Azərbaycanda 28 günlük Çin karantini tətbiqi təklifi

99

Bəzi həkim-ekspertlər koronavirusla mübarizənin ən effektiv yolunu kütləvi qapanmada görürlər, amma…

Dünyada koronavirusa yoluxanların sayı yenə artmaqda davam edir. Son həftədə Türkiyədə də infeksiyasının  yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artım müşahidə edilib. Azərbaycanda isə son olaraq  2075 gündəlik yoluxma aşkarlanıb, virusdan 32 ölüm qeydə alınıb.

Hökumətin davranışları onu deməyə əsas verir ki, gündəlik yoluxma 5 min rəqəminin altında olanadək, sərt karantin tətbiq etməməkdə qərarlıdır. Bəzi həkim-ekspertlər koronavirusla mübarizənin ən effektiv yolunu kütləvi qapanmada görürlər. 28 gün müddətində tamamilə hər yer bağlanmalı və bundan sonra mərhələli şəkildə yumşaldılmalar olmalıdır. Çinin koronavirusla mübarizədə tətbiq etdiyi bu qayda ilə virusa qalib gəldiyi qeyd edilir.

Görəsən, çıxış yolu sərt karantin rejiminin tətbiq olunmasındadırmı? Nəyə görə hələ də vaksin olunanların sayı azdır?

Vüqar Cavadzadə: Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə,  antiviral preparatlar qəbul edirlər - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Vüqar Cavadzadə

Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hazırda epidemik vəziyyət stabil olaraq davam edir. Hələ ki yoluxmalar gündəlik 2000-2200 civarında dəyişir. Ümumi nəzarət oluna bilir ki, artım baş vermir. Epidemik proses nəzarət altındadır. Sərt karantin rejiminə gedilməsi üçün əsas görmürəm. Amma buna baxmayaraq yenə vəziyyət gərginləşə bilər. Hamımız nəzərə almalıyıq ki, qarşıdan  yay gəlir. Elə etməliyik ki,  yayda sərt karantində evdə oturmayaq. Yayda bol-bol günəş qəbul edək, immunitetimiz möhkəm olsun ki, qışa hazırlaşaq. Qışda yoluxanda belə xəstəliyi yüngül keçirək”.

İnfeksionist insanların çöldə “maska taxmayaq” kimi çağırışlarına da münasibət bildirib: “Hazırkı pandemiya dövründə maskasız gəzmək özü bir təhlükədir. Bütün dünyada hazırda hamı maska taxır. Yoluxmalar artmağa doğru gedir. Son həftələrdə görürsüz, Türkiyə tədbirləri daha da sərtləşdirdi. Bizdə də vaksinasiya prosesi davam etdirilir. Vaksinasiya dönəmində maskadan imtina etmək vaksin olunan şəxslərin sayının azalmasına səbəb ola bilər.

Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı? - AÇIQLAMA - xeberler

Çünki yoluxanda vaksin etmirlər. Biz maskadan o zaman imtina edə bilərik ki, vaksin olunan insanların sayı kifayət qədər yüksək olsun. Səhv etmirsəmsə, İzraildə maska taxılması tələbi götürülüb, çünki orada əhalinin 60-70 faizi vaksinasiyadan keçib. Bizdə isə hələ əhalinin 10 faizi peyvənd olunub”.

Cavadzadə onu da əlavə edib ki, koronavirusla bağlı vəziyyət əvvəlki kimi ağır gedişatlıdır: “Bir ay əvvəl vəziyyət necə idisə, elə də davam edir. Yoluxmalar stabil yüksək olaraq getdiyi kimi xəstələr qısa müddətdə ağırlaşır. Hətta ilkin aparılan müalicələr xəstələrə effekt vermir. Son ay görürəm ki, daha çox ağırlaşan yaşlılar, yanaşı xəstəliyi olanlardı, böyük əksəriyyət insanlar isə vaksinasiyadan kənarda qalanlardı. Soruşursan, deyir vaksin olunmamışam. Halbuki yanaşı xəstəliyi var. Təbii ki, vaksinasiya könüllü olaraq aparılır, heç kimə məcbur edilmir. Amma insanlar düşünməlidirlər ki, xroniki xəstəlik varsa, yoluxub ağır keçirə bilərlər, heç olmasa peyvənd olunsunlar ki, yüngül keçirsinlər. Yanaşı xəstəliyi olanlar yoluxur, xəstəliyi ağır keçirirlər, yanaşı xəstəliyi olduğuna görə təyin olunan preparatlar istənilən effekti vermir, ona görə ölüm sayı artır”.

İnfeksionist test nəticəsi pozitiv çıxan insanların yanlış müalicəsindən də danışıb: “İlk öncə onu qeyd edim ki, PZR testi pozitiv olan şəxslər iki həftə müddətində ev şəraitində özlərini təcrid etməlidirlər. Özünü təcrid etməklə onlar ətrafda olan insanları virusa yoluxdurmur, eyni zamanda xəstəlik inkişaf edərsə, onun ağırlaşmasının qarşısı alınır. Xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələr də ev şəraitində həkim nəzarətində olmalıdır. Testi pozitiv çıxan, lakin heç bir klinik laborator dəyişikliyi olmayan şəxslərə müalicə təyin edilmir. Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, yanaşı xəstəliyi, xəstəliyin ağırlıq dərəcəsi və  s. kimi şərtlər mütləq nəzərə alınmalıdır. Xəstəliyin ağırlıq dərəcəsindən, yanaşı xəstəliklərdən asılı olaraq müalicə müddəti dəyişilə bilər. Orta hesabla müalicə müddəti 2 həftədir. Ağırlaşmış xəstələrdə bu müddət uzana bilər. Qeyd etdiyim kimi, xəstəliyi simptomsuz keçirən şəxslərə heç bir müalicə təyin edilmir. Bu şəxslər yalnız özlərini ev şəraitində iki həftə təcrid etməlidir. Xəstəliyi yüngül keçirənlərə 10-14 gün müddətində yalnız tərkibi vitaminlər və minerallarla zəngin olan polivitaminlər təyin edilə bilər. Xəstəliyi yüngül və orta ağır keçirən şəxslər gün ərzində bol maye qəbul etməli, kifayət qədər vitamin və zülalla zəngin qidalarla qidalanmalıdırlar. Xəstəliyi ağır keçirən şəxslərin daimi olaraq həkim nəzarəti, laborator müayinələr və oksigenə ehtiyacı olduğu üçün stasionar müalicə olunması zəruridir. Evdə müalicə prinsiplərinə elə riayət olunmalıdır ki, sonradan xəstə ağırlaşıb xəstəxanaya  düşməsin. Çox təəssüflə onu qeyd etmək istəyirəm ki, test nəticəsi pozitiv çıxan kimi vətəndaşlarımız müxtəlif qruplardan olan antibiotiklər qəbul edirlər. Bəzi hallarda isə zərurət olmadan ilkin olaraq ehtiyat antibiotiklərdən istifadə edilir. Onu da qeyd edim ki, hər xəstəyə antibiotik təyin edilmir. Ümumiyyətlə, antibiotiklər həkim müayinəsindən sonra təyin edilməlidir. Xəstəliyi simptomsuz və yüngül keçirən şəxslərə antibiotik təyin edilmir. Xəstəliyi orta-ağır keçirənlərə isə antibiotiklər laborator müayinələrin nəticələrinə əsasən təyin edilməlidir. Antibiotiklərin düzgün seçimi üçün antibiotikoqramma aparılmalıdır. Antibiotiklərin gündəlik dozası, təyin olunma müddəti mütləq həkim tərəfindən müəyyən edilməlidir. Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda xəstələr uzun müddət antibiotik qəbul edirlər ki, bu da sonradan ağırlaşmalara səbəb olur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”