Azərbaycanda səhmdar cəmiyyətləri…

30

Ölkəmizdə səhmdar cəmiyyətləri təsis edilərkən qanun tələblərinin heç birinə riayət edilməmişdir…

 

III məqalə

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 98.1 maddəsinə görə “nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyət sayılır”.

Bu məcəllənin 99.1 maddəsinə görə “səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninləşdirilə bildikdə o, açıq səhmdar cəmiyyəti sayılır”. Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir (maddə 100.1).

Səhmdar cəmiyyəti bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradıla bilən və ya cəmiyyətin bütün səhmlərini bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki və ya hüquqi şəxsdən) ibarət ola bilər. Bu barədə məlumat cəmiyyətin nizamnaməsində göstərilməli, qeydə alınmalı və hamının tanış olması üçün dərc edilməlidir. Səhmdar cəmiyyətinin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz (maddə 98.5).

Səhmdar cəmiyyətinin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını və ya səhmdar cəmiyyətinin yaradılması haqqında qərarın qəbul edilməsini (SC-i bir şəxs tərəfindən yaradıldıqda) səhmlərin təsisçilər arasında bölüşdürülməsini və nizamnamənin hazırlanmasını (qəbul olunmasını) əhatə edir (maddə 98.9).

Azərbaycanda Səhmdar cəmiyyətləri təsis edilərkən yuxarıda qeyd etdiyim qanun tələblərinin heç birinə riayət edilməmişdir.

 Yuxarıda qeyd etdiyim kimi, səlahiyyətlərindən sui-istifadə etmək, ölkə prezidentinə yarınmaq məqsədilə Baş Nazirinin birinci müavininin imzaladığı sərəncamla “Azneftkimyamaş” ASC-ni darmadağın etmişlər ki, bu da dövlətə xəyanət kimi qiymətləndirilməlidir.

“Azərsu”ASC – Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə yaradılıb, 11 967 nəfər işçisi var, 2019-cu ilə borcu 6, 9 mlrd manat olub. 2017-2020-ci illərdə dövlət büdcəsindən – 74.800.000,0 manat, 2021-ci ildə isə 38.000.000,0 manat vəsait ayrılmışdır.

“Azəristiliktəchizat” ASC – Azərbaycan Rerspublikası prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır.

2017-2020-ci illərdə dövlət büdcəsindən 84.895.851,0 manat, 2021-ci ildə 26.000.000,0 manat vəsait ayrılmışdır.

“Təmiz Şəhər” ASC – Azərbaycan Respublikası prezidentinin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin inkişafı haqqında” sərəncamı ilə təsis edilmişdir. İqtisadiyyat Nazirliyinin təbeliyindədir. 2017-2020-ci illərdə “Təmiz Şəhər” ASC-nə dövlət büdcəsindən 163.776.360,0 manat, 2021-ci ildə 33.000.000,0 manat vəsait ayrılmışdır.

“Azərkosmos” ASC  – Azərbaycan Respublikası prezidentinin 3 may 2010-cu il yaradılmış, 17 oktyabr 2017-ci il tarixli sərəncamı ilə Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılmışdır.

Vikipediyadan: 2019-cu ilin yanvar-iyun aylarında ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir – 18,6 mln dollar təşkil etmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, “Azərkosmos” ASC-nə 2018-ci il dövlət büdcəsindən 55.000.000,0 manat; 2019-cu ildə 28.000.000,0 manat; 2020-ci ildə 28.000.000,0 manat; 2021-ci ildə 27.300.000,0 manat vəsait ayrılmışdır.

Beləliklə, araşdırma nəticəsində məlum olmuşdur ki;

–       yalnız “Azmelsutəsərrüfat” ASC-nin Nizamnamə fondu (dövlətə məxsus səhmlər) 728.428.260,0 manat təşkil edir.

–       “Azal”, “Metropoliten” Qapalı Səhmdar Cəmiyyətləri, “Azərsu” ASC-nin Nizamnamə fondu haqqında məlumatım yoxdur. Yəqin ki, onların səhmləri milyard manatlarla ölçülür.

Adları qeyd olunan cəmiyyətlərə 2021-ci il dövlət büdcəsindən ayrılan vəsaitin həcmi: “Azmelsutəsərrüfat” ASC-nə – 1.615.133.246 manat;  “Azal”QSC-nə 50.500.000,0 manat; “Metropoliten” QSC-nə – 225.000.000,0 manat; “Azərsu” ASC-nə 112.800.000,0 manat, “Azəristiliktəchizat” ASC-nə 110.895.851,0 manat; “Təmiz Şəhər” ASC-nə 196.776.360,0 manat; “Azərkosmos” ASC-nə 138.300.000,0 manat cəmi 2.449.405.457,0 manat  vəsait ayrılmışdır.

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərin miqdarı isə 183.880.000,0 manat təşkil edir. Yəni, bu cəmiyyətlərin fəaliyyəti nəticəsində dövlətə 2 mlrd 255 mln 525 min 457,0 manat ziyan dəymişdir.

Bu ziyanın səhmdar cəmiyyəti rəhbərlərinin sosial mediada göstərilən dəyəri 100 milyonlarla ölçülən villaların inşasına sərf edildiyini göstərən videolarda hər gün rast gəlmək olar.

Məntiqi sual yaranır: belə idarəetməyə nə adı vermək olar?

 

Rahib Zeynalov

“İnnovativ İstehsalat Mərkəzi”nin baş direktoru, Rusiya Mühəndislik Akademiyasının həqiqi, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, dosent