Azərbaycanlı məcburi köçkünlər azad olunan ərazilərə nə vaxt qayıdacaq? – Rusiya XİN

471
Rusiya Xarici işlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanlı məcburi köçkünlərin işğaldan azad olunan Dağlıq Qarabağ və ətraf rayonlara qayıtması prosesini şərh edib.
M. Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, hazırda ötən ilin payızında baş verən məlum hadisələr səbəbindən yaşayış yerlərini tərk edən ermənilərin Dağlıq Qarabağa qayıtması prosesi intensiv gedir.
“Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 7-ci bəndi öz əvvəlki yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan hər kəsə şamil olunur”, – deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.
Mariya Zaxarova bildirib ki, regiondakı Rusiya sülhməramlılarının xətti ilə də hərbi əsirlərin qaytarılması istiqamətində iş aparılır.
“Hərbi əsirlərin qaytarılması ilə bağlı həm Azərbaycan, həm də Ermənistandan olan həmkarlarımızla iş aparılır. Bir müddət öncə Rusiya sülhməramlı qüvvələrinin komandanının vasitəçiliyi ilə hərbi əsirlərin mübadiləsi baş tutub. Bir azərbaycanlı və beş erməni əsir evlərinə qaytarılıb. Ümumilikdə hesab edirik ki, bu problemin optimal həll variantı “hamının hamıya” prinsipidir. Bu, bizim mövqeyimizdir və bu barədə Rusiya Prezidenti və xarici işlər naziri də bəyan edib”.//APA