Azərbaycan ziyalısını susumağa məcbur edən nədir?

102

Fazil Mustafa: “Azərbaycanda müstəqil ziyalı obrazını tapmaq çox çətindir…”

Tural Abbaslı: “Ziyalılar söz deyən kimi həyatları qaralır”

Sovetlər birliyi dövründən bu günə qədər Azərbaycanda hakimiyyətdə olan qüvvələr ziyalıların susdurulması üçün daim iş aparıblar. Məhz bunun nəticəsidir ki, Azərbaycanda ziyalıların böyük əksəriyyəti ölkədə baş verən neqativ proseslərə reaksiya verməkdən ehtiyat edib. Susmayıb, etiraz edənlər isə müxtəlif məhrumiyyətlərə düçar edilib. Bəzi hallarda isə Azərbaycanda ziyalı kimi təqdim olunan insanlara vəzifə, yüksək maaş, müxtəlif təltiflər, mənzil və s. verməklə, onların “dilini bağlayıblar”. Bu insanlar bir çoxu isə zamanla öz susqunluğunu hakimiyyətə tərif deməklə əvəzləyib.

Çox təəssüf ki, ziyalıların bu susqunluğu hələ də davam etməkdədir. Hətta bu gün tənqidi fikirlərə kifayət qədər dözümlü yanaşılsa belə, sanki keçmişin xofu ziyalılarımızın içərisindən çıxmayıb. Təsadüfi deyil ki, biz son vaxtlar ölkədə baş verən bir sıra xoşagəlməz hadisələrdə biz cəmiyyət olaraq ziyalı mövqeyi ilə qarşılaşmadıq. Məsələn, Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızının intim videosunun yayılması xalqımızı və dövlətimizi nüfuzdan salan bir hadisə olsa da, bir neçə nəfər istisna olmaqla, əksər ziyalıların bu cür biabırçılığa son qoyulması ilə bağlı çağırışını eşitmədik…

Görəsən, Azərbaycan ziyalısı ölkədə baş verən neqativ hallara qarşı niyə hələ də susqunluq nümayiş etdirir?

Mövzuyla bağlı millət vəkili Fazil Mustafa “Hürriyyət”ə açıqlamasında dedi ki, insanların şəxsi həyatının bu cür təqdim olunması, xüsusilə də siyasi fəaliyyətlə məşğul olan şəxslərin ailə üzvləriylə bağlı belə ittihamların ortalığa atılması mədəni səviyyənin yüksək olmamağının göstəricisidir. Deputat Azərbaycanda ziyalıların susqunluq nümayiş etdirməsinə münasibət bildirərkən, onların əvvəlki kimi cəmiyyətdə avtoritetə sahib olmadığını vurğuladı: “Azərbaycanda ziyalı anlayışına uyğun adamların sayı elə də çox deyil. Bu gün ziyalılar əvvəlki cəmiyyətdə avtoritetə sahib gildiya formalaşdıra bilməyiblər. Fərdi qaydada, tək-tək kimlərsə ola bilər. Amma bütövlükdə bu parametrlərə uyğun gələnlərin sayı çox deyil. Konkret sözügedən hadisəylə bağlı demək olar ki, bütün cəmiyyətlərdə xoşagəlməz hadisələr olur. İnsanların şəxsi həyatının bu cür təqdim olunması, xüsusilə də siyasi fəaliyyətlə məşğul olan şəxslərin ailə üzvləriylə bağlı belə ittihamların ortalığa atılması və belə ifşaedici materialların göstərilməsi mədəni səviyyənin yüksək olmamağının göstəricisidir. Çünki mübarizə şəxslərin özləriylə aparıla bilər. Amma həmin şəxslər özləri bu və ya digər cəhətdən Youtube sosial şəbəkəsində müxtəlif xaricdə yaşayan tərbiyəsiz ünsürlər vasitəsilə başqa insanların da şəxsi həyatına, ailəsinə böhtan xarakterli fikirlər səsləndirilən zaman bunu təşviq edirlər. Bunu hər hansısa şəkildə qınamırlar. Hətta bizləri də təhqir ediblər. Müxtəlif dövlət xadimlərini də təhqirə məruz qoyublar. Məlum olub ki, bu insanlar arxa planda öz qohumları və ya yaxınlarıdır. Bunu da təşviq edirlər. Başa düşürəm ki, siyasi mübarizədə atılan müəyyən addımlar əks-effektlər doğurur. Başqaları da bunu cavab olaraq düşünür. Amma bu cür qeyri mədəni üslubdan uzaqlaşmaq lazımdır. Hansısa şəxsin siyasi fəaliyyəti onu qane etmirsə, sırf siyasi fəaliyyət üzərindən onunla mübarizə apara bilər. Bu cür metodlarla mübarizə aparmaq düzgün deyil”.

Fazil Mustafa Azərbaycan ziyalılarının böyük əksəriyyətinin təsir altında olduğunu dedi. O bildirdi ki, ziyalılar ya hökümətdən təlimat alıb addımlarını atır, ya da kütlədən təlimat alıb addım atırlar: “Təbii ki, hər kəsin özünə cavabdehlik daşıdığı bir cəmiyyətə gəlib çıxmışıq. Bu, müəyyən dərəcədə xoşagəlməyən problemdir. Siyasətlə məşğul olan düşünməlidir ki, əgər bu yola giribsə, özünün müəyyən əxlaqi və mənəvi davranışlarına diqqət etməlidir. Amma bütün hallarda ailə üzvlərinin üzərindən kiminsə ittiham olunması doğru əməl deyil. Konkret şəxsin özünün hansısa bir şəkildə davranışında qeyri-əxlaqi və ya başqa addımlar üzə çıxırsa ittiham olunması mümkündür. Belə olan halda həmin şəxsin üzərinə getmək doğrudur. Hər halda bu cür hallar xoşagələn deyil. Bunu qınayıram və doğru baxmıram. Hesab edirəm ki, bu cəmiyyətdə də iyrənc bir siyasi mübarizə üsulu yaradır. Amma bunun subyekti olaraq dərhal iqtidarın göstərilməsinin də tərəfdarı deyiləm. Çünki əxlaqsız davranışı situmullaşdıran insanlar ola bilsin ki, həm iqtidarda, həm də müxalifətdə var. Yəni bu bir zehniyyət məsələsidir. Əminəm ki, iqtidarda olan insanların xeyli hissəsi bu cür addımları bəyənmirlər. Buna da qarşı çıxırlar. Eyni zamanda, müxalifətdə olan, yaxud da heç bir siyasi mənsubiyyəti olmayan insanlar da buna yaxşı baxmır. Bu, pis ənənədir.

Amma bütövlükdə bu ənənənin dayandırılması vacibdir. Siyasi mübarizənin aparılma etikası cəmiyyətdə mənimsənilməlidir. Təbii ki, bu, hər tərəfdən mənimsənilməlidir. Bir tərəfin əlində kiçik imkanlar var və o imkanlarla təhqir edir, digər tərəfin əlində isə daha böyük imkanlar var, o da daha böyük imkanlarla ifşaedici addımlar atacaqsa, bu, Azərbaycanda ciddi mənəvi qarşıdurmanın dərinləşməsinə gətirib çıxara bilər. Hər halda bundan çəkinmək lazımdır. Bu cür hərəkətlərin bəyənilməsi mümkün deyil. Bu, hamı tərəfindən qınanılmalıdır.

Ziyalılar məsələsinə gəldik də isə, Azərbaycan ziyalılarının böyük əksəriyyəti təsir altında davranırlar. Onlar ya hökümətdən təlimat alıb addımlarını atır, yaxud da kütlədən təlimat alıb addım atırlar. Elələri də var ki, həm kütlənin, həm də hökümətin  xoşuna gəlmək üçün addımlar atır. Bunlar daha ikiüzlülərdir. Həm hakimiyyətin məclislərində otururlar, həm də kütləyə xoş gəlmək üçün onların dediklərini təkrarlayırlar. Bütövlükdə isə müstəqil ziyalı obrazını Azərbaycanda tapmaq çox çətindir. Bu da acınacaqlı durumumuzdur. Çünki həqiqəti söyləyəcək mənbəmiz yoxdur”.

Ağ Partiyanın sədri Tural Abbaslıyla isə ziyalıların danışması və ədalətli mövqe sərgiləməsinin iqtidarın da maraqlarına uyğun ola biləcəyini deyir: “Əslində, bu cür məsələlərdə ziyalıların günahını görmürəm. Ziyalılar nə vaxt danışırlarsa, başlarına oyun açırlar. Xatırayırsınızsa, sonuncu dəfə Rasim Balayevin və Rafiq Əliyevin siyasi bəyanatlarına görə onları az qala linç etmişdilər. Hətta Rafiq Əliyevi işlədiyi ali təhsil müəssisəsindən xaric etmişdilər. Yəni insanlar qorxub, çəkinirlər. Ziyalı mövqeyini ortaya qoymaqdan qorxurlar. Bu da təbiidir…

Təəssüflə qeyd edək ki, bu günə qədər dövlət təsir mexanizmi əleyhinə çıxan hamını əzib. Bu baxımdan, ziyalıları da qınamaq olmaz. Biri universitetdə müəllim işləyir, biri rektor və ya prorektordur, söz deyən kimi də həyatları qaralır. İşdən qovulurlar, fəxri adlarını əllərindən alırlar, şəraitlərini ağırlaşdırırlar və s. Ona görə də ziyalılar nisbətən çəkingən mövqedədirlər. Bəzi ziyalılarımız var ki, neqativ hallara qarşı münasibət bildirirlər.

Amma hamıdan da qəhrəmanlıq gözləmək doğru deyil. İqtidar başa düşməlidir ki, ziyalıların danışması və ədalətli mövqe sərgiləməsi iqtidarın da maraqlarına uyğundur. Çünki ziyalılar bitərəf və obyektiv mövqeydən çıxış etsələr, bu nə vaxtsa iqtidarın da faydasına olacaq. İqtidarın da əleyhinə hansısa yanlış məlumatlar olarsa, ziyalı mövqeyi bunun qarşısında duracaq. İqtidarsa deyir ki, ziyalı ya mənim yanımda olmalıdır, ya da susmalıdır. Bu baxımdan çoxları susur. Bu susqunluq da cəmiyyətdə anormallığın artmasına, obyektiv mövqeyin yoxa çıxmasına xidmət edir. Hansı ki, bu da yanlışdır. Güman edək ki, iqtidar artıq yeni elan etdiyi siyasi konfiqurasiya və dioloq mühitində bu məsələyə də diqqət ayırar. Nəticədə susan ziyalı yox, obyektiv, hər şeyə münasibət bildirən və ziyalı mövqeyi sərgiləyən bir ziyalı obrazı yaradılacaq”.

YƏHYA

P.S. Gəlin razılaşaq ki, xalqın rəğbət bəslədiyi ziyalıların susqunluq nümayiş etdirməsi doğru hal deyil. Cəmil Həsənlinin ailə üzvüylə bağlı baş verən xoşagəlməz hadisəni bir kənara qoyaq. Bəs, ərəblərin Azərbaycanda “qırmızı kitab”a düşən heyvanlarımızı ovlamasına niyə ziyalılar tərəfindən susqunluq nümayiş etdirildi? Əslində, bu məsələdə ərəblərlə yanaşı, onları Azərbaycana gətirən, bütün qoruqların qapılarını onların üzünə açan və hətta ərəblərə dövlət hesabına helikopter ayıran məmurlar qınanmalı və ifşa edilməl idi. Təəssüf ki, sosial şəbəkə istifadəçilərindən başqa, bir nəfər də olsun ziyalı mövqeyi görmədik…