Azərbaycanda 900 min nəfər muzdlu işçi 343 manatdan az maaş alır – Nazirlik rəqəmləri açıqladı

114

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə median əməkhaqqı səviyyəsini açıqlayıb. Nazirliyin məlumatına görə, median əməkhaqqı 343 manat təşkil edir.

Qeyd edək ki, median əməkhaqqı iqtisadiyyatda maaş cədvəlinə qol çəkən bütün işçilərin sayını ikiyə böldükdə həmin bölünmə nöqtəsinə düşən məbləğə bərabərdir.

İqtisadçı Rövşən Ağayev bildirir ki, Azərbaycanda median əməkhaqqının 343 manat olması o deməkdir ki, 1.8 mln. nəfərə yaxın muzdlu işçinin az qala 900 min nəfərinin məvacibi 343 manat və ondan aşağı səviyyədədir. “Hazırda orta maaşın 700 manatdan bir qədər yüksək olduğunu nəzərə alsaq, deməli median maaş orta əməkhaqqının 48%-nə bərabərdir. OECD-nin statistikasına görə, median və orta məvacib arasında fərq inkişaf etmiş və bir sıra Şərqi Avropa ölkələrində 10-25% arasında dəyişir. Azərbaycanda bu göstəricinin 2 dəfədən çox olması diqqəti çəkir. Müqayisə üçün deyim ki, Rusiyada hazırda median maaş orta əməkhaqqının 71%-nə bərabərdir”, – deyə ekspert qeyd edib.

R.Ağayevin sözlərinə görə, bir qayda olaraq yüksək maaşla minimum əmək haqqı arasında fərqin böyük olduğu, eləcə də daha çox insanın aşağı maaşla çalışdığı ölkələrdə bizdəki mənzərə alınır – median maaş orta əməkhaqqından əhəmiyyətli dərəcədə aşağı, minimum maaşa isə daha yaxın olur: “Çox heyf ki, açıqlanan statistikada özəl və dövlət sektorunun hər biri üzrə median maaşın məbləği ayrıca göstərilməyib. Əlavə olaraq, Nazirlik median pensiyaların da məbləğini açıqlasa, bu sahədə də mənzərə aydın görünərdi”.

İqtisadçı Toğrul Maşallı da bildirib ki, nazirliyin yaydığı məlumatdan ölkədə məşğul olan əhalinin 50 faizi – yəni 840,8 min nəfərinin 343 manatdan aşağı maaş aldığı məlum olur. “Minimal əməkhaqqı 250 manat olduğunu nəzərə alsaq, görə bilərik ki, 840 min insan 250-343 manat arasında maaş alır. Mən də bu göstəricini götürüb, 2017-2020-ci illərin müqayisəsini etdim. Təxmini müqayisədir, çünki 2020-ci ildən başqa digər illər üzrə konkret göstəricilər bizdə yoxdur. Biz bilirik ki, 2020-ci ildə 2017-ci il ilə müqayisədə median əməkhaqqı 66 faiz artıb. 2019-cu ildə isə artım 52 faiz olub”.

Qeyd edək ki, Azərbaycanda xüsusən özəl sektorda rəsmi maaşlarla real ödənilən əməkhaqqı arasında ciddi fərqlər var. Əksər sahibkarlıq subyektləri vergi və sosial ödənişləri az göstərmək üçün əməkhaqlarını və işçi sayını faktiki rəqəmlərdən az göstərirlər.

“AzPolitika.info”