AZƏRBAYCANDA “SİYASİ MƏHBUS” FIRILDAĞI… – Və yaxud “Sərhədsiz Reportyorlar”ın sərhədsiz qərəzi

291

Bir sıra beynəlxalq təşkilatların Azərbaycan dövlətinə qarşı ədalətsiz hesabatlarının və bəyanatlarının dəfələrlə şahidi olmuşuq. Bütün bunlar əksər hallarda ölkə daxilindən ötürülən yanlış məlumatlardan qaynaqlansa da, həmin təşkilatların özünün də burada marağının olduğu sirr deyil. Odur ki, bəzi hallarda açıqlanan informasiyalar həqiqətdən kənar olmaqla yanaşı, aşkar şəkildə qərəzli təsir bağışlayır. Fevralın 9-da “Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatının həbsdə olan sayt rəhbərinin həbsi ilə bağlı Azərbaycan hakimiyyətini qeyri-insani rəftara son qoymağa çağırması da bu qəbildəndir.

Əlbəttə, biz hakimiyyəti müdafiə etmək fikrindən uzağıq. O cümlədən, sözügedən sayt rəhbərinin də ədalətli mühakimə olunmasının və günahı yoxdursa, tezliklə azadlığa buraxılmasının tərəfdarıyıq. Amma, bütün bunlarla yanaşı, “Sərhədsiz Reportyorlar”ın məlum bəyanatının qeyri-dəqiq informasiyalar əsasında hazırlandığına da şübhə etmirik. Çünki, əgər bir şəxs dövlətə xəyanət ittihamı ilə həbs olunubsa və məhkəmə prosesində qismən və yaxud da tamamən etiraf etdiyi haqda informasiyalar varsa, həmin şəxsin “siyasi məhbus” adlandırılması yanlış olmaqla bərabər, dövlətimizi hədəfə alan bəyanatların verilməsi də, yumşaq desək, qərəzlidir.

Digər tərəfdən, bəyanatdan da göründüyü kimi, “Sərhədsiz Reportyorlar” istinad mənbəyi kimi həbsdə olan şəxsin həyat yoldaşını göstərir. Bəs, bu, nə dərəcədə etibarlı qaynaq ola bilər? Şübhəsiz, kimliyindən və törətdiyi cinayət əməlinin ağırlığından asılı olmayaraq, hər bir şəxs öz həyat yoldaşını müdafiə etməlidir. Bu, Azərbaycanda da, “Sərhədsiz Reportyorlar”ın baş ofisi yerləşən Fransada da, digər ölkələrdə və toplumlarda da belədir. Çünki, mümkündür ki, həmin şəxs ya öz həyat yoldaşının əməllərindən xəbərsizdir və onun cinayət törətmiş olduğuna inanmır, ya da hər şeyi bildiyi halda, məsələni siyasiləşdirməklə, onu azadlığa qovuşdurmaq istəyir. Təbii ki, bütün hallarda buna normal yanaşmaq olar. Amma ortada bir hüquq faktoru da var ki, bu, heç bir halda diqqətdən qaçmamalıdır. Xüsusən də beynəlxalq statusda çıxış edən “Sərhədsiz Reportyorlar” kimi bir təşkilat, məlum bəyanatında hüquqi aspektləri bir yana qoyub, sırf mənəviyyat məsələsi üzərində köklənməli deyildi.

Bir daha qeyd etməyi lazım bilirik ki, biz kimsənin həbsdə olmasını arzulamırıq. Lakin, deyildiyi kimi, ortada dövlətə xəyanət faktı varsa, kimliyindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər bir şəxsin öz cəzasını çəkməsinin də tərəfdarıyıq. Çünki hüquqi nizam olmayan yerdə dövlət uzun müddət öz varlığını qoruya bilməz. Bizlər, istər vətəndaş, istər də jurnalist olaraq hər bir dövlət rəsmisinin qanunlara əməl etməsini, korrupsioner, rüşvətxor məmurların cinayət məsuliyyətinə cəlb olunmasını istəyiriksə, özümüz də hər bir qanunsuz əməlimizə görə cavab verməli olduğumuzu unutmamalıyıq. Necə deyərlər, qanunlar hamı üçündür, burada məmur, jurnalist və sadə vətəndaş ayrı-seçkiliyi etmək doğru olmaz.

Odur ki, bu gün həbsdə olan hansısa sayt rəhbərinin valideyninin, həyat yoldaşının müxtəlif dövlət idarələrinin, səfirliklərin qarşısında aksiyalar keçirməsini anlayışla qarşılamaqla yanaşı, dövlətimizi ayaqda saxlayan hüquqi dəyərlərin də qorunmasının tərəfdarıyıq. Söhbət ondan gedir ki, həbs olunan şəxs vətənə xəyanət edibsə və məhkəmə prosesində öz cinayətlərini etiraf edibsə, o, öz əməllərinə görə cəzasını çəkməlidir. Eynilə, onun həbsi qanunsuz və hüquq pozuntusudursa, məhkəmə ədalətli qərar verərək, onu azad etməlidir.

O cümlədən, rüşvət üstündə həbs olunan hansısa “jurnalistin” də qeyri-peşəkar saytlar və “hüquq müdafiəçiləri” tərəfindən “siyasi məhbus” elan edilməsi də yanlışdır. Marqlıdır ki, ortada konkret cinayət faktları olmasına rəğmən, bəzi hallarda həbsdə olan şəxslərin yaxınlarının mediada (əksər hallarda qeyri-peşəkar saytlarda, sosial şəbəkələrdə-müəl.) “qürurla” danışmasının şahidi oluruq. Halbuki, istər Sovetlər Birliyi dönəmində, istər də 1990-cı illərdə cinayət törədən şəxsin yaxınları, ailə üzvləri utandıqlarından nəinki mediaya, heç qohum-qonşu arasına çıxmazdılar. İndi isə qatı cinayətkarların, vətən xainlərinin, korrupsioner və rüşvətxorların ailə üzvləri bu kimi faktları sanki “qəhrəmanlıq” kimi təqdim etməyə, hətta dövləti də borclu çıxarmağa çalışırlar. Sanki, kənardan hansısa qüvvələr bu şəxslərin hamısını bir-bir tapıb, dövlətə qarşı qoyublar.

“Sərhədsiz Reportyorlar” təşkilatının bəyanatı ilə bağlı “Hürriyyət”ə açıqlama verən hüquqşünas Roman Qaraşov bildirdi ki, ilk növbədə, həbs edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsaslar olmalıdır. Yəni hansı maddəylə ittiham irəli sürüldüyü araşdırılmalıdır: “İstintaq müddəti o demək deyil ki, həmin şəxs o cinayəti edib və ya yox. Araşdırma prosesi gedir, yekun cinayət işləri barəsində hökm məhkəmə tərəfindən qanuni qüvvəyə mindiyi zaman həmin şəxsin təqsirli olması sübuta yetirilir. O müddətə qədərki bütün istintaq hərəkətləri isə araşdırma predmeti sayılır.

Hazır ki, məqamda istər Dövlət Təhlükəsizliyi Xidməti, istərsə də Baş Prokurorluq tərəfindən aparılan istintaq tədbirləri nəticəsində həbs olunmuş şəxslərlə bağlı isə birmənalı olaraq deyə bilərik ki, bunlar cinayət törətmiş şəxslərdir. Yəni hazırda dövlətdə islahatlar çərçivəsində korrupsiyayla, digər pozuntularla bağlı bütün dövlət strukturlarında ciddi araşdırmalar gedir. Həbs olunmuş şəxslərin əksəriyyəti də ya rüşvət almaq üstündə, ya da vəzifə səlahiyyətlərindən sui-istifadəylə bağlı həbs edilir. Yəni burda heç bir siyasi motiv ola bilməz. Konkret maddələrlə ittiham edilirlər. Onlar, hər hansı siyasi baxışına və əqidəsinə görə həbs edilməyib. Siyasi həbsin mahiyyəti ondan ibarətdir ki, şəxs məhz o düşüncədə və siyasi partiyanı dəstəklədiyinə görə həbs edilir. Onun barəsində cinayət işi açılır. Məlumdur ki, son vaxtlar aparılan istintaq hərəkətləriylə bağlı ictimaiyyətə də dəqiq məlumatlar verilir. Həbs olunan şəxslərin konkret hansı maddələrlə ittiham olunduğu göstərilir. Yayılan rəsmi məlumatlardan da görünür ki, onlar hansısa siyasi iradə nümayiş etdirən şəxslər deyil”.

YƏHYA