Baş prokurora açıq məktub!

1476

Lənkəran Prokurorluğunda baş verən rəzalətə son verin…

Cənab Baş prokuror!

Bu, Lənkəran Şəhər Prokurorluğunda baş verən rəzalətlə bağlı sizə ünvanladığımız üçüncü müraciətdir. Amma çox təəssüflər olsun ki, yazdığımız heç bir müraciətimizə nəinki yazılı, heç şifahi belə cavab ala bilməmişik.

Hörmətli Kamran müəllim!

Xatırladım ki, Lənkəran şəhərində 14 yaşlı qızcığaz – Diana Əliyeva iki polis işçisi (Onlardan biri – Orxan Şahmarov hal-hazrda Xızı rayon polis şöbəsinə “sürgün” olunmuş, digəri – Mirhüseyn Kazımzadə isə DİN rəhbərliyinə məlumat veriləndən sonra, dərhal polis orqanlarından qovulmuşdur) tərəfindən müxtəlif vaxtlarda cinsi təcavüzə məruz qalmışdır. İlk təcavüz olayı ilə bağlı qaldırılan cinayət işini hal-hazırda sizin birinci müavininiz olan Elçin Məmmədov aparmış, bütün faktlar öz təsdiqini tapsa da, cinayət işinə sonradan bəlli olmayan səbəblərdən xitam vermişdir. Beləliklə, polis işçisi tərəfindən həytının ilk zərbəsini alan köməksiz qızcığaz, ikinci zərbəni də Lənkəran prokuroru Elçin Məmmədovdan alır. Yəni baş verən bu rüsvayçı rəzalətin “xoş” bir sonluqla bitdiyindən “həvəsə” gələn, Orxan Şahmarovun yaxın dostu, silahdaşı Mirhüseyn Kazımzadə də həmkarının yolu ilə getmək qərarına gəlir. Nəticədə, o, qızcığazı öz murdar toruna salmaq üçün onunla telefon əlaqəsi saxlayır və onda dostu Orxan Şahmarovla bağlı ciddi materialların olduğunu deyərək, azyaşlını telefonunu söndürmək şərtilə Lənkəran şəhərində yerləşən deputatlardan birinə məxsus olan məhşur “Palıdlı Sahil” otelində əvvəlcədən hazırlatdığı otağa aparır. Uşağının yox olmasından narahat olan ana – Vüsalə Əliyeva DİN-in 102 xidmətinə zəng edərək bu haqda məlumat versə də, gün ərzində qızından heç bir xəbər ala bilmir. Bir gündən sonra evə dönən qız anasına hər şeyi danışmalı olur. Amma artıq gec idi, Mirhüseyn Kazımov “istəyinə” çatmışdı…

Beləliklə, işin üstü açılandan sonra polis orqanlarından qovulan Mirhüseyn Kazımzadənin cinayət əməlləri ilə bağlı oktyabr ayının əvvələrində Lənkəran Şəhər Prokurorluğuna ana tərəfindən növbəti şikayət daxil olur(Nəzərinizə çatdırım ki, Kazımzadənin əməllərilə bağlı Lənkəran Prokurorluğuna hələ sentyabr ayında  ana tərəfindən şikayət olunmuşdu. Lakin prokurorluqdan “Kazımzadə polis işçisi olduğundan, biz ona qarşı cinayət işi qaldıra bilmirik”, – cavabı verilmişdi). Artıq Kazımzadə polis orqanlarından qovulduğundan, nəhayət ki, prokurorluq cinayət işini açmağa məcbur qalır. Və iş müstəntiq Cabir Qurbanlıya həvalə olunur.

Cənab Baş prokuror!

Cinayət işinin açılmasından sonra müstəntiq xüsusi canfəşanlıqla tərəfləri barışdarmağa çalışsa da, ana buna razı olmur. Vüsalə Əliyeva ona təklif olunan külli miqdarda puldan imtina etsə də, müstəntiq “barışcıl” missiyasından əl çəkmək istəmir. Və buna görə də istintaqın gedişatını ləngitməklə cinayət işini ört-basdır etməyə çalışır. Həmin ərəfədə də  Kazımzadənin yaxınları ananın qapısına seyidlər, ağsaqqallar, ağbirçəklər göndərməklə, məsələni barışıq yolu ilə həll etmək  istəyir. Lakin bütün cəhdlər boşa getdiyindən, onlar ananı ölümlə təhdid etməyə başlayırlar. Çətənin bu günə qədər istədiklərinə çata bilməməsinin səbəbi isə sadəcə və sadəcə məsələnin “Hürriyyətin” nəzarətində olmasıdır. Əks halda, onlar ya uşağı şantaj etməklə (Necə ki, edirlər), ya da anasını şərləyərək həbsə atmaqla istədikləri nəticəyə çata bilərdilər.

Hörmətli Kamran müəllim!

Əslində, bir neçə dəfə şəxsən sizə açıq məktub ünvanlamağıma rəğmən, heç bir cavab verilməməsi növbəti müraciəti etməməyimə əsas verirdi. Lakin bir neçə gün öncə Lənkəran Şəhər Prokurorluğunda müstəntiqin gözü önündə 14 yaşlı qız uşağının üzləşmədə Kazımzadə və onun vəkili  tərəfindən şantaj edilməsi məni bir daha Sizə bu müraciəti yazmağa məcbur etdi.

Nəzərinizə çatdırım ki, üzləşmə prosesində (Lütfən bunun istintaq materialı olduğunu deməyin) ittiham olunan Mirhüseyn Kazımzadə və vəkili təcavüzə məruz qalan 14 yaşlı körpədən şikayətini geri götürməyəcəyi təqdirdə, guya əllərindəki qıza məxsus olan video görüntünü və onun lüt şəkillərini paylaşacaqları ilə hədələyirlər. Maraqlısı da odur ki, bütün bu rəzalət prokurorluğun müstəntiqi Cabir Qurbanlının otağında və onun gözləri önündə baş verir.

Hörmətli Baş Prokuror!

Məlumunuz olsun ki, sizin və nəzarətinizdə olan əməkdaşlarınızın oturduğu kreslo sizlərə dədə-babanızdan miras qalmayıb. Və sizləri həmin kresloya insanları şantaj etmək, haqlının yerinə haqsızı müdafiə etmək üçün oturtmayıblar. Sizi o kresloya layiq görən cənab Prezident sizə etimad göstərib və onu layiqincə təmsil edəcəyinizə inanaraq, həmin vəzifəyə təyin edib.

Amma görünən odur ki, siz də sələfləriniz kimi ya öz işinizin öhdəsindən gəlməməklə etimadı doğrultmaq iradəsində və gücündə deyilsiniz, ya da…

Məhz bu səbəbdəndir ki, sizin rəhbərlik etdiyiniz orqanın əməkdaşları nələrinsə müqabilində haqlının yanında durmaq əvəzinə, haqsızın, cinayətdə ittiham olunan şəxsin yanında durmağı özlərinə vəzifə borcu bilirlər.

Cənab Baş prokuror!

Ola bilsin ki, mənim bu müraciətim sizə qərəzli gəlsin. Məhz bu səbəbdən də, öz çirkli əməllərini həyata keçirən quyruqbulayanlar yalan məlumat verib, məni şər-böhtan atmaqda, daima rəhbərlik etdiyim mətbu orqanda onu-bunu qaralamaqda ittiham edib, sizi inandıra bilərlər. Amma mənim sizdən xahişim odur ki, haqqımda deyilənlərə inansanız da, Lənkəran Prokurorluğunda baş verən RƏZALƏTƏ son verin. Son verin ki, üzərinizə düşən bu günah kölgəsini dəf edə biləsiniz.

Ümid edirəm ki, bundan sonra sizə edəcəyim müraciət təşəkkür məktubu olacaq.

Hörmətlə, Vüqar Məmmədov,

“Hürriyyət” qəzetinin Baş redaktoru