“Bəzi məmurlar, deputatlar ziyanlı müqayisələrlə narazılığı daha da artırdıqlarının fərqində deyillər” – NATİQ CƏFƏRLİ

291

“Azərbaycanda minimum əmək haqqı bugünkü məzənnə ilə 124 avro, Avropanın ən kasıb ölkəsi olan Bolqarıstanda isə 332 avrodur”

“Azərbaycanda bəzi deputatlar, məmurlar ölkədə olan kommunal xərcləri, ictimai nəqliyyatda gediş haqqını tez-tez Avropa ölkələri ilə müqayisə edərək, “görürsüz, bizdə ucuzluqdu”, deyirlər. Amma heç biri Avropadakı maaşları, sosial yardımları, təqaüdləri yada belə, salmır. Bu alma ilə armudu deyil də, alma ilə süzməni müqaisə etmək kimi bir şeydir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

Azərbaycanda minimum əmək haqqının 250 manat, bugünkü məzənnə ilə 124 avro olduğunu qeyd edən REAL-ın icra katibi bildirib ki, Avropanın ən kasıb ölkəsi olan Bolqarıstanda isə minimum əmək haqqı 332 avro, yəni 680 manatdır: “Keçmiş SSRİ Respublikalarından Litvada minimum əmək haqqı 642 avro (1315 manat), Estoniyada 584 avro (1197 manat), Latviyada isə 500 avrodur (1025 manat). Mən bilərəkdən Şərqi Avropa və keçmiş SSRİ-yə aid olan ölkələrdən misal çəkdim. Amma bizim bəzi qaltuklu müəllimlər Almaniyanı, Fransanı misal çəkirlər, Almaniyada minimum əmək haqqı 1614 avro (3308 manat), Fransada isə 1555 avro (3187 manat) təşkil edir. Minimum əmək haqqının ən yüksək olduğu ölkə isə Lüksenburqdur – 2202 avro (4500 manat), kiçicik bir ölkədir, bizim 20 məmurun villasını bir yerə toplasan elə Lüksenburq qədər ərazi yaranar”.

Natiq Cəfərli hesab edir ki, bəzi məmurlar, deputatlar ağla, məntiqə ziyanlı olan müqayisələrlə cəmiyyətdə olan narazılığı daha da artırdıqlarının fərqində belə, deyillər.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org