Azərbaycanın başının üstünü alan qorxunc təhlükə…

177

Mürtəcelər, sevinin, ruslar Qarabağda məskən salırlar!

…Əgər Dubaydan pullu haramzadalar gəlməsə, biz acından öləcəyik? Əcnəbi lotuları ölkəyə dəvət edib, sonra məsələ böyüyəndə “bu mənlik deyil” deyib yaxasını kənara çəkən simasız məmura deyən tapılmır ki, ay nacins, niyə müharibənin yaralarını sağaltmamış Vətənin nüfuzunu döşəmə əskisinə döndərirsən?

Məni dara da çəksələr, sözümü deyəcəyəm, bu medal mükafatdan daha çox, orta əsrlərdə Vatikanın imanlı katoliklərə verdiyi induliqensiyaya oxşayır. Belə rəsmi sənədi alan şəxsə nəinki əvvəl törətdiyi günahlar, hətta sonra da buraxa biləcəyi səhvlər üçün bəraət verilirdi. İndi gəl beləsi ilə dava-şavaya çıx, görüm necə çıxacaqsan. İxtilatı burada saxlayıb başqa mətləbə keçirəm.

Dövlətimizin başının üstünü almış indiki təhlükə daha qorxuncdur

İlham Əliyevin rəhbərliyi altında ordumuzun qələbəsi, nəinki Rusiyanın, səlib dünyasının, hətta “müsəlman” İranın da ovqatını təlx edib. Arazdan şimalda müstəqil Azərbaycanın nailiyyətləri göz qabağındadır. İran irticası da ondan qorxur ki, günlərin bir günü cənubdakı milyonlar xabi-qəflətdən ayılıb, üç rəngli bayrağın altında Şah İsmayıl imperiyasının bərpası üçün mübarizəyə başlasın.

…Rusiyanın məramı göz önündədir. Bizi sındırmaq üçün daha elə iblis oyunu qalmayıb ki, çıxarmasın. Gah şimala kənd təsərrüfatı məhsullarını daşıyan maşın karvanlarının qarşısını alır, gah da ermənilərə satdığı telekanallarda üstümüzə çirkab yağdırır. Ölkə daxilindəki nökərlərindən daha danışmıram. Bilirəm ki, xeyri yoxdur. Deyirsən, yazırsan, bir titullu “ziyalı” da səsini çıxarmır.

Ölkədə nə qədər desəniz “professor”, “filosof”, “ekspert” var. Ermənini söymək indi dəb halını alıb… Onu görürsən ki, studiyada ağalar özlərini dartıb oturublar. Filan vaxtda filan rayonda ermənilər abidələri dağıtdılar, sökdülər, vandallıq törətdilər – bütün söz-söhbət bu mövzu üzərində qurulur. Bu vandallıq sözü də neçə il olar ki, yeri gəldi-gəlmədi işlədilir. Bəzilərindən soruşsan ki, bu nəmənədir, cavab verə bilməyəcək. Telekanallarda odlu-alovlu danışanların çoxu sovet hakimiyyəti illərində nələr olduğunu əla bilirlər. “Elmi bərpa” pərdəsi altında erməni ustalar o abidə qalmadı ki, onu tanınmaz günə salmasınlar. Gözümün qarşısında İçəri şəhəri 25 il ərzində az qala 4-5 dəfə qazıb tökdülər. 14 metrlik arxeoloji mədəni təbəqə qəsdən məhv edildi! Mirzə İbrahimov, İlyas Əfəndiyev, Rəsul Rza , Bayram Bayramov, İmran Qasımov başda olmaqla müstəmləkə mədəniyyətinin “korifeyləri”, onlara zuy tutanlar susdular. Çörək, pul, dərman dərdi çəkməyən Elçin ağa bəlkə sözlərimi inkar etsin? Telekanal qəhrəmanlarına üzümü tuturam, ağalar, nə siz, nə də çox vaxt tərifləyib ağac başına çıxartdığınız “korifeylər” heş bir vaxt Azərbaycanın maddi mədəniyyət, ələlxüsus memarlıq abidələrinin qorunması üçün iki qara qəpiklik iş görməmisiniz. Onlarla məscid kolxoz anbarına döndəriləndə, neçə-neçə nekropol, arxeoloji abidə kotanlar altında məhv ediləndə, xalqın uzun illər boyu “Pir” deyərək qoruduğu meşələr azğın raykom katiblərinin əmri ilə kəsiləndə hansı “korifey” səsini çıxartdı? Heç biri! Bu ittihamı sizə yarım əsrdən çox bu mövzu üzərinə zəhmət çəkən, onlarla məqalə çap etdirən adam verir. Bunları onun üçün deyirəm ki, erməni faşistinin hərçibətərini söyəndə, güzgüdə özümüzə də baxsaq yaxşıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi-zəhməti olmasaydı, bəlkə də neçə-neçə ölüm-zülümlə salamat qalmış abidəmiz məhv olub gedəcəkdi. Dəfələrlə yazmışam, Azərbaycan dünya xəritəsində zərrəbinlə güclə görünən ölkədir. Bu dəqiqə onun az qala yarısı xarabazara dönüb, adam televizora baxa bilmir. Ötən əsrin 50-ci illərində ölkənin ancaq on bir faiz ərazisində meşələrin olması barədə bilirik. Erməni bir yandan, biz də bir yandan  meşələrin axırına çıxmışıq. Bərpaya da ümid yoxdur. Yolların qırağında beş-on çubuğun basdırılması ilə heç nə alınmayacaq.

Sözümün canı bu deyil, ölkə min dərd-sərlə üzləşdiyi bir vaxtda qudurğan ərəbləri dəvət edib, onlara, nə qədər kefiniz istəyir heyvan, quş qırın, təki əliniz cibinizdə olsun, demək binamusluqdur. Hiddətini bildirənlərə də bəzi nakəslər belə cavab verirlər, ərəblər buraya gələndə yaxşı pul qoyurlar, gəlirimiz artır, turizmi inkişaf etdirmək bizə sərfəlidir. Pandemiyadan əvvəl Bakının pullu ərəblər üçün “pritona” dönməsi bizim şərəfsiz məmurların razılığı ilə baş verdi. Bütün tarixi boyu Bakı belə murdarlanmamışdı. İndi də nadir heyvanat aləminin ixtiyarını vəhhabi lotulara veririk. Bir bəni-adəm fikirləşmir ki, belə əbləhlik sadə insanlarda iqtidara qarşı dərin nifrət hissləri oyadır. Əgər Dubaydan pullu haramzadalar gəlməsə, biz acından öləcəyik? Əcnəbi lotuları ölkəyə dəvət edib, sonra məsələ böyüyəndə “bu mənlik deyil” deyib yaxasını kənara çəkən simasız məmura deyən tapılmır ki, ay nacins, niyə müharibənin yaralarını sağaltmamış Vətənin nüfuzunu döşəmə əskisinə döndərirsən?

Nə ibrət alırıq, nə də naqisliyimizi etiraf edirik

Türk-islam dünyasına, ələlxsüsus Azərbaycana biganə, deyə bilərəm ki, lap düşmən münasibətini heç vaxt gizlətməyən jurnalist Vladimir Pozner Gürcüstana gəlir. Hiddətlənən camaat onun qaldığı oteli mühasirəyə alır, lənət, söyüş yağdıran kim, yumurta atan kim, müxtəsər, aləm bir-birinə dəyir. Səbəb də Poznerin Gürcüstanın ərazi bütövlüyünü şübhə altına alması olub. Mühafizəçilər onu güc-bəla ilə qəzəbli kütlədən qoruyub aradan çıxarırlar. Bir az artıq-əskik etdiyi üçün onu 600 dollar da cərimə edirlər. İstər səhnələrdə, estradada, efirdə, istərsə də müxtəlif səviyyəli yığıncaqlarda bizi az təhqir ediblər? Biz nə vaxt gürcülər kimi  belə canfəşanlıq göstərmişik? İmkanım olduğu üçün uzun illər Moskvada dərc edilən neçə-neçə siyasi-elmi, bədii məcmuəni abunə ilə almışam. 60 il ərzində otuza yaxın bu qədər ədəbiyyatda bizim xeyrimizə bir sətirə rast gəlmədim. Bizim alimnümalar isə əldən-ayaqdan gedirdilər. Kütlük o dərəcəyə çatmışdı ki, Qafqaza ekzotika yeri kimi baxmış rus zabitlərinin, şairlərinin ağızlarından çıxan adi cümləni də bayrağa döndərib tərifi tərif üstünə yağdırırdıq. Bizim  yaltaqların fikrincə, əgər, M.F. Axundov Tiflisdə üç-dörd macəraçı rusla görüşməsəydi, bədbaxt müsəlman hələ də meşələrdə yaşayacaqdı. H.Əliyev adına sarayın səhnəsi nələrin şahidi olmayıb? Gəlmə estrada lotuları orada bizləri az dolayıblar? Xaltura çıxışları ilə ad qazanmış qrupun ağızlarına gələni demələri, sonra da tərli, it iyi verən şalvarlarını çıxarıb camaatın üstünə atmaları yadınızdan çıxmayıb ki? Salonda vəcdə gələrək it kimi zingildəyən, göbəklərini əsdirənlər kasıb-kusubun qız-gəlini deyildi. Bahalı konsertlərdə kasıb-kusubun nə ölümü vardı?

(Ardı var)

Firzu HAŞIMOV