Azərbaycanda səhmdar cəmiyyətləri…

30

Ölkəmizdə səhmdar cəmiyyətləri təsis edilərkən qanun tələblərinin heç birinə riayət edilməmişdir…

  III məqalə

 Açıq (qapalı) Səhmdar Cəmiyyətləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 98.1 maddəsinə görə “nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyət sayılır”.

Bu məcəllənin 99.1 maddəsinə görə “səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninləşdirilə bildikdə o, açıq səhmdar cəmiyyəti sayılır”. Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir (maddə 100.1).

Səhmdar cəmiyyəti bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradıla bilən və ya cəmiyyətin bütün səhmlərini bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki və ya hüquqi şəxsdən) ibarət ola bilər. Bu barədə məlumat cəmiyyətin nizamnaməsində göstərilməli, qeydə alınmalı və hamının tanış olması üçün dərc edilməlidir. Səhmdar cəmiyyətinin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz (maddə 98.5).

Səhmdar cəmiyyətinin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını və ya səhmdar cəmiyyətinin yaradılması haqqında qərarın qəbul edilməsini (SC-i bir şəxs tərəfindən yaradıldıqda) səhmlərin təsisçilər arasında bölüşdürülməsini və nizamnamənin hazırlanmasını (qəbul olunmasını) əhatə edir (maddə 98.9).

Azərbaycanda Səhmdar cəmiyyətləri təsis edilərkən yuxarıda qeyd etdiyim qanun tələblərinin heç birinə riayət edilməmişdir.

Beləliklə, bu dövr (2001-2009) ərzində “Azneftkimyamaş” ASC-i və onun törəmə müəssisə və təşkilatları onların özəlləşdirilməmiş və fəaliyyətsizliyi nəticəsində müflis hala düşməsinə səbəb olmuşdur. Bu hərəkətləri ört-basdır etmək məqsədilə, əlbəttə baş nazir Artur Rasi-zadənin göstərişi ilə, baş nazirin birinci müavini Y.Eyyubov “Azneftkimyamaş” ASC-nin Keşlə maşınqayırma zavodu” TASC-nin “Bakı Fəhləsi maşınqayırma zavodu” TASC-nin ərazisinə köçürülməsi və ona qoşularaq yenidən təşkil edilməsi, “Səttarxan adına maşınqayırma zavodu” TASC-nin və “Bakı neft-mədən zavodu” TASC-nin “Bakı maşınqayırma zavodu” TASC-nin ərazisinə köçürülməsi və onların birləşdirilərək yenidən təşkil edilməsi, “Bakı neft-qaz mədən avadanlığı zavodu” TASC-nin “Suraxanı maşınqayırma zavodu” TASC-nin sexlər blokuna köçürülməsi barədə AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin və “Azneftkimyamaş” ASC-nin birgə təklifini qəbul edilməsi barədə 1 aprel 2009-cu il tarixli 603 nömrəli dünyada analoqu olmayan cəfəng bir sərəncam imzalamışdır. Bununla da AR Prezidentinin 16 sentyabr 2005-ci il tarixli, 1008 nömrəli sərəncamı ilə yaranmış Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi öz missiyasını yerinə yetirdikdən sonra AR Prezidentinin 19 may 2009-cu il tarixli sərəncamı ilə ləğv edilmişdir.

Diqqət yetirin: Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi AR NK-nə “Azneftkimyamaş” ASC-nin TASC-nin birləşdirilməsi haqqında cəfəng təklifi qəbul olunandan dərhal sonra əlbəttə yenə də baş nazir Artur Rasi-zadənin göstərişi ilə, bir ay ərzində bu Komitə ləğv edilir, AR Əmlak Məsələləri Dövlət Komitəsi yaradılır. 6 ay sonra AR ƏMDK-nin 22 dekabr 2009-cu il tarixli, 170 nömrəli sərəncamı ilə “Bakı neft maşınqayırma zavodu” törəmə açıq səhmdar cəmiyyətinin Nizamnaməsini Komitənin sədr müavini R.Şahbazov təsdiq edir və müəssisə AR Vergilər Nazirliyində 5 yanvar 2010-cu ildə 180 112 7441 nömrəli qeydiyyatdan keçir. Beləliklə, bu “dəyişikliklər” nəticəsində “Azneftkimyamaş” DŞ-nin 13 zavodundan, məndə olan məlumata görə, on zavod 4 zavodda birləşdirilərək “fəaliyyət” göstərir, bir zavod; 28 may zavodu və 4 elmi-tədqiqat institutların fəaliyyəti barədə ümumiyyətlə heç bir məlumat yoxdur.

Bütün bu birləşmələrə və birləşmiş müəssisələrin ƏMDK-nin nəzdində olmasına baxmayaraq, “Azneftkimyamaş” ASC 27 noyabr 2019-cu ilədək “fəaliyyət” göstərib, daha doğrusu, TASC – idarə heyətlərinin sədrləri “Azneftkimyamaş” ASC İH-nin sədri tərəfindən işə götürülüb və işdən azad edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin 233 saylı 27 noyabr tarixli sərəncamına əsasən “Azneftkimyamaş” ASC-i Balaxanı maşınqayırma zavodu TASC-nə qoşularaq ləğv edilmişdir.

Təsəvvür edirsinizmi? AR Prezidentinin 22 mart 2001-ci il tarixli, 619 nömrəli sərəncamı ilə yaradılmış “Azneftkimyamaş” ASC-i ƏMDK-nin Sərəncamı ilə ləğv edilmişdir. Bu hal “Azneftkimyamaş” ASC-nin bu səviyyəyə enməsinin bariz nümunəsidir.

Yuxarıda qeyd etdiyim analoqu olmayan birləşmədən sonra “Azneftkimyamaş” ASC-nin TASC-ləri köhnə ənənəyə sadiq qalaraq Cəmiyyəti zavod kimi işlətmişlər və indinin özündə də eyni qaydada işlədirlər.

AR ƏMDK-nin sədri Kərəm Həsənov Komitənin 17.04.2014-cü il tarixli əmri ilə Səxavət Abbas oğlu Abbasovu – “Balaxanı maşınqayırma zavodu” TASC-i idarə heyətinin sədrin 17.04.2014-cü il tarixdən öz xahişi ilə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi) tutduğu vəzifədən azad etmiş və ona həmin tarixdən səhmdarları birinci ümumi yığıncağı çağırılanadək “Balaxanı maşınqayırma zavodu” TASC-nin sədri vəzifəsi nin icrası həvalə edilmişdir. Əsas kimi Komitə sədrinin müavini R.Şahbazovun təqdimatı, S.A.Abbasovun ərizəsi və bağlanmış əmək müqaviləsi göstərilmişdir.

Fikir verirsinizmi? İdarə Heyətinin sədri öz xahişi lə vəzifədən uzaqlaşdırılsa da elə həmin gün zavodun İH sədrliyinin icrası ona tapşırılır.

Qeyd etmək lazımdır ki, o vaxtdan 7 il keçməsinə baxmayaraq indiyə kimi Cəmiyyətin birinci ümumi yığıncağı çağırılmamış, S.A.Abbasov isə bu günə kimi icraçı sədr kimi yox, əsl sədr kimi fəaliyyət göstərir.

Çox güman ki, belə əmrlər “Azneftkimyamaş” ASC-nin digər TASC-nin sədrləri barədə də verilmişdir. Buna baxmayaraq, 20-30 il bu müəssisələrə “rəhbərlik” etmiş və müəssisəni müflis hala salmış sədrlər öz ampluasında özlərinin qoyduğu qaydalarla fəaliyyət göstərir, dövlətə gəlirlərindən vergi  ödəmirlər.

Bu barədə mən dəfələrlə AR-nin sabiq baş nazirlərinə bu özbaşınalığa son qoyulması, cinayət xarakterli fəaliyyətə görə məsuliyyətə cəlb etmək barədə müraciət etsəm də, onlardan heç bir reaksiya hiss etməmişəm.

2018-ci ildən bu günə kimi bu sahədə bütün icra orqanlarına “Balaxanı maşınqayırma zavodu”nun özəlləşdirilməsi haqqında qanun çərçivəsində idarəolunmaya verilməsi barədə müraciət etsəm də, məqbul cavab almamışam. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavinlərinin qəbulunda olmaqla və yazışmalara baxmayaraq Komitə tərəfindən özəlləşdirmə şərtlərini bu günə kimi ala bilməmişəm. Adı çəkilən zavodda fəaliyyət növündən əlavə digər neftqaz avadanlıqlarının Amerika Neft İnstitutunun uyğun təsnifatları üzrə keyfiyyət, təhlükəsizlik, ekoloji və qiymət baxımdan rəqabətədavamlı məhsulların istehsalını təmin edə biləcək proqram Nazirlər Kabinetinə, ƏMDK-nə təqdim etmişəm.

Onu da qeyd etməliyəm ki, “Azneftkimyamaş” ASC-nın müəssisələri beynəlxalq standartlar səviyyəsində məhsul istehsalını təşkil edə bilməməsi səbəbindən bazarı itirmişlər. Bununla yanaşı, “Azneftkimyamaş” Dövlət Şirkəti kimi işlədiyi müddətdə SSRİ-nin neft-qaz mədən avadanlığına olan tələbatının 40%-dən çoxunu istehsal etmiş, 30-dan yuxarı xarici ölkəyə neft-qaz mədən avadanlığı ixrac etmişdir. O vaxtkı “Leytenant Şmidt” zavodunun 1987-ci ildə istehsal etdiyi əmtəə mal istehsalının həcmi indiki “Azneftkimyamaş” ASC-nin bütün törəmə açıq səhmdar cəmiyyətlərinin istehsal etdiyi məhsulun həcmindən 20 dəfədən çox olmuşdur.

Yuxarıda qeyd etdiyim kimi, səlahiyyətlərindən sui-istifadə etmək, ölkə prezidentinə yarınmaq məqsədilə Baş Nazirinin birinci müavininin imzaladığı sərəncamla “Azneftkimyamaş” ASC-ni darmadağın etmişlər ki, bu da dövlətə xəyanət kimi qiymətləndirilməlidir.

(Ardı var)

Rahib Zeynalov

  “İnnovativ İstehsalat Mərkəzi”nin baş direktoru, Rusiya Mühəndislik Akademiyasının həqiqi, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, dosent