Azərbaycanda qiymət artımının səbəbləri…

681

Rəşad Həsənov: “İstənilən halda qiymət artımları qaçılmazdır və proses davam edəcək”

“Bazarda məhsulların təklifində əvvəlki dövrlərlə müqayisədə azalma müşahidə olunur”

Ötən həftədən başlayaraq Azərbaycandakı satış şəbəkələrində bir sıra əsas ərzaq məhsullarının qiymətində ciddi artım baş verib. Bahalaşma əsas ərzaq məhsullarını əhatə edir və orta hesabala 10-20%, bəzi məhsullarda isə 30%-ə qədər dəyişir.

İqtisadçı-ekspert Rəşad Həsənov “Hürriyyət”ə müsahibəsində deyib ki, yanacağın qiymətinin artması ərzaq məhsullarının maya dəyərinin artmasına gətirib çıxardır.

– Rəşad bəy, ərzaq məhsullarının qiymətlərinin bahalaşmasının əsas səbəbləri hansılardır?

– Əslində, burda bir neçə faktor qiymətlərin bahalaşmasına təsir göstərir. Birincisi, ərzaq məhsulları sahəsində mövsümülük fakotorudur. Yəni hər il bənzər formada kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edilir. Bu da başa düşülən prosesdir.

İkinci məsələ, dünya bazarlarında pandemiya səbəbindən istehsal və tədarük riskinin yaranması səbəbidir. 2020-ci ildə çox ciddi inflyasiya qeydə alınıb. Bununla bağlı beynəlxalq maliyyə qurumlarının və valyuta fondlarının açıqlamaları var. Azərbaycan idxaldan aslı ölkə olduğuna görə, hazırda dünya bazarlarında başa verən proseslərə burda istehlak bazarının reaksiyasını görmüş oluruq. Yəni biz proses nəticəsində inflyasiyanı bir tərəfdən də idxal edirik.

Üçüncü səbəb, pandemiya səbəbindən ölkə daxilində istehsalın pozulması və fasilələrin yaranması məsələsidir. Bu da müəyyən qədər yay dövründə hərəkətin məhdudlaşdırılmasıyla əlaqədar olub. Bu da məhsulların istehsalına mənfi təsirini göstərdi. Hazırda bazarda məhsulların təklifində əvvəlki dövrlərlə müqayisədə azalma müşahidə olunur və nəticədə qiymət artımına təsir edir.

Dördüncü səbəb isə, hökümətin ilin əvvəlindən etibarən başlatdığı prosesdir. Yəni yanacağın və suyun qiymətinin artırılması. Bu, bazarda iki istiqamətdə təsir yaradır. Xüsusən də yanacağın qiymətinin artması məhsulların maya dəyərinin artmasına gətirib çıxardır. Çünki yanacaq o məhsul növlərindəndir ki, bütün növ mal və xidmətlərin maya dəyərində az və ya çox şəkildə əks olunur. Təxmini hesablamalara görə, 2021-ci il ərzində sahibkarlar 500 milyona yaxın zərərlə üzləşəcəklər. Yəni əlavə xərclə qarşılaşacaqlar. O xərclər də mərhələli şəkildə məhsulun qiymətinə təsir edir. Hazırda da təsir edir və biz bunu müşahidə edirik.

Növbət təsir isə daha çox psixoloji faktordur. Hökümət prosesi başladıb və qiymətləri artırır. Bu da digər şirkətlərin prosesdə iştirakına əsas yaradır. Artıq onlar rahat şəkildə qiymətlərini artıra bilir. Çünki ictimai rəy o yöndə formalaşır. İctimaiyyət fikirləşir ki, qiymət artımlarını hökümət edir və bu səbəbdən də qiymətlər artır. Hökümət bu prosesdə daha çox yükü və təzyiqi öz üzərinə götürdü. İctimai fikir qiymətlər artacağı yöndə formalaşandan sonra sahibkarlar rahat şəkildə qiymət artımlarına gedə bilir.

Təbii ki, pandemiya əhalinin gəlirlərinə mənfi təsir göstərib. Alıcıların sayı azalıb. Bu da vəziyyətə müəyyən qədər mənfi təsirini göstərir. Daha doğrusu, qiymət artımlarının inflyasiyaya təzyiqini neytrallşadırır. Amma qismən neytrallaşdırdığını deyə bilərik. Bizim bazar kifayət qədər liberal olmadığı üçün bəzi hallarda sahibkarlar daha rahat şəkildə qiymətləri artırır. Düşünürəm ki, proses bundan sonra da davam edəcək. Həm kənd təsərrüfatı məhsullarında, həm də idxal olunan zəruri tələbat məhsullarında qiymət artımları davam edəcək. Sadəcə olaraq, indiki halda gözlədiyim ondan ibarətdir ki, lüks kateqoriyalı məhsulların qiymətində artım baş verməyə bilər. Çünki, faktiki olaraq, bu məhsullara tələb əhəmiyyətli səviyyədə aşağı düşüb. Bu məhsulların qiymətləri hələlik artmaya bilər. Amma digər mal və xidmətlərdə qiymət artımı prosesi davam edəcək. Bu rəsmi statistikada açıqlandığı kimi 3-3,3 faiz ətrafında deyil, daha yüksəkdir. Reallıqda 6-6,7 faiz ətrafındadır.

– Marketlərdə meyvə şirələrinin qiymətlərində də 7-8 faiz artım müşahidə edilir. Baxmayaraq ki, bir qədər əvvəl suyun qiymətinin artımı şirə istehsalçılarına şamil edilməmişdi…

– Hökümət qiyməti ev təsərrüfatları üçün artırıb. Yəni bunu məhz şirələrə olan qiymət artımı kimi müəyyənləşdirməyək. Biznes subyektləri üçün suyun qiyməti artırılmayıb. Amma burda bir neçə məsələ var. Biznes subyektinin özü də ailə təsərrüfatıdır. Özünün də xərcləri var. Məcbudur ki, artım xərclərini hansısa yolla kompensasiya etsin. Bu yolla mənfəət normasını yüksəltməyə çalışır. Əksər sahələrdə, xüsusilə də fərdi əmək bazarında hiss olunmaqdadır. Digər məsələ isə, birbaşa olaraq meyvə şirələrinin qiymət artımından söhbət gedirsə, dəqiq olaraq onun bazasında nəyin dayandığını deyə bilmərəm. Amma ola bilsin ki, dizelin qiymətinin artması, qiymət siyasətinin müəyyənləşdirilməsi və onun bazarda tətbiqi müəyyən bir vaxt alır. Vaxtın da üst-üstə düşməsi müşahidə edilir.

– Gələcəkdə qiymətlərdə növbəti dəfə artım müşahidə oluna bilər?

– Ümumiyyətlə, inflyasiyanın olması qaçılmazdır. İnflyasiya olmasa iqtisadiyyat inkişaf etməz. Bu inkişaf edən iqtisadiyyatının bir parametridir. Diqqət etsəniz, hətta uzunmüddətli Avropa, Yaponiya  və ABŞ  iqtisadiyyatında inflyasiya böhranı müşahidə olunur. Yəni, onlar istehlak qiymətlərinin artımını hədəf səviyyəyə çatdıra bilmir. Hansı ki, 2 faiz nəzərdə tutsalarda, o səviyyəyə çatdıra bilmirlər. Nəticədə daha aşağı olur. Bu da iqtisadiyyatda dolğunluğun yaranmasına gətirib çıxardır. Bu baxımdan, inflyasiya hər zaman ola bilər. İnflyasiyanın olması iqtisadiyyatın böyüməsi üçün daha əlverişlidir. Təbii ki, bunun da arzuolunan həddi var. Azərbaycanda  idxaldan asıllıq vardır. Bu da o deməkdir ki, Azərbaycanda istehlak qiymətləri indeksi xarici valyutalara açıqdır. Yəni dünya bazarlarında nə baş verəcəksə, onun Azərbaycan bazarına qısa müddətdə təsir etməsi imkanı olacaqdır.  Eyni zamanda, bazarların liberal olmamasıdır. Dünya bazarlarında qiymətlər 5-10 faiz artırsa, Azərbaycan bazarında qiymət 2-3 qat daha artıq səviyyədə əks oluna bilər. Çünki, bizim bazar liberal deyil və rəqabət də yoxdur. Kimsə mənfəət normasından imtina edib, onun azalması istiqamətində mövqe ortaya qoymayacaq. Azərbaycan bazarında rahat şəkildə qiymət artımlarını tətbiq edə biləcəklər. Bu baxımdan, bu proses davam edən bir prosesdir. Təbii ki, burda əhalinin alıcılıq gücünü də nəzərə almaq lazımdır. Bu istiqamətdə alıcılıq gücü müəyyən qədər tarazlayıcı funksiyanı yerinə yetirir. Çünki, biz hazırda yoxsul ölkəyik. Yəni alıcılıq gücümüz o qədər də yüksək deyil. Amma istənilən halda qiymət artımları qaçılmazdır və proses davam edəcək.

– Bildiyiniz kimi, pandemiyayla əlaqədar bir sıra sahələrdə işsizlik hökm sürür. Məlum məsələdir ki, insanların maddi durumu da qənaətbxəş deyil. Belə vəziyyətdə dövlət qiymət artımlarına müdaxilə edə bilərmi?

– Xeyr. Dövlətin müdaxilə etmək hüququ yoxdur. Dövlət bazara müdaxilə edərsə, o zaman biz bazar iqtisadiyyatından danışa bilmərik. Gələcəkdə də iqtisadiyyat məhvə doğru gedər. Dövlət belə anda inhisarçılığa müdaxilə etməlidir. Bazarda baş verən sövdələşmələrə müdaxilə olunmalıdır. Bunun da olmasının günahı dövlətdir və onun nəzarət mexanizmlərinin zəif olmasının göstəricisidir. Eyni zamanda, bütün bunlara göz yumması və korrupsiya hallarının nəticəsi kimi qiymətləndirə bilərik. Dövlət birinci növbədə bu cür hallara imkan yaratmamalıdır. Bundan əlavə, dövlət bazarda qiymətin optimallaşması siyasətini makro səviyyəyədə həyata keçirtməlidir. Bunun üçün dövlətin əlindəki alət administrativ təzyiq deyil. Qiymətləri bundan artıq artıra bilmərsən, süni qiymət artımı, möhtəkir yanaşması kimi fikirlər arxaik yanaşmalardır. Müasir bazar iqtisadiyyatında belə ifadələri işlətmək olmaz. Bunlar sovet dövründən qalmış yanaşmalardır. İndiki vəziyyətdə hökümətin əlində alətlər vardır. Hər hansı istiqamətdə məhsulların qiyməti qalxırsa, bunlar zəruri tələbat məhsullarıdırsa və bu da əhalinin sağlamlığına mənfi təsir göstərirsə hökümət bunu nəzərə almalıdır.  Belə vəziyyətdə hökümət vergi və rüsum alətlərindən istifadə edərək, bu istiqamətdəki maya dəyərinin aşağı düşməsinə şərait yaratmalıdır. Yəni bu məhsulların vergi və rüsumuna güzəşt etməklə qiymətlərin aşağı sala bilər. Bu mexanizmlər vasitəsilə həmin məhsulların bazara gətirilməsi, idxal edilməsi və ya bazarda onun istehsalçılarının sayının artması yolu ilə rəqabət mühitini formalaşdıra bilər. Son nəticədə, qiymət optimallığının təmin edilməsinə nail ola bilər. Dövlətin qeyd edilən istiqamətdə siyasəti məhz bu parametrlər əsasında olmalıdır.

YƏHYA