Azərbaycanın Türkiyədəki “danışan dili”

267

Və yaxud Türkiyə Prezident Administrasiyasının əməkdaşı, professor Aygün Attarın diasporumuzun inkişafına verdiyi töhfə

Xəbər verildiyi kimi, bu günlərdə Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar xanım Türkiyə Prezidenti R.T.Ərdoğanının qərarı ilə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edildi.

Davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olan professor Aygün Attar 2019-cu ildə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, təşkilatçılığı ilə yenidən təsis edilən və nəzdindəki Azərbaycan Evinə maddi və təşkilati dəstək göstərilən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəridir.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu 1997-ci ildə professor İhsan Doğramacı və Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qurulub. Fond iki ölkə arasında vətəndaş həmrəyliyini və ictimai təşəbbüsləri dəstəkləyir.

Aygün xanım Attar 1962-ci ildə Qubadlıda anadan olub, Bakı Dövlət Universitetində ali təhsil alıb, 1993-cü ildə Rusiya Elmlər Akademisyasında tarix elmləri doktoru adını qazanıb. Rus, türk, ingilis və fars dillərini bilir.

Aygün Attar 2007-ci ildə işə başladığı Giresun Universitetində dekan, rektor köməkçisi vəzifələrini icra edib.

2012-ci il 28 mart tarixində Türkiyənin o dövrdəki Prezidenti Abdullah Gül tərəfindən Giresun Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Proffesor Aygün Attar Giresun Universitetinin rektoru vəzifəsini icra etməyə başladıqdan sonra, onun səyi nəticəsində bu ali təhsil ocağı inkişaf edib və Oksford universitetinin liderlər zirvəsi Giresun universitetini “ən yaxşı regional universitet” seçib. Bu fəaliyyətinə görə 2014-cü ildə Aygün xanım Oksford universitetinin “Oxford Socrates” mükafatına layiq görülüb.

O, universitetdə rektor olduğu dövrdə azərbaycanlı tələbələrin problemləri ilə yaxından maraqlanıb, onlara dəstəyini əsirgəməyib.

Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr edilmiş bir çox məqalənin, İran barədə araşdırmanın (Aygün Attar (Haşimzade). İran’ın etnik yapısı: yakındönem ve günümüzde. Ankara: Divan Yayıncılık, 2006) müəllifidir. Qafqaz, Türkiyənin geosiyasəti, Yaxın Şərq və s. sahələrdə mütəxəssisdir.

Professorun beynəlxalq elmi jurnallarda da bir çox məqaləsi, 8 ədəd kitabı dərc edilib. “A problem of modernity ARMENIANISM” kitabı 2019-cu ildə Avropada nəşr edilib.

İki kitabı Azərbaycan Təhsil Nazirliyi tərəfindən ali məktəb vəsaiti kimi qəbul edilib. 2016-cı ildə nəşr etdirdiyi “İranın etnik quruluşu “ adlı kitabı “Newsweek Türkiyə Junalı”nın 2009-cu il 1 noyabr tarixli sayında müasir dövrü başa düşmək üçün oxunmalı olan 112 kitabın siyahısına salınıb.

Türkiyənin Hərbi Tarix Komissiyasının, Avsriya Türk Elmi İdarəsinin və Ümumdünya Türk Konqresinin üzvüdür.

Aygün xanım ailəlidir, üç övlad anasıdır.

Birinci Qarabağ müharibəsində Qubadlı batalyonunun keçmiş komandiri Adil Haşımov və “Boz Qurd” batalyonunun xüsusi təyinatlı döyüşçüsü olmuş Aqil Haşımov Aygün xanımın qardaşlarıdırlar.

Aygün xanımın ürəyində bu illər ərzində bir nisgil olub: 1981-ci ildə vəfat etmiş atası Teyyub Haşımovun Qubadlıda qalmış məzarını ziyarət etmək istəyib.

Daim Türkiyə ictimaiyyətində və mətbuatında Azərbaycanın haqq səsi olan və Azərbaycan həqiqətlərini qardaş ölkənin vətəndaşlarına çatdıran, Azərbaycanla Türkiyənin ortaq tarixi və strateji maraqlarını müdafiə edən Aygün xanımın elmi və ictimai fəaliyyəti erməni faşizminə, qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizə içərisində keçib.

2009-cu il 14 aprel tarixində, Türkiyənin “Milliyet” qəzetinin elektron versiyasında dərc edilən, müəllifi Erol Özışık olan, “Aygün Attarı tanıyırsınızmı?” adlı məqalədə Aygün xanımın həmin il 12 aprel tarixində Kanal B televiziyasındakı “Çıxış yolu” proqramındakı çıxışında ermənilərin qondarma “soyqırımı” iddialarına qarşı irəli sürdüyü faktlardan danışılır: “Osmanlı dövründə 29 nəfər erməni əsilli paşa var idi. Ermənilər illərlə eyni süfrədə oturduqları müsəlman türk xalqına zülm və xəyanət etdilər, hətta onları yandırdılar. Türklər vətəni satan erməniləri yox etmək yerinə, köçürdülər. Lakin göstərdiyimiz bu böyüklük bizi çətinə salıb”.

Məqalədə deyilir:  “I Dünya Müharibəsi zamanı ermənilərin Türkiyəni arxadan vurduğunu, əsl soyqırımını onların həyata keçirdiyini bildirən  Aygün Attar Türkiyədə “Hamımız erməniyik” deyənlərin də cavabını verib: “Onlarca türk öldürüldü, Ermənistanda heç kim bağırmadı. Çünki mümkün deyil. Amma mənim ölkəmdə “hamımız erməniyik” deyə bağırırlar”.

Lələtəpə uğrunda uğurlu hərbi əməliyyatların aparıldığı 2016-cı ilin aprel ayında Aygün xanım bu uğuru gözü götürməyən Azərbaycan əleyhdarını, Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşı məhkəməyə vermişdi.

Buna səbəb Səlahəddin Dəmirtaşın Azərbaycan və Türkiyə əleyhinə davranışı olmuşdu.

Əslən Azərbaycanın Qarabağ bölgəsindən olan professor Aygün Attar Azərbaycan və Türkiyənin milli məsələlərinə həmişə xüsusi həssaslıqla yanaşıb. Səlahəddin Dəmirtaş isə həmin ilin aprel ayının 5-də partiyasının parlamentdəki fraksiyasının iclasında Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyatlarla bağlı tənqidi fikirlər səsləndirmiş, hətta Azərbaycanın ərazi bütövlüyünə zidd ifadələr işlətmişdi.

Professor Aygün xanım Attar Dəmirtaşın Azərbaycan dövlətçiliyi əleyhində olan fəaliyyətini həm də Türkiyə-Azərbaycan münasibətlərinə qəsd təşəbbüsü  kimi qiymətləndirmişdi. O, Səlahəddin Dəmirtaşın Türkiyə dövlətinin milli təhlükəsizlik maraqlarına zidd olan daxili və xarici fəaliyyətlərini konkret faktlarla əsaslandırmış və millət vəkili adını doğrultmayan şəxsin qanunauyğun şəkildə cəzalandırılmasını tələb etmişdi.

Çox keçmədi ki, Dəmirtaşın həqiqətən də cani olduğu ifşa edildi və o, PKK terror təşkilatı ilə əlbir olmaqda ittiham edilərək həbs edildi.

2019-cu ilin aprelində Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən “24 apreldən sonra erməni iddiaları” mövzusunda konfrans təşkil edilmişdi. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attarın moderatorluğu ilə baş tutan konfransda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri və üzvləri, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, Türkiyənin millət vəkilləri, tarixçilər və ziyalılar iştirak etmişdilər. Həmin konfransda professor Aygün Attar 1915-ci ildə Osmanlı dövlətinə daxildən və xaricdən təzyiqlərin göstərildiyini, belə bir zamanda dövlətin birliyinin qorunması naminə köçün meydana gəlməsinin zəruri hal olduğunu qeyd etmişdi. Osmanlının bu seçiminin dövlətə qarşı çevrilən güclərin zərərsizləşdirilməsi olduğunu bildirən Aygün Attar bu köç nəticəsində yalnız ermənilərin deyil, 2 milyon 500 mindən çox müsəlmanın, o cümlədən türkün də həyatını itirdiyini xatırlatmışdı.

Azərbaycanlı alim və ictimai xadim Aygün xanımın geosiyasi, tarixi biliklərini, ictimai-siyasi fəallığını, savadını nəzərə alaraq deyə bilərik ki, onun yeni vəzifədəki  fəaliyyəti “Bir millət – iki dövlət” prinsipinə xidmət edəcək, həm Türkiyə, həm də Azərbaycan üçün faydalı olacaqdır.

Zeynəb Rüstəmli