdən çox deyildi. O zaman Türkiyə ərazisində yaşayan ermənilərin sayı 250 min nəfər idi. Həmin dövrdə Türkiyənin ağır vəziyyətindən istifadə edib onu daxildən parçalamaq üçün xaricdən çoxlu sayda silahlı erməni dəstələri gəlir və yerli ermənilərlə birləşərək dinc türk əhalisini qırırdılar.

ABŞ Prezidenti Co Baydenin aprelin 24- də “erməni soyqırımı” ifadəsini işlətməsi mənə Prezident İlham Əliyevin 2021-ci il aprelin 13-də Bakıda müstəqil ekspertlərin, alimlərin, müxtəlif beynəlxalq tədqiqat mərkəzlərinin və akademik qurumların nümayəndələrinin iştirakı ilə keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışından bir məqamı xatırlatdı. Bu gün dünya miqyasında dost və qardaş dövlətin – Türkiyənin güc mərkəzi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev dedi ki, nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi. Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik”.

Çingiz Qənizadə vurğulayıb ki, dövlətimizin başçısı qeyd etdiyi kimi, qardaş ölkənin dünyada güc mərkəzinə çevrilməsi Qərbin ciddi narahatlığına səbəb olub. Ona görə də qondarma “erməni soyqırımı” məsələsini ortalığa atmaqla qardaş ölkəyə təzyiq və təhdid göstərmək istəyirlər. Ancaq bu sevdaya düşənlər unutmasınlar ki, əsası olmayan yalanlarla – 106 il bundan əvvəl baş vermiş olaylarla Türkiyəyə təsir etmək və onu mövqeyindən döndərmək olmaz.

Xatırladım ki, Qərbin və Avropanın bir sıra dövlətləri, xüsusilə Türkiyə-Azərbaycan dostluq və qardaşlığını həzm edə bilməyənlər son anda erməni kartından təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də həmin çirkin kampaniyadan yararlanmaq niyyətindədirlər. Uydurma “erməni soyqırımı” iddiası ilə bağlı məsələdə təkcə Ermənistan tərəfi maraqlı deyil, həm erməni lobbisi, həm də regionda marağı olan güclər bu qondarma “soyqırımı”ndan alət kimi istifadə edirlər.

ABŞ Prezidenti Co Baydenin baş verməyən hadisədən istifadə etməsi təsadüfi deyil. O, çox yaxşı bilir ki, tarixdə belə bir hadisə baş verməyib. Əksinə, ermənilərin özləri dəhşətli soyqırımlarının təşkilatçısı olublar. Onların əsas hədəfləri isə daim türklər və azərbaycanlılar olub. Co Bayden 106 il əvvəlki hadisəni xatırlamaqdansa, niyə 29 il əvvəl ermənilərin Azərbaycanın Xocalı rayonunda törətdikləri dəhşətli soyqırımını xatırlamır? Bundan əlavə, ABŞ-ın özü tərəfindən Vyetnamda, Koreyada, Kamboca və Laosda, İraqda, Əfqanıstanda törədilən soyqırımlar nə tez unuduldu? Birinci Dünya müharibəsi zamanı Naqasaki və Xirosimaya atılan, 350 min insanın həyatına son qoyan, bu gün də acı fəsadlar törədən atom bombardmanı nə tez unuduldu? Co Bayden 106 il əvvəl baş vermiş hadisənin dərdini çəkməkdənsə, niyə bu gün ABŞ- da qaradərililərə qarşı soyqırımının qarşısını almır? Çünki bütün bunlarda güclü erməni lobbisinin maraqları yoxdur.

Co Bayden çox yaxşı bilir ki, qondarma “erməni soyqırımı” iddialarının heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur və bu, Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir. Ona görə ki, ötən il noyabrın 10-da Azərbaycan Ordusunun Ermənistanı diz çökdürməsində və kapitulyasiya aktını məcburi imzalatdırmasında Türkiyə-Azərbaycan dostluq və qardaşlığının böyük rolu oldu. Bəli, digər ermənipərəstlər kimi, Co Bayden də bunu həzm edə bilmir.

ABŞ Prezidentinin ikili standartlardan və islamofobiyadan əl çəkə bilməməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq ciddi narazılıq yaradıb. Bununla əlaqədar Xarici İşlər Nazirliyinin və 48 siyasi partiyanın qəbul etdikləri bəyanat başadüşüləndir. Siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bəyan edir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər.

“Ölkələr və xalqlar arasında dözümsüzlüyü təlqin edən, nifaq salan, qarşıdurma yaradan belə yanaşmalar ayrı-ayrı regionların, ümumilikdə bəşəriyyətin sülhpərvər inkişafına təhdid törədir .

ABŞ Prezidenti Co Baydenin səsləndirdiyi bəyanatında tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur”, – deyə Ç.Qənizadə vurğulayıb.

Valeh