Azərbaycanda 21 dövlət şirkəti özəlləşdiriləcək? – Mikayıl Cabbarov hökumətin planlarını açıqladı

348

İqtisadiyyat naziri Mikayıl Cabbarov nufuzlu “Bloomberg” Agentliyinə müsahibə verib.

Nazir bildirib ki, Azərbaycan iqtisadiyyatı bu il COVİD-19 pandemiyasının yaratdığı tənəzzüldən və qonşu Ermənistanın işğal etdiyi ərazilərə nəzarəti bərpa etdikdən sonra yenidən canlanır. M.Cabbarov 2020-ci ilə nisbətdə ümumi daxili məhsulun 4.3 faiz artacağının proqnozlaşdırıldığını qeyd edib. “2021-ci ilə dair gözləntilərimiz Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarından daha nikbindir”, – deyə nazir əlavə edib.

Xatırladaq ki, Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının 1,9 faiz böyüyəcəyini, BVF isə 2 faiz genişlənəcəyini proqnozlaşdırır. “Böyümə Azərbaycanda bazar ertəsindən başlayan COVİD-19-a qarşı vaksinasiya proqramının müvəffəqiyyətindən asılı olsa da, Azərbaycan iqtisadiyyatı üçün vacib olan sahələrdə artımın olacağından əminik”, – Cabbarov vurğulayıb.

Nazir müharibədən sonra geri qaytarılmış ərazilərdə böyük yenidənqurma planlarını, sərhədlərin yenidən açılmasını, bölgədəki nəqliyyat əlaqələrinin bərpasını yeni geosiyasi reallıqlar adlandırıb və bunun Azərbaycanda iqtisadi böyüməyə və məşğulluğa əhəmiyyətli töhfə verəcəyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu il işğaldan azad edilmiş bölgələrdə 2,2 milyard manat (1,3 milyard dollar) xərcləyəcək: “10 illik inkişaf planına əsasən 2030-cu ilədək Azərbaycanın ÜDM-nin ikiqat artırılması nəzrdə tutulur. Bu, illik 7 faiz iqtisadi böyümə tələb edən çətin hədəfdir. İqtisadi yüksəlişi təmin etmək üçün 21 böyük dövlət şirkətinin iştirakı ilə yaradılan yeni dövlət holdinqində effektivliyi və korporativ idarəçiliyi yüksəltmək, eyni zamanda onları mümkün özəlləşdirməyə hazırlamaq nəzərdə tutulub”.

Nazir deyib ki, bütün dövlət şirkətləri özəlləşdirilməyəcək. M.Cabbarovun sözlərinə görə, buna baxmayaraq Azərbaycan özəlləşdirmə proqramı qəbul etmək niyyətindədir. Bura indiyə qədər təklif edilməmiş yeni aktivlər daxil ediləcək: “Biz müəyyən edilmiş vaxt müddətində “özəlləşdirmə xətrinə özəlləşdirmə” keçirməyi doğru saymırıq. Ona görə, biz investisiya holdinq şirkəti yaratmışıq. Bu holdinqə işləmək və səhmlərinin dəyərlərini böyütmək imkanı verilib”.

Mikayıl Cabbarov ərazilərin işğaldan azad edilməsinin Qafqazdakı sabitliyi yaxşılaşdıracağını, Azərbaycanın daha çox ticarət və mal tranziti həyata keçirən bir mərkəzə çevriləcəyini vurğulayıb. Nazir qeyd edib ki, bu əməkdaşlıq Ermənistana da şamil edilə bilər: “Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyü bərpa edildiyi üçün Azərbaycanın heç bir qonşusu ilə problemi olmadığını açıq şəkildə bildirib. Rusiya, Ermənistan və Azərbaycanın ortaq hökumət komissiyası bu ay regional nəqliyyat əlaqələrinin bərpası planları ilə bağlı işə başlayacaq. Qarşılıqlı əməkdaşlıq onda iştirak edən bütün ölkələrə fayda gətirəcək”.

“AzPolitika.info”