Bakıda qadını amansızlıqla öldürən şəxslərə hökm oxundu

27

Cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə törədilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Farid Axundov, Heydər Nəsirli və Rəsul Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Farid Axundov 18 il, Heydər Nəsirli və Rəsul Quluzadə isə hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2019-cu il sentyabrın 23-də Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivində baş verib. Mənzildə 1970-ci il təvəllüdlü Maya Kərimovanın üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyitini aşkar edilib.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs – 1987-ci il təvəllüdlü Farid Axundov, 2001-ci il təvəllüdlü Heydər Nəsirli və Rəsul Quluzadə tərəfindən tamah niyyəti ilə törədilməsi müəyyən edilib.

İttihama görə, qabaqcadan əlbir olan təqsirləndirilənlər tamah məqsədilə M.Kəromovanı amansızlıqla qətlə yetirdikdən sonra mənzildən ümumi məbləği təxminən 40 min manat təşkil edən pul, qızıl-zinət əşyaları və mobil telefonları götürərək hadisə yerini tərk ediblər.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1-ci, 120. 2.4-cü, 120.2.11-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla və quldurluqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham verilib.