Azərbaycanın AVAR İCMASI

273
MUSULMANS EN FRANCE, Fransa
09.02.2021
Müəllif: Aytən Muradova
Azərbaycan haqqında niyə danışmaq lazımdır? Fransanın “qapazaltı” mətbuatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində Ermənistanı təşviq edirdi. Amma reallığı bilmək lazımdır.Dünyəvi, çoxmədəniyyətli, çoxkonfessiyalı Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Bu və sonrakı məqalələrimizdə Azərbaycanda yaşayan müxtəlif icmalardan bəhs edəcəyik. Bu dəfə Azərbaycandakı avar icmasına nəzər salacağıq. Müsahibimiz Azərbaycan-Avar İctimai Birliyi İdarə Heyətinin sədri Məhəmməd Nooyevdir.

Dağıstan Respublikasında ən böyük etnik qrup olan avarlar Azərbaycanda bu kateqoriya üzrə 6-cı yerdədir. Onlar, həmçinin Çeçenistan, Kalmıkiya və Rusiya Federasiyasının digər bölgələrində məskunlaşıblar. Avarlara Türkiyə və Ukraynada da rast gəlmək mümkündür. Azərbaycanda onlar əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar.
Bir məqamı təkrar-təkrar vurğulamaq istərdik: milli və dini tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir.

Bu ölkədə etnik mənşəyindən, mədəni xüsusiyyətlərindən asılı olmayaraq, hər kəs eyni hüquqlara malikdir. Azərbaycanın hər bir vətəndaşının hüquqları dövlət tərəfindən qorunur. Beləliklə, avarlar da etnik azlıqlar üçün sabitliyi, əmin-amanlığı təmin edən Azərbaycan ailəsinə mənsubdurlar.
Azırbaycanda bir çox ölkələr üçün nümunə sayıla biləcək tolerantlıq ruhu özünü xüsusən təhsil sahəsində göstərir. Bu ölkədə müxtəlif azlıqların dillərinə hörmət olunur, onlar tədris edilir. Balakən və Zaqatalada avarların yaşadığı kəndlərdəki orta məktəblərdə həftədə iki dəfə avar dili tədris olunur. Bu, yeniyetmə avarların öz ana dilini öyrənməsinə, bu dildə yazıb-oxumasına imkan verir.

Əlbəttə, ölkədə əsas ünsiyyət dili Azərbaycan dilidir. O, bütün vətəndaşlar arasında ünsiyyət və dostluğa imkan verən rəsmi dildir. Məsələn, fransız və ingilis dilləri sayəsində bütün Avropada ünsiyyət qurmaq necə rahatdırsa, Qafqazda da Azərbaycan dili sayəsində asanlıqla ünsiyyətə girmək mümkündür.

Bununla yanaşı, bu ölkədə hər bir millətin öz ana dilini qorumasına qanunla icazə verilir və bu, Azərbaycanda heç bir problem yaratmır. Burada yaşayan avarlar da öz musiqilərini, rəqslərini, folklor nümunələrini qoruduqlarını kimi, dogma dillərini də qoruyub saxlayırlar. Azərbaycan dövləti onları daim dəstəkləyir və bu istiqamətdə köməyini əsirgəmir.

Azərbaycanda mədəni sahədə də avar kimliyinin nümayişi üçün bütün tədbirlər görülür. Məsələn, Zaqatalada “Hudulki” folklor qrupu və ya Balakəndə “Cahan” rəqs qrupu milli səviyyədə nüfuza malikdir.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində avarların yaşadıqları zonalarda da genişmiqyaslı tikinti-abadlıq işləri aparılıb. Yeni məktəblər, müasir uşaq bağçaları, sağlamlıq müəssisələri inşa edilib, mədəniyyət mərkəzləri və kitabxanalar bərpa olunub, yeni müəssisələr və iş yerləri açılıb. Avarların yaşadıqları kəndlər də qazlaşdırılıb, yol infrastrukturu yenidən qurulub.
Avar gənclər Azərbaycanın ictimai həyatının bütün sahələrində potensiallarını ortaya qoya, özlərini sübut edə bilərlər. Onlar Azərbaycanla yanaşı, xaricdə də təhsil alır, dövlət və özəl sektorda çalışırlar.

Bu gün Azərbaycanda gənc avarlar idman və təhsil sahələrində yüksək göstəriciləri ilə fərqlənirlər. Məsələn, Murad Bazarov, Oloxan Musayev, Rəsul Çunayev, Gözəl Zutova və digərləri idman yarışlarında dünya reytinqinin ən yüksək pillələrini tutublar. Bu gənclər Azərbaycanı bütün dünyada uğurla təmsil edib, Azərbaycanın üçrəngli bayrağını qürur və fəxarətlə ucaldıblar.

Gənc avarlar ölkəmizin ərazi bütövlüyü uğrunda da mübarizə aparıblar. Onlardan bir çoxu Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub, Balakən və Zaqataladakı Şəhidlər xiyabanlarında dəfn ediliblər. Azərbaycan vətəndaşları olaraq biz, hər bir döyüşçünün, o cümlədən öz həyatını Vətən uğrunda qurban vermis avarların xatirəsini əziz tuturuq.

Azərbaycan hər bir vətəndaşının, o cümlədən avarların hüquqlarını qoruyur, uğurlarını təbliğ edir və problemlərinin həllinə yardım göstərir. Bütün dünya bilməlidir ki, biz Azərbaycan vətəndaşı olmağımızla fəxr edirik.

(Fransız dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: MUSULMANS EN FRANCE