“Azəriqaz”ın əməkdaşı rəhbərliyin qanunsuz əməllərinə göz yummadığı üçün işdən azad edilib

237

Zair Mirzəyev: “Onlar mənim qaz oğurluğuna, aşkarladığım qanunsuz qoşulmalara göz yummağımı istəyirlər”

“Bakı Regional Qaz İstismarı Departamentinin baş mühəndisi Səhhət Seyfullayev Səbail Rayon Qaz Satış İdarəsinin rəisi Rəşad Həsənovun qanunsuz əməllərini ört-basdır edir

Ötən saylarımızın birində 1994-cü ildən 2007-ci ilə qədər Bakı şəhəri, Xətai rayonu 3 saylı Uşaq Evində böyüyən Zair Sübhan oğlu Mirzəyevin SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-red.) nəzdində fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tərəfindən əsassız yerə işdən azad edilməsi, eyni zamanda Nizami Rayon İcra Hakimiyyətinin balansında olan yaşayış binasında ona verilməli olan 23 saylı mənzilin qanunsuz şəkildə uşaq evinin məzunu olmayan Sarafrazi Emin Eldar oğluna verilməsinə dair şikayətini diqqətinizə çatdırmışdıq.

“Həmin mənzillərdən biri uşaq evinin məzunu kimi mənə verilməli idi, lakin indiyədək mənzillə təmin olunmamışam”

Belə ki, 13 fevral 2018-ci il tarixdən 15 fevral 2021-ci ilə qədər “Azəriqaz” İstehsalat Birliyi Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidmətinin 3-cü dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri kimi çalışdığını deyən Zair Mirzəyevin sözlərinə görə, üzləşdiyi problemlə bağlı SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Şamil oğlu Bədəlova dəfələrlə ərizə ilə müraciət etsə də bunun heç bir faydası olmayıb: “2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonu, Nəsimi küçəsi, 2405-ci məhəllə, 1C ünvanında yaşayış binası inşa olunub. SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlova dəfələrlə müraciət etmiş və bildirmişəm ki, kimsəsiz uşağam, digərlərini mənzillə təmin etdiyiniz kimi, məni də mənzillə təmin edəsiniz. Lakin o, dedi ki, ilk öncə ailəli olanlar, sonra isə subaylar mənzillə təmin olunur. Qeyd edim ki, həmin binadakı 68 mənzilin sərəncamı əlimdədir.

Onlardan dəqiq bildiyim 6 mənzil uşaq evinin məzunlarına deyil, digər şəxslərə verilib. Belə ki, 23, 24, 27, 33, 54 və 60 saylı mənzillər uşaq evlərinin məzunlarına yox, başqalarına verilib. Onu da əlavə edim ki, binadakı mənzillər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 noyabr 2015-ci il tarixli, SOCAR/15-1000/29-05-000021 saylı məktubu və ona əlavə edilmiş siyahıya əsasən Nizami Rayon İcra Hakimiyyətinin 28 aprel 2016-cı il tarixli, 50 nömrəli sərəncamla verilib. Həmin mənzillərdən biri mənə verilməli idi, lakin indiyədək mənzillə təmin olunmamışam. Sonradan öyrəndim ki, mənə verilməli olan 23 saylı mənzil qanunsuz şəkildə uşaq evinin məzunu olmayan Sarafrazi Emin Eldar oğluna verilib. Əgər həqiqətən də həmin mənzil Sarafrazi Eminə məxsusdursa, o zaman qaz, işıq və su onun adına olmalıdır. Ancaq qeyd etdiyim kommunal xidmətlərin heç biri onun adına deyil. Bununla bağlı dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə, SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlova, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına ərizə ilə müraciət etmiş və onlardan məni mənzillə təmin etmələrini xahiş etmişəm. Bildirim ki, bu müraciətlərimin hamısı sonda Nizami Rayon İcra Hakimiyyətinə göndərilib. Ancaq icra hakimiyyəti müraciətlərimə müsbət cavab verməyib”.

“Xidmət göstərdiyim Hacı Zeynalabdin Tağıyev ķüçəsindən üzü yuxarı Milli Məclisə qədər olan ərazidə bir çox qanunsuz qaz xəttinə qaz sayğacı olmadan qoşulmaları aşkar etmişdim”

Bu dəfə isə Zair Mirzəyev redaksiyamıza müraciətində “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin qanunsuz əməllərinə göz yummadığı üçün işdən azad edildiyini vurğulamaqla yanaşı, bildirib ki, aşkarladığı qanunsuz qoşulmalarla bağlı Səbail Rayon Qaz Satış İdarəsinin rəisi Rəşad İmran oğlu Həsənova rəsmi qaydada məlumat versə də o, heç bir müvafiq tədbir görməyib: “Mən kimsəsiz olmuşam, atam, anam, bacım, qardaşım, bir sözlə, doğmam olmayıb. Həmin vaxt Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məni və mənim kimilərini öz himayəsinə götürüb. Qeyd etdiyim kimi, mən Bakı şəhəri, Xətai rayonu 3 saylı Uşaq Evinin məzunuyam. Mehriban xanım Əliyeva bizə baxıb, yedizdirib, içizdirib, geyindirib, yumşaq və isti yataqlarla temin edib.

Bütün qayğılarımızı çox yaxından nəzarətdə saxlayıb. Onu da bildirim ki, mən “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar Departamentinin Mərkəz Texniki İstismar Xidmətinin Səbail Rayon üzrə nəzarətçisi vəzifəsində çalışarkən xidmət göstərdiyim Hacı Zeynalabdin Tağıyev ķüçəsindən üzü yuxarı Milli Məclisə qədər olan ərazidə bir çox qanunsuz qaz xəttinə qaz sayğacı olmadan qoşulmaları aşkar etmişdim. Bu barədə Səbail Rayon Qaz Satış İdarəsinin rəisi Rəşad İmran oğlu Həsənova rəsmi qaydada məlumat verdikdə onun cavabı belə olub ki, parniklər 100 minlərlə qaz oğurlayıb hansına cinayət işi açılıb. Bununla yanaşı, o, mənimlə telefon danışığında bildirmişdir ki, Nazirlər Kabinetinin 80 saylı qərarı ilə oğurluq qaz cinayət deyil”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinə, baş nazir Əli Əsədova ərizə ilə müraciət etdiyini deyən şikayətçinin sözlərinə görə, həmin ərizə baxılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanlanıb: “SOCAR isə öz növbəsində, ərizəsinin üstünü yazıb “Azəriqaz” İstehsalat Birliyinə göndərib. “Azəriqaz”dan isə ərizəm Bakı Regional Qaz İstismarı Departamentinin baş mühəndisi Səhhət Seyfullayevə çatıb. O isə Səbail Rayon Qaz Satış İdarəsinin rəisi Rəşad Həsənovun qanunsuz əməllərini ört-basdır etməklə bu günə qədər mənə cavab verməyib. “Azəriqaz”dan mənə deyirlər ki, bu söhbəti unut getsin. Beləliklə də onlar mənim qaz oğurluğuna, aşkarladığım qanunsuz qoşulmalara göz yummağımı istəyirlər. Lakin mən saxtakarlığa, talana göz yuma bilmərəm”.

Sonda işə bərpa olunmasıyla bağlı Bakı Apellyasiya Məhməsinə müraciət etdiyini və işin hakim Fuad Talışinskinin icraatında olduğunu qeyd edən Zair Mirzəyev qəzetimiz vasitəsiylə birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müraciət edərək, uşaq evinin məzunu kimi mənzillə təmin olunmasında, həmçinin işə bərpa olunmasında ona yardımçı olmasını xahiş etdi.

Valeh TÜRKSOY

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.