Bakıda “yaşıl soyqırım”

66

Mühafizəçiləri otağa salıb, 60-dan çox ağacı məhv etdilər

Dünən gecə saatlarında Bakıda 60-dan çox yeni əkilən ağaclar məhv edilib. Hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti və Dərnəgül 1 ünvanının kəsişməsində, yol kənarında tikinti materialları satılan obyektlərin qarşısında qeydə alınıb.

Ərazidə fəaliyyət göstərən sahibkar Vüqar Dəmirov bildirib ki, məhv edilən ağaclar Xan çinarı və leylandr növünə aid olub. Onun sözlərinə görə, ağacları gecə saatlarında əraziyə gəlmiş naməlum şəxslər məhv ediblər: “Onlara etiraz edən iki mühafizə əməkdaşımızı isə otaqlarına salaraq qapını arxadan bağlayaraq əməllərinə davam ediblər. Ağacları qıran şəxslərin kimlikləri bilinmir”.

Şikayətçi vurğulayıb ki, ağaclar ötən ilin sentyabr ayında qanuni şəkildə əkilib: “15 ədəd Çinar, 66 ədəd Leylandr, ümumilikdə isə 81 ədəd yeni ağac idi. Həmin ağacların 60-dan çoxu indi yoxdur”.

Zərərçəkənlər hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nəticədə Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov “Report”a bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib.

O qeyd edib ki, hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

KƏNAN