Azərbaycanda xaos yaratmaq cəhdləri…

1146

Hansı qüvvələr ölkəni daxildən laxlatmaq istəyir?

Natiq Cəfərli: “Sanki AMEA-nın tərkibində paralel strukturların yaranması, siyasətin dizayn edilməsi cəhdləri davam edilir”

Zaur Məmmədov: “Keçmişdə hakimiyyətdə yüksək post tutan vəzifəli şəxslər müharibədən sonra hərəkətliliklərini daha da artırıblar”

“Prezident və vitse-prezidentin Şuşa, Füzuli, Zəngilan, Qubadlı və Laçın səfərləri çox riskli səfərlərdir. Dünya praktikasında dövlətin bir-birlərini əvəz edə biləcək iki şəxsinin bir təyyarədə uçması, istənilən region və ölkəyə birlikdə səfər etməsi qadağandır. Sadaladığım rayonlar riskli rayonlardır. Minalardan təmizlənməyib, terrorçu qrupların olmaması təsdiqini tapmayıb. Onları başa düşmək olar. Bu riskin arxasında insanların bu zonalara köçməyi həvəsləndirmək dayanır. Hər halda ehtiyyatlı olmaq lazımdır”. “Hürriyyət” xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev özünün “facebook” səhifəsində qeyd edib.

“Kifayət qədər pulları olan keçmiş korrupsionerlər həbs olmaqlarından qorxur və ölkəni daxildən laxlatmaq istəyirlər”

Rəsul Quliyev onu da əlavə edib ki, ölkənin daxilində xaos yaratmaq istəyən qüvvələr baş qaldırmağa hazır vəziyyətdə dayanıb gözləyirlər: “Kifayət qədər pulları olan keçmiş korrupsionerlər həbs olmaqlarından qorxur və ölkəni daxildən laxlatmaq istəyirlər. Çox ehtimal özlərinə lider də seçiblər. Səbatsız müxalif ünsürlər də bu komandanın ətrafında birləşməyə hazırdılar. Mən bilirəm, bu adamlar kimlərdir. Ancaq ad çəkmək istəmirəm. Çünki ad çəksəm “pançir”lərində gizlənəcəklər, tapmaq çətin olacaq. DTX-nin (Dövlət Təhlükəsizlik Xidməti nəzərdə tutulur-red.) həm daxili, həm də xarici qurumları bu insanların kimlər olduğunu yaxşı bilirlər”. Eks-spikerin sözlərinə görə, hakimiyyəti gərginlik içində saxlamaq üçün bu insanların xarici ölkələrdən çox ciddi dəstəkləyənləri də var: “Kiçik bir səhv, kiçik bir xaos ölkəni çox ağır vəziyyətə sala bilər. Hakimiyyət bu insanlardan qətiyyətlə ölkənin yaxasını qurtarmalıdır. Bu insanların sayı maksimum 5 minə (başçıları 100 yaxın) yaxındır. Hakimiyyətin qətiyyətli addımları onu dəstəkləyənlərin sayını azı 8 milyona çatdıracaq. Bu işi görmək lazımdır”.

Nəzərinizə çatdıraq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da bugünlərdə modern.az-a açıqlamasında buna bənzər fikirlər səsləndirib.

Belə ki, “Mən sabiqlər barədə heç nə demək istəmirəm. Hamısı vəzifədə olanda rəhbərlik etdikləri qurumlarla bağlı kifayət qədər lazımi tənqidlərimi etmişəm. Olduqları vəzifədə dövlətin, prezidentin əleyhinə işləyənləri heç vaxt qəbul etməmişəm, etməyəcəm də. Bu məsələlərə indi yox, 10 ildir toxunuram, konkret faktlar göstərirəm. Mən kiminsə barəsində vəzifədən çıxandan sonra danışmıram, vaxtında danışmaq lazım idi” deyən millət vəkili hesab edir ki, ölkədə təmizləmə prosesi getməlidir. Onun fikrincə, Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda “5-ci kolon” dirçəldi, sanki onlara ikinci dəfə nəfəs verildi: “Öz “böyüklərilə” məsləhətləşmələr apararaq, Azərbaycanda müəyyən oyunlar qurmağa başladılar. Kifayət qədər pulu, gücü olanlar dövlət çevirilişi etmək niyyətinə düşdülər. Amma xalq, əhali prezidentin arxasındadır. 44 günlük müharibə bir daha Ali Baş Komandanın əzmini sübut etdi. Ona görə də kimsə hansısa niyyətə düşsə, dərhal cavabını alaraq, yerində oturdulacaq”.

Hazırda vəzifə başında olanlar arasında həddindən çox harınlamış məmur-oliqarxların olduğunu vurğulayan Vahid Əhmədov bildirib ki, onlar dövlət üçün həmişə təhlükədir: “Son illər çox sayda kadr dəyişikliyi aparılıb, vəzifəyə gənc, Avropa təhsilli kadrlar gətirilib. Yenilər müəyyən səhvlər buraxacaqlar, amma onlar Azərbaycan dövlətinə xəyanət etməyəcəklər, Azərbaycanın müstəqilliyinin əleyhinə addım atmayacaqlar, heç vaxt ciddi korrupsiya faktlarına görə istintaq edilməyəcəklər. Mən o gənclərin əksəriyyətini tanıyıram, əlaqələrim də var, məsləhətləşmələrimiz də olur. Amma 20-25 il vəzifədə olan kadrlar harınlaşmış kadrlardır. Kifayət qədər vəsait toplamış, vəsaitləri xaricə çıxarmış oliqarxlardır. Onlar nəninki bizim, heç ölkə rəhbərinin də sözünü eşitmirlər. Ona görə də onlar dövlət üçün həmişə təhlükədir”.

“Məmurlara qarşı hansısa bir addımların atılması qanunun tələbləri səviyyəsində, siyasi çözümlə paralel olaraq aparılmasa, o zaman onların özünü qoruma instikti işə düşə bilər”

Beləliklə, həm eks-spiker Rəsul Quliyevin, həm də millət vəkili Vahid Əhmədovun sözlərindən aydın olur ki, müxtəlif əyri yollarla, əsasən də korrupsiya ilə əllərində kifayət qədər kapital toplamış, “5-ci kolon“un nümayəndəsi olan oliqarx məmurlar ölkə rəhbərliyinin siyasi kursuna xələl gətirmək, Azərbaycanın milli maraqlarını patronlarının mənfəətinə qurban vermək, özlərinin və havadarlarının məqsədlərini reallaşdırmaq üçün aktivləşməyə başlayıblar. Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bu qənaətdədir ki, Azərbaycanda keçmiş və yaxud indi hökumətdə təmsil olunan məmurlara qarşı hansısa bir addımların atılması qanunun tələbləri səviyyəsində, siyasi çözümlə paralel olaraq aparılmasa, o zaman onların özünü qoruma instikti işə düşə bilər:

“Belə olan halda onların bu günə qədər qeyri-qanuni yollarla qazandıqları varidatı qorumaq, həm də həbs təhlükəsini yaşamamaq üçün ölkə daxilindəki müxtəlif ictimai-siyasi proseslərə müdaxilə etmə imkanları yarana bilər. Əslində, bu, yeni məsələ deyil. Söhbət ondan gedir ki, indi keçmiş məmurların bir çoxu həbs olunur. Hətta prezidentin son çıxışında hazırda vəzifədə olan bir çox məmurlara qarşı ciddi iradlar və tənqidlər səsləndirildi. Həmin şəxslərin əllərində külli miqdarda vəsait var. Onların əllərində hələ də böyük inzibati resurslar, ətraflarında bu günə qədər, obrazlı desək, çörək verdikləri yüzlərlə, minlərlə insan var. Odur ki, bu cür məmurlar həmin insanlarla birlikdə müxtəlif provokasiyaların təşkil olunmasında iştirak edə bilərlər ki, hədəfdən yayınsınlar. Yəni, onlara yönəlmiş kampaniyadan kənarda qalsınlar. Ona görə də dəfələrlə təklif etmişik ki, ölkədə sağlamlaşdırmayla bağlı ciddi addımlara ehtiyac var. Bu, qanunvericilik çərçivəsində olmalıdır. Belə ki, yeni qaydalar, maliyyə amnistiyası tətbiq olunmalı, siyasi səhnənin sağlamlaşdırılması yönündə addımlar atılmalıdır. Maliyyə amnistiyasının qaydaları isə çox sərt və açıq olmalıdır. Ümumiyyətlə, heç bir məmura, o cümlədən xarici qüvvələrə bağlı olmayan yerli və milli partiyaların formalaşması, onların ideoloji müstəvidə mübarizə aparması üçün şərait yaranmalıdır. Düşünürəm ki, yeni siyasi platforma yaransa, gələcəkdə parlament bu məsələlərin həllində ciddi amortizasiya rolunu oynaya bilər. Yəni, narazılığın, yarana biləcək hansısa bir problemlərin parlament çərçivəsində həlli mümkün ola bilər ki, bu, da Azərbaycanda dövlətçiliyin möhkəmlənməsinə xidmət etmiş olar”. Politoloq hesab edir ki, bunun üçün proporsional seçki sisteminə keçid, normal, işlək yeni parlamentin formalaşdırılması olduqca vacibdir: “İnsanlar bəzən elə bilir ki, burada söhbət adlarını əzbər bildiyimiz 5-10 nəfərdən gedir. Əslində, elə deyil. Bu gün ölkədə qeyri-qanuni yollarla varlanmış yüzlərlə, minlərlə məmur var. Odur ki, onlarla bağlı qərar verilməlidir. Yəni, maliyyə amnistiyası elan olunur, onlara qısa bir müddət verilir və bundan sonra indiyədək əldə etdiklərini bəyan edirlər. Həmin vəsaitin, sərvətin böyük bir hissəsini yaradılacaq yeni fonda keçirirlər, yerdə qalan hissəsindən isə vergi verib, rəsmiləşdirib, siyasətə müdaxilə etmədən bizneslə məşğul olma icazəsi əldə edirlər. Qeyd edim ki, Baltikyanı və Şərqi Avropa ölkələrində də eyni yolla gediblər. Həmin dövlətlərdə sağlamlaşdırma tədbirlərindən sonra ölkənin normal reysə düşməsinin şahidi olduq”.

“Müstəqilliyin ilk illərində siyasi səhnədə yol almış və müxtəlif vasitələrlə sistemin içinə inteqrə olunmuş partiyaların bəzi məmurlarla ilişkiləri olub”

Rəsul Quliyevin ölkəni daxildən laxlatmaq istəyən keçmiş korrupsioner məmurların özlərinə lider seçmələri ilə bağlı fikirlərinə gəlincə, REAL-ın icra katibi konkret sübut olmadığından ad çəkmək istəmədiyini qeyd etməklə yanaşı, belə bir insanın və ya qrupun ortaya çıxmasının heç də təsadüfi olmayacağını da bildirdi: “Yəni, doğrudan da ola bilər ki, keçmiş məmurlar, hətta bu gün də vəzifədə olan şəxslər hiss etsələr ki, onların həbs təhlükəsi var, onda bu cür addım ata bilərlər. Təbii ki, onların vəsaiti qeyri-qanuni yolla əldə edilib. Lakin bu, o demək deyil ki, həmin vəsaiti əllərindən də qeyri-qanuni yolla almaq lazımdır. Odur ki, ölkəni bolşevizmə sürükləmək olmaz. Hesab edirəm ki, bu məsələni yeni qayda və qanunlar çərçivəsində həll etmək lazımdır. Ona görə də belə insanların ortalığa çıxması heç də təəccüblü olmaya bilər. Korrupsioner məmurların formalaşdıracağı ehtimal olunan komandanın ətrafında birləşməyə hazır olan müxalif qüvvələrə gəlincə, qeyd etməliyəm ki, müstəqilliyin ilk illərində siyasi səhnədə yol almış və müxtəlif vasitələrlə sistemin içinə inteqrə olunmuş partiyaların bəzi məmurlarla ilişkiləri olub. Biz bunu 2005-ci il parlament seçkilərindən öncə də görmüşük. Odur ki, ola bilər, yəni bir çox siyasi təşkilatlar da burda rol almağa çalışarlar. Bu səbəbdən də sağlamlaşdırma qanuni çərçivədə olmasa, ölkədə ciddi problemlər yaşana bilər. Onu da qeyd edim ki, bütün yeniliklər, təkliflər və dəyişikliklərin anonsu prezident tərəfindən verilir. Halbuki Yeni Azərbaycan Partiyası bunun siyasi platformasını hazırlamalı idi. Lakin bu günə qədər bunu görməmişik. Ona görə də tək müxalifət partiyalarından yox, elə hakim partiyanın içindən də bu prosesə dəstək verənlər çıxa bilər”.

“Rusiyaya bağlı insanların keçmişinə nəzər salsaq, görərik ki, onların daim Kremlə əlaqələri olub”

Həmişə Azərbaycanda “5-ci kolon”un müxalifətə aid etməyə çalışıldığını vurğulayan Natıq Cəfərlinin sözlərinə görə, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin ideoloji xəttindən də biri məhz bundan ibarət idi: “Amma gedişat da sübut etdi ki, Azərbaycanda “5-ci kolon” həmişə hakimiyyətin içində olub. Yəni, Rusiyaya bağlı insanların keçmişinə nəzər salsaq, görərik ki, onların daim Kremlə əlaqələri olub. Rusiyanın bu gün də bölgədə aktiv rol almaq istəyini, daha çox aqressiv hərəkətlərin davamı şəklində postsovet məkanına öz “arxa bağçası” kimi baxdığını nəzərə alsaq, təbii ki, gələcəkdə burda xarici dövlətlərin də müəyyən qədər rol alma istəklərini görə bilərik”. AMEA-da siyasi partiyalar və ictimai təşkilatlarla bağlı yeni şöbənin yaradılma səbəblərinə toxunan politoloqun fikrincə, bu, həm zamanlama, həm də şöbənin adı nöqteyi-nəzərdən olduqca maraqlıdır: “Azərbaycan az qala 30 ildir müstəqildir. Niyə bu günə qədər Milli Elmlər Akademiyası siyasi partiyaların tarixini öyrənən şöbə yaratmamışdı? Nədən buna ehtiyac durmurdu? İndi birdən-birə belə bir ehtiyacın yaranmasının səbəbi nədir? Ən azından, Milli Elmlər Akademiyasının prezidenti özü bunu izah etməliydi. Belə bir izah yoxdursa, ehtimallardan biri də budur ki, sanki AMEA-nın tərkibində paralel strukturların yaranması, siyasətin dizayn edilməsi cəhdləri davam edilir”.

“Hakimiyyətdən gedənlər, hansılar ki, uzun müddət dövlət aparatında xüsusi yer tuturdular, onlar başa düşməlidirlər ki, vəzifə müddətlidir, daimi ola bilməz”

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə “Hürriyyət”ə açıqlamasında bildirdi ki, ara-sıra “5-ci kolon”un fəaliyyətdə olması və Azərbaycan dövləti daxilində xaosun yaradılması istəkləri ilə bağlı müxtəlif şərhləri izləməkdəyik: “Son zamanlar gündəmdə olan məsələlərdən biri də ondan ibarətdir ki, keçmişdə hakimiyyətdə yüksək post tutan vəzifəli şəxslər müharibədən sonra hərəkətliliklərini daha da artırıblar. Hətta onlar hər vəclə öz məqsədlərinə çatmaq üçün bütün yollardan istifadə etməyə hazırdırlar. Təbii ki, bu, müxtəlif şəxslər tərəfindən edilən mülahizələr və şərhlər əsasında yayılan məlumatlardır. Doğrudan da 2018-ci ilin prezident seçkilərindən sonra Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcının şahidi olmaqdayıq. Belə ki, prezident İlham Əliyevin başçılığı altında Azərbaycan daxilində dövlət institutlarının və idarəçiliyinin müasir standartlara cavab verməsi üçün ciddi şəkildə islahatlar oldu. Eyni zamanda, çağdaş dünyaya cavab verən şəxslərin hakimiyyətə gətirilməsinin, onların səlahiyyətlərinin genişləndirilməsinin şahidi olduq. Əslində, hakimiyyətdən gedənlər, hansılar ki, uzun müddət dövlət aparatında xüsusi yer tuturdular, onlar başa düşməlidirlər ki, vəzifə müddətlidir, daimi ola bilməz. Buna görə də yaxşı olardı ki, vəzifədən getdikdən sonra siyasi ambisiyalarını geridə qoyaraq, sakit həyat yaşayardılar. Lakin görünən odur ki, onların şəxsi ambisiyaları, bəlkə də ayrı-ayrı xarici ölkələrə yaxınlıqları dövlət daxilində xoşagəlməz hərəkətlərə yol vermələrinə səbəb olur. Hər halda Azərbaycan dövlətini daxildən heç kim laxlada bilməz. Bu gün cəmiyyətimiz çox yaxşı və ayıq şəkildə bütün siyasi prosesləri izləməkdədir. Biz prezidentin yanında olaraq, onun bütün qərarlarını dəstəkləyirik və doğrudan da son illər dövlət idarəçiliyində ciddi şəkildə islahartları, yenilikləri görməkdəyik”.

“Müharibə və post-müharibə dövründə Azərbaycanın kifayət qədər iri addımlarla öz məqsədlərinə çatması bir daha onu sübut etdi ki, heç kəs bu dövlətin gələcəyinə, onun möhkəmliyinə xələl gətirə bilməz”

Bakı Politoloqlar Klubunun rəhbəri qeyd etdi ki, məhz sözügedən yeniliklər dövlət idarəçiliyinin funksionallığının artmasına şərait yaradıb: “Görünən odur ki, bütün bunlar bəzi şəxslərdə narahatlıq doğurmaqdadır. Bu cür önəmli qərarların məntiqi ondan ibarətdir ki, artıq qaranlıq məqamlara son veriləcək, şəffaflıq təmin olunacaq. Təbii, görünən odur ki, “5-ci kolon”un nümayəndələri yaşlarına baxmayaraq, öz maddi imkanlarının ixtisarı, eyni zamanda siyasi kreslolarının əldən getməsiylə heç cür razılaşmaq istəmirlər. Lakin artıq qatar gedib, zaman dəyişir. Odur ki, biz yeni dövlətçilik tarixində prezidentin başçılığı altında yeni dövlət idarəetməçiliyini görmüş olacağıq. Azərbaycanın istər daxildəki, istərsə də xaricdəki düşmənləri öz məqsədlərinə çata bilməyəcəklər. Yaxşı olardı ki, həmin şəxslər müharibə dövründə dövlətin və Vətənin yanında olduqlarını bariz nümunələrlə sübut edərdilər. Çox təəssüflər olsun ki, müharibə dövründə onların bir qisminin – avqust və sentyabr aylarında Azərbaycana daxili və xarici siyasətlə, o cümlədən dövlət idarəetməsiylə bağlı xəbərdarlıqlar etmək istəyənlərin ağızlarına su alıb susduqlarını gördük. Lakin müharibə və post-müharibə dövründə Azərbaycanın kifayət qədər iri addımlarla öz məqsədlərinə çatması bir daha onu sübut etdi ki, heç kəs bu dövlətin gələcəyinə, onun möhkəmliyinə xələl gətirə bilməz. Odur ki, hər kəs törətdiyi əməllərə görə mütləq şəkildə dövlət qarşısında cavab verəcək”.

Vazeh BƏHRAMOĞLU