“Azərbaycanda bələdiyyələrin işi zibil daşımaqdan o yana keçmir”

147

Razi Abasbəyli: “Yarımçıq səlahiyyətlərin verilməsi bələdiyyələrin həm ictimai, həm də inzibati nüfuzunun ciddi şəkildə sarsılmasına və bugünkü bərbad duruma düşməsinə gətirib çıxarır”

“Bu gün dövlət qurumları arasında torpağa dair mülkiyyət hüquqları, yaxud torpağın təyinatına dair xəritələr bir-birinə uyğun gəlmir”

“Ölkəmizdə torpaqların təyinatı üzrə xəritəsi həyata keçirilməyib, bu səbəbdən də bəzən bələdiyyə elə yerdən torpaq sahəsi ayırır ki, “Azəriqaz”, “Azərsu” və digər dövlət qurumlarının həmin ərazidə mülkiyyət hüququ var”

Heç kimə sirr deyil ki, bu gün ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələrin hamısı icra hakimiyyətlərindən asılı vəziyyətdədirlər. Uzun illərdir bu barədə, yəni yerli icra orqanlarının bələdiyyələrə məxsus səlahiyyətlərə müdaxilə etmələrinə son verilməsi üçün ekspertlər tərəfindən təkliflər səslənsə də, hələ də bələdiyyələrlə bağlı qanunverici bazada ciddi islahatlar aparılmayıb. Məhz bu səbəbdən də vətəndaş bələdiyyəyə məxsus ərazidən əldə etdiyi torpaq sahəsinə və həmin torpaq üzərindəki daşınmaz əmlakına çıxarış almaqda çətinlik çəkir. Yaxud da icra hakimiyyətləri bələdiyyənin verdiyi müvafiq sənədi qanunsuz hesab edir. Söz yox ki, bu kimi problemlər bir daha onu təsdiqləyir ki, bələdiyyələrin mövcud səlahiyyətləri heç də əhatəli deyil.

“Azərbaycanda bələdiyyə institutlarının fəaliyyəti effektiv deyil, çünki bələdiyyələrin inzibati səlahiyyətləri çox azdır”

Mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən müstəqil iqtisadçı ekspert Razi Abasbəyli bildirdi ki, Azərbaycanda bələdiyyə institutlarının fəaliyyəti faktiki olaraq effektiv deyil: “Çünki ilk növbədə, bələdiyyələrin inzibati səlahiyyətləri çox azdır. Xüsusilə də əmlak vergisinin toplanması və kommunal tullantıların daşınması funksiyasından kənara çıxa bilmirlər. Eyni zamanda, bələdiyyələrin idarəetmə sistemlərində, kommunal xidmətlərin tam şəkildə göstərilməsində iştirakı da mümkünsüzdür. Onu da qeyd edim ki, ərazi vahidləri üzrə bələdiyyələrin fəaliyyət istiqamətində çox ciddi nöqsanlar var. Bütün dünyada işıq, qaz və bu kimi digər müvafiq təminatların təşkilini, idarə edilməsini bələdiyyələr həyata keçirdiyi halda, Azərbaycanda bu, ayrı-ayrı dövlət büdcə təşkilatları tərəfindən realizə olunur. Bu baxımdan da ölkəmizdə bələdiyyə institutlarının daha effektiv və yaradıcı fəaliyyəti üçün ilk növbədə onların inzibatı səlahiyyətləri artırılmalıdır”.

İqtisadçı ekspert hesab edir ki, Azərbaycanda bələdiyyələrin inzibati səlahiyyətləri olmadıqca büdcələrinin formalaşdırılmasında çox ciddi çətinliklər çəkəcəklər: “Dövlət büdcəsindən ayrılan, dotasiya halında olan yardımlar bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması üçün kifayət etmir. Yəni, bələdiyyələr özləri büdcələrini formalaşdıra bilmirlər, torpaq və əmlak vergilərinin toplanmasında problemlər mövcuddur. Məsələn, bir vətəndaşın daşınmaz əmlakına, yaşadığı mənzilə görə əmlak vergisinin toplanması səlahiyyəti bələdiyyədədir, amma bunun əvəzində bələdiyyə yol çəkilməsində, qazlaşdırma prosesində, elektrik enerjisinin verilməsində iştirak edə, telefon və internet xidmətləri göstərə bilmir. Vətəndaş haqlı olaraq mülkiyyətində olan daşınmaz əmlakla bağlı vergi ödəməyə o zaman həvəsli olur ki, həm yolun çəkilməsində, həm elektrik enerjisi təminatında, həm də digər qeyd etdiyim məsələlərdə bələdiyyə iştirak etsin. Lakin bu gün bələdiyyə sanki göydən düşmüş cisim kimi gəlir vətəndaşın qapısını döyür və əmlak vergisinin ödənilməsini tələb edir. Vətəndaş da öz növbəsində, haqlı olaraq əmlak vergisini ödəməkdə maraqlı olmur. Çünki həm kommunal xidmətlərin göstərilməsində, həm də vətəndaşın sahib olduğu daşınmaz əmlakın araya-ərsəyə gəlməsində bələdiyyənin heç bir rolu yoxdur. Odur ki, bütün bu proseslər, yarımçıq səlahiyyətlərin verilməsi bələdiyyələrin həm ictimai, həm də inzibati nüfuzunun ciddi şəkildə sarsılmasına və bugünkü bərbad duruma düşməsinə gətirib çıxarır”.

“Torpaqların vətəndaşlara təqdim edilməsində də çox ciddi problemlər var, çünki bələdiyyə hərraca çıxardığı torpağın satışında və digər proseslərdə iştirak edə bilmir”

Bələdiyyələrin balansında olan torpaq sahələrinin satışı, həmin torpaq sahəsinin və üzərində olan daşınmaz əmlakın müvafiq qaydada sənədləşdirilməsində, yəni çıxarışın alınmasında yaşanan problemlərə gəlincə, Razi Abasbəyli qeyd etdi ki, bələdiyyə torpaqları iki klasifikasiyaya ayrılır: “Belə ki, uzun müddətli icarəyə verilən və təyinat üzrə, yəni fərdi yaşayış evinin tikilməsi üçün ayrılan torpaq sahələri var. Bu, bələdiyyələrin inkişaf perspektiv fondundan çıxarılmış kadastr layihələri əsasında təsdiqlənir. Bununla da bələdiyyə öz ərazisində yaşayan vətəndaşlar üçün müvafiq olaraq inkişaf perpektiv fondunu formalaşdırır, həm də ordan torpaq sahələri ayırır. Digər təyinat isə həm örüş, həm də əkin sahələri təyinatlar üzrə ayrı-ayrı vətəndaşlara müvafiq müqavilə əsasında icarəyə verilir. Birinci mərhələ artıq başa çatıb. Yəni, Azərbaycanda bələdiyyələrin mülkiyyətində çox az torpaq sahəsi qalıb ki, vətəndaşlara fərdi yaşayış evlərinin inşası üçün torpaq sahəsi ayırsınlar. Qeyd edim ki, torpaq sahəsi, mülkiyyət bələdiyyənindir, vətəndaşa ərazi üzrə torpaq ayrılmasına bələdiyyə qərar verə bilir. Bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda da öz əksini tapıb. Müvafiq icra strukturları ilə razılaşdırıldıqdan və ərazinin layihələndirmə işləri yekunlaşdıqdan sonra torpaqlar ilkin mərhələdə bələdiyyələr tərəfindən vətəndaşlara təqdim olunur. Təəssüf ki, torpaqların vətəndaşlara təqdim edilməsində də çox ciddi problemlər var. Çünki nəticə etibarı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən yenə də hərraca təqdim olunmalıydı. Bu hərraclarda isə bələdiyyələr iştirak etmir. Bələdiyyələrin orda işi ondan ibarətdir ki, torpaqların ilkin qiymətləndirməsi aparılır və nəticə etibarı ilə hərracla alqı-satqı həyata keçirilən zaman əldə edilən gəlirdən 8-12 faiz civarında bələdiyyələrin büdcəsinə köçürülür. Yəni, bələdiyyə hərraca çıxardığı torpağın satışında və digər proseslərdə iştirak edə bilmir”.

“Bütün səlahiyyətlər ayrı-ayrı dövlət qurumları arasında bölüşdürülüb, hansı ki, dünya təcrübəsində bu işləri bələdiyyələr görməlidir”

Bu gün bələdiyyələrlə vətəndaşlar arasında hər hansı bir təmasın, ünsiyyət formasının mümkünsüz olduğunu iddia edən iqtisadçı ekspertin sözlərinə görə, icarəyə verilən təyinatlar üzrə torpaq sahələri ilə bağlı da ciddi problemlər mövcuddur: “Belə ki, bu zaman yuxarıdan aşağı inzibati orqanlar – Nazirlər Kabineti, yerli icra hakimiyyətləri dövlət torpaq fondundan razılaşdırılaraq, müəyyən bir hissə bələdiyyələrə ayrılır. Bələdiyyə də bu torpaqları icarəyə verir. Əldə edilmiş gəlirlərə gəlincə, bu məsələdə də yenə icra hakimiyyəti nəzarət funksiyasını həyata keçirir. Bütün bunlar onu göstərir ki, bələdiyyələr həm torpaqların satışı, hərraca çıxarılması, həm də icarəyə verilməsi zamanı bütün hallarda icra hakimiyyətindən asılı bir yan quruma çevrilir. Bələdiyyələr hətta öz ərazi vahidləri üzrə yaşıllaşdırma işlərini də həyata keçirə bilmirlər. Yəni, bütün səlahiyyətlər ayrı-ayrı dövlət qurumları arasında bölüşdürülüb. Hansı ki, dünya təcrübəsində bu işləri bələdiyyələr görməlidir. Sadə dillə desək, Azərbaycanda bələdiyyələrin işi zibil toplayıb daşımaqdan o yana keçmir”.

“Vahid xəritə olmadığından, hər dövlət qurumunun özünün əlinin altında bir xəritə olduğuna görə həm vətəndaş əziyyət çəkir, həm də ortaya çox ciddi korrupsiya faktları çıxır”

Ekspert hesab edir ki, bələdiyyə torpaqlarının və onun üzərində tikilən daşınmaz əmlakın özəlləşdirilməsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarış əldə olunması zamanı yaşanan əngəlləri aradan qaldırmaq üçün ölkə başçısının 2008-ci ildə imzaladığı sərəncamı var: “Həmin sərəncamda göstərilir ki, bələdiyyə torpaqları yalnız hərrac yolu ilə satışa çıxarıla bilər. 2008-ci il dekabrın 31-nə qədər bələdiyyələr vasitəsiylə satışa çıxarılan torpaqlara vətəndaşlar mülkiyyət hüququ əldə edə bilirdilər. Lakin 12 ildir ki, yeni sərəncamla bu, mümkün olmur. Qanun buna icazə vermir. Hərraclara çıxarılarkən vətəndaşların uzun illərdir istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun əldə olunmasında bir sıra ən müxtəlif problemlər var. Azərbaycanda torpaqların təyinatı üzrə xəritəsi həyata keçirilməyib. Bəzən bələdiyyə elə yerdən torpaq sahəsi ayırır ki, “Azəriqaz”, “Azərsu” və digər dövlət qurumlarının həmin ərazidə mülkiyyət hüququ var. Yəni, dövlət qurumları ilə bələdiyyələrin torpaq üzərindəki mülkiyyət hüquqları tam aydınlaşmayıb. Bəzən torpaqlar ayrı-ayrı təşkilatlara aid olur, amma bələdiyyələr arayış və ya hər hansı bir sənəd formasında həmin torpaqları vətəndaşların istifadəsinə verir. Nəticə etibarı ilə hərraca çıxarılan zaman torpağın mülkiyyət hüququ ilə bağlı kənardan həm süni, həm də təbii olaraq iddiaçılar ortaya çıxır. Bu halda hərraclar baş tutmur və nəticə etibarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çıxarışların əldə edilməsi zamanı böyük korrupsiyanın yaranmasına səbəb olur. Təbii ki, burda müxtəlif bəhanələrlə yanaşı, faktiki problemlər də mövcuddur. Çünki Azərbaycanda torpaqların təkrar mülkiyyət hüquqları müəyyən olunmalı və təyinatları yenidən aparılmalıdır. Ona görə ki, ölkədə torpaqları hansı təyinatla, hansı mülkiyyət hüququyla və hansı formada satılması, yaxud mülkiyyətə verilməsi və mülkiyyətdən çıxarılmasını həyata keçirə bilmirlər. Bu səbəbdən də bir torpaq sahəsinə bəzən 3-4 çıxarış verilir. Bu gün dövlət qurumları arasında olan torpağa dair mülkiyyət hüquqları, yaxud torpağın təyinatına dair xəritələrin heç biri bir-birinə uyğun gəlmir. Məsələn, Əmlak Məsələləri Dövlət Xidmətində, torpaq şöbələrində və yerli icra hakimiyyətlərinin memarlıq idarələrindəki xəritələr bir-birindən fərqlidir. Şünki hələ də torpaq xəritələrinin vahid kadastrı həyata keçirilməyib. Buna görə də ortada çox ciddi korrupsiya faktları yaranır və vətəndaş mülkiyyət hüququ qazandıqdan sonra belə, yenə də qanuni mülkiyyətçi hesab edilməyə bilər. Yəni, istənilən vaxt dövlət orqanı qismində başqa bir iddiaçı ortaya çıxıb həmin torpağı vətəndaşdan, sahibkardan geri ala bilər. Odur ki, vahid xəritə olmadığından, hər dövlət qurumunun özünün əlinin altında bir xəritə olduğuna görə həm vətəndaş əziyyət çəkir, həm də ortaya çox ciddi korrupsiya faktları çıxır”.

Vazeh BƏHRAMOĞLU