“Azərsu”nun xalqa qarşı “su savaşı”

405

Deyəsən, dünyada gözlənilən su müharibəsi Azərbaycandan başlayır…

Qlobal su çatışmazlığı ilə ifadə olunan narahtçılıqların ilk əlamətləri ölkədə bu yaxınlarda su qiymətlərin bahalaşması ilə özünü biruzə verməyə başladı. Məsəllərimizdə ifadə olunan – “Allahın suyu”, “su qədər ömrün olsun”, “su kimi əziz olasan” deyimləri qiymət yox, həyata, yaşama səbəb olması baxımından suyun hansı əhəmiyyətə malik olduğunu gözlər önünə sərir.

Tariflərin qaldırılmasının digər bəhanəsi budur ki, son dörd ildə abunə sayı 200 mindən çox artdığına görə, su təchizatının əhatə dairəsi 50% -dən 70% -ə yüksəldi və fasiləsiz su təchizatı % 65.6-dan 70.5 % -ə yüksəldi. Lakin iş burasındadır ki, qeyd olunan işlər büdcə vəsaiti hesabına həyata keçirilib. Su infrastrukturu şəhərlərdə və rayon mərkəzlərində çəkilir və ucqar kəndlərdə və yuxarıda deyildiyi kimi, Abşeronun yaşayış məntəqələrində su istehlakçıları özləri su xətləri çəkməyə məcbur olurlar. Onsuz da monopoliyanın iqtisadi gerçəklik və qanun olduğu, rəqabətə imkan verilməyən ölkə iqtisadi məkanında özəlləşdirmə aparılacağı yəqin ki, nəzərdən keçirilir və bu şirkətlər xüsusi mülkiyyətə keçərsə, vəziyyətin Gürcüstandakı kimi olacağına, vətəndaş yönümlü siyasət izləniləcəyinə inanmaq çətindir. Ehtimal ki, şəxsi mülkiyyətə çevriləcək “Azərsu” qiymətlərə bu səviyyədən sonra “üzüyuxarı baxacaq”.

Tarif Şurasının məlumatında istehlakçılara xatırladılır ki, hazırda əhali üçün su təchizatı və kanalizasiya xidmətləri üçün birləşdirilmiş tarif Moskvada (Rusiya) bir kubmetrə görə 1,7 manat, Kiyevdə (Ukrayna) 1,42 manat, Minskdə (Belarusiya) 1,17 manat, Ankarada (Türkiyə) 0,64 manatdan 1,28 manata qədərdir. Bəs vətəndaşlarımızın maaşlarını nəzərə almadan, göstəriciləri bu qiymətlərə uyğunlaşdırmaq hansı məntiqə sığır?

İqtisadçılar bildirir ki, COVİD-19 məhdudiyyətləri nəticəsində neftin qiymətinin düşməsi ilə ölkəmizdə adambaşına düşən gəlir 171 manata, adambaşına düşən ÜDM isə 984 manata enib. Bundan əlavə, aprel ayından bəri orta əmək haqqı 41 manata düşüb, işsizlik isə 49 %-ə çatıb. Bu cür şəraitdə dövlət inhisarlarının xidmətlərindəki qiymətlərin artması meyli özünü doğrultmur, çünki dövlətin əsas dəstəyi əhaliyə yönəlməlidir.

Tarif Şurası isə xalqın maddi imkanları barədə başqa fikirdədir. İdarə, ölkədə orta aylıq əmək haqqının 41%, pensiyaların isə 69% artdığını deyir: “Azərbaycanda sudan istifadə tariflərinin iki qat artması, aylıq istehlak səbətini 2,5 manat, bir abonentin aylıq su pulu ödəməsini isə beş manat artıracaq”.

Bildirək ki, beynəlxalq praktikaya görə su təchizatı sahəsində xidmətlər göstərən təşkilatlar üçün tariflərin ölçüsü bu amillərlə müəyyən edilir: satılan xidmətlərin həcmi; su təchizatı şəbəkəsinin şaxələnməsi və uzunluğu; quraşdırılmış avadanlıqların enerji verimliliyinin səviyyəsi; suyla təmin olunmanı effektiv vəziyyətdə tutan su təchizatı sistemlərinin işlək vəziyyətdə saxlanılması üçün zəruri şəbəkələrin və avadanlıqların istismarda köhnəlməsi və təmir xərcləri. Yəni avadnlıqlar saz vəziyyətdə saxlanılmalıdır; hər bir konkret istehsal müəssisəsinin konkret təyinatına görə suyla təminatı. İçməli su bu amillərdən asılı olaraq texniki su ilə müqayisədə həm ucuz, həm də baha ola bilər. “Azərsu”, görünür, diqqətini təchizat prosesinin effektivləşdirilməsinə yox, şirkət tərəfdən həyata keçirilən layihələrin reallaşdırılması üçün tenderlərin yaxın qohumlara ötürülməsinə yönəldib. Üstəlik, “Azərsu” rəhbərliyinin böyük və gəlirli tenderlərin çox hissəsinin son illərdə “tanış” şirkətlərə verilməsi kimi praktikası da nəzərdən qaçmamalıdır. Məsələn, büdcə vəsaitləri hesabına icra olunan layihələrdəki podratçı təşkilatlar – “Eren inşaat”, “Protean Constraction”, “Voltaj”, “Kirs”, “İnşaatçı Neftçi” və s. məhz “Azərsu” rəhbərlərindən birinin – Elman Məmmədovun “patronajlığı” və təsiri altında bu layihələri qazanması və fəaliyyət göstərməsi kimi.

Maraqlıdır, bu qohum-tanışlıq strategiyası yalnız “Azərsu”nun rəhbərliyini və ya tenderlərin kimlərəsə ötürülməsini əhatə edir? Yaxud kimlərsə milyonlar qazanacaq deyə, onların harınlığının hesabını su təchizatından ən az faydalanan halqa olan, ölməmək üçün sudan istifadə etməli olan vətəndaşlar ödəməlidir? Ümumiyyətlə, Tarif Şurası nə üçün mövcuddur? Prezidentlə bu qurumun arasında subordinasiya gözlənilirmi?

Baş verənlərdən belə anlaşılır ki, koronavirus səbəbindən işsiz qalan əhalini heç bir bəhanə ilə dövlətə qarşı qaldırmağa nail ola bilməyən qruplaşma həyati əhəmiyyət daşıyan elementlərin bahalaşdırılması dalğası üzərindən Azərbaycana xaos gətirməyi planlayırlar. Digər tərəfdən də müəssisənin “ziyanla işləyən”lər kateqoriyasına salınıb, özələşdirilməyə çıxarılmasına hazırlıq gedir.  Səbəb kimi Azərbaycan reallığına ən yaxşı tanış olan hadisə- korrupsiya əsas gətiriləcək.

Bəs, insanların bu iqtisadi durumunda onları su ilə sınağa çəkmək nə deməkdir? Bunu ilk öncə dövlət düşünməlidir. Artıq iqtisadçı Rövşən Ağayevin mediada yayılan materialda “Azərsu”nun daxili sferasında korrupsiyanın həddini ortaya çıxarmaq üçün Hesablama Palatasının araşdırmaya başlaması bildirilib və ilk korrupsiya faktları da aşkarlanıb.

Sonda daha bir məqamı qeyd edək ki, Tarif Şurası 1998-ci ildə BMT tərəfindən qəbul edilmiş “Orxus konvensiyası”nı pozub. Azərbaycanın da üzvü olduğu Orxus konvensiyasında su təchizatı tariflərinin artırılmasına ictimaiyyətin iştirakı və məsləhəti ilə qərar verilməlidir. Qonşu Gürcüstandan gətirilən misalla yanaşı, Türkiyə və Avropanı da nümunə göstərə bilərik. Belə ki, Türkiyədə və Avropa ölkələrində də su və digər kommunal məsələlər bələdiyyənin sərəncamındadır. Bizdə isə biabırçı vəziyyətdə olan dövlət idarəetmə sistemi təbii ki, “Azərsu”da da özünü biruzə verir. Türkiyədə hansısa kommunal xidmətə görə tarifin artırılması gündəmdədirsə, bələdiyyə bu barədə xalqı xəbərdar edir. Bələdiyyə nümayəndələri ictimaiyyətlə görüşür və zərurətin səbəbləri müzakirə olunduqdan sonra birgə qərar verilir. “Azərsu”nun fəaliyyəti “ləkəli” və qeyri-şəffafdır. Səhmdar cəmiyyətə həm dövlət büdcəsindən vəsait ayrılır, həm xarici maliyyə təşkilatlarından investisiya qoyulur, həm də abnentlərdən pul yığılır. Amma, bu, “Azərsu” rəhbərlərinin “ehtiyaclarını” qarşılamadığı üçün qiymət 100% artırılır. Qiymətləri qaldıraraq xərcləri xalqın hesabına təmn edildiyinə görə, əsas sual da “Azərsu” ilə yanaşı, Tarif Şurasına ünvanlanır: Xalqa qarşı bu məsuliyyətsiz, hörmətsiz davranışınızın səbəbi nədir?

Ülviyyə ŞÜKÜROVA