Azərbaycan vətəndaşı olan baş terrorçunun Moskva yolçuluğu – Rusiya ekstradisiya qərarı verəcəkmi?

159

Qarabağ terrorçularının başçısı Araik Arutyunyanın Rusiya səfəri gündəmin əsas müzakirə mövzularındandır. Bin Laden xislətli bu caninin elə hava limanına enən kimi qandallanması üçün kifayət qədər əsaslar olduğu halda, onun Moskvaya səfərinə “yaşıl işıq” yandırılması cəmiyyətimizdə haqlı qəzəb doğurub.

Əvvəlki illərdə Qarabağdakı qondarma rejimə başçılıq edən Bako Saakyan, Arkadi Qukasyan kimi canilər də Ermənistan pasportu ilə Moskvadan vurub, Parisdən çıxır, Brüsseldə sülənir, ABŞ-dakı telemarafonlarda dilənçilik edirdilər. Yəni bu kimi faktlar bizimçün təəccüblü deyil. Amma indi vəziyyət başqadır. O zamanlar Azərbaycan bayrağı Şuşada dalğalanmırdı, unutmasınlar! Bu gün prosesləri diktə edən “Dəmir yumruq” var…

İndi Azərbaycan xalqı və dövləti Rusiyadan izahat gözləyir. Beynəlxalq qanunlara görə, Arutyunyan Azərbaycan vətəndaşıdır. Bir daha xatırladaq: Arayik Vladimiri Arutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycan SSR-in Xankəndi şəhərində anadan olub. Əgər səfər başqa ölkənin, məsələn, Ermənistanın pasportu ilə baş tutubsa, buna da bəraət qazandırmaq olmaz. Təəssüf ki, Azərbaycanın maraqlarına və etirazlarına rəğmən bir separatçı, terrorbaşının səfərinə imkan tanınır, onunla hansısa səviyyələrdə təmaslar qurulur.

Rusiya 10 noyabr bəyannaməsindən sonra Qarabağ məsələsinə baxışlarının dəyişdiyini, proseslərə ədalətli yanaşacağını nümayiş etdirməyə çalışıb. Azərbaycan da Rusiyaya güvənərək, Qarabağ məsələsində, sülhyaratma prosesində bu ölkəyə “stavka” edib, ona mühüm rol verib, Qərbdən çoxsaylı etirazlara, təzyiqlərə rəğmən. Ancaq bu cür addımlar Rusiyanın bu rolunu ictimai rəydə, həmçinin dövlət nəzdində sıfırlayır. Azərbaycan ictimaiyyəti Rusiyanın bu davranışlarına haqlı olaraq etiraz edir, qəzəb püskürür.

Prezident Putinin məlumat bəyanatını bir daha xatırlayaq. Sitat: “Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”. Ermənistan xaric, buna şübhə edən də yoxdur. Deməli, Qarabağın dağlıq hissəsindəki Xankəndi ilə bağlı hər xırda detalla bağlı rəsmi Bakının mövqeyi nəzərə alınmalıdır, məntiqlə. Olmaya rəsmi Moskva prezident Putini “eşitmir”…

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rustam Muradovu İrəvan aeroportunda Arutyunyanla qucaqlaşan görmədikmi? Pandemiya dövründə, nəinki dövlət rəsmilərinin, hətta qardaşın-qardaşla məsafə saxladığı zamanda bu, nə qucaqlaşma, nə öpüşüb-görüşmə idi? Şübhəsiz ki, təsadüfi deyildi, mesaj idi…Bununla həm Qarabağdakı erməni quldurlarına “qorxmayın, sizinləyik”, deyildi, həm də İrəvanda Arutyunyanı devirmək istəyən qüvvələrə “yerinizdə oturun” xəbərdarlığı edildi.

Dar ayaqda Arutyunyanın özünü xilas üçün Rusiyaya üz tutması gözlənilməz sayılmamalıdır. İllər boyu Köçəryan və Sərksiyan kimi Xocalı canilərini himayə edən Rusiya indi də Arutunyana sahiblənir…Araikin Moskvaya ilk məxfi səfəri hələ ötən ilin noyabrında olmuşdu. Erməni mediası yazırdı ki, Paşinyan onu Samvel Babayanla əvəzləmək planı üzərində çalışdığı üçün qondarma qurumun başçısı özünü Rusiyaya yetirib.

Bir müddət əvvəlsə belə xəbər yayıldı ki, Qarabağ separatçılarının lideri tezliklə cinayət işlərinin biri ilə bağlı istintaqa çağırılacaq. Deməli, Araik “Soros uşağı”nın qəzəbindən xilas üçün “Rus çətir”ini seçib. Təbii ki, Rusiyadakı “dirijor”ların diktəsilə…İndiki durumda o, Qarabağ bölgəsində maraqlarını həyata keçirmək istəyən Rusiyadakı dairələrə çox lazımdır. İkinci belə qulu tapmaq üçün zaman lazımdır…İstənilən halda, bu “bazarlıq” Azərbaycan qanunlarının pozulması hesabına olmamalıdır!

Az öncə Qarabağdakı qondarma qurumun rus dilinə “ikinci rəsmi dil” statusu verməsi barədə “qərar”ı da Rusiyaya xoş gəlmək üçün düşünülmüş addım idi. Fakt budur ki, Qarabağ erməniləri və onların başında dayananlar Rusiya sülhməramlılarına özlərinin xilaskarı kimi baxırlar. Üstəlik, Muradovun rəhbərlik etdiyi kontingentin pərdə arxasında və üzdəki davranışları da ordakı canilərə stimul verir.

Rəsmi Moskva nəzərə almalıdır ki, bütün bunlar Rusiya-Azərbaycan münasibətlərinə ciddi şəkildə xələl gətirən hallardır. Əslində bu günlərdə Rusiyaya ünvanlanmış cavabsız suallar çoxdur. Bu sualların başında Şuşaya atılan “İskəndər-M” müəmması dayanır. Hələ ki, verilən cavablar qaneedici deyil və dövlətimiz təkidlə Moskvadan məsələlərə aydınlıq gətirilməsini istəyir. Biz qadağan olunmuş operativ taktiki raket komplekslərinin Ermənistanın əlinə necə keçməsi haqda suallara cavab gözlədiyimiz halda, Rusiya sülhməramlıları Xankəndidə “hərbi parad”a hazırlıq görürlər. Hələ statusu bəlli olmayan, fəaliyyəti Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilməyən kontingent özünü Qarabağın sahibi kimi aparmaq istəyir. Belə bir məqamda Arutyunyanın Rusiyaya növbəti yolçuluğu başlayır. Təsadüfdürmü? Təbii ki, yox! O da istisna deyil ki, erməni terrorçularını aparmaq üçün gələn Rustam Muradov Bakıdan İrəvana əliboş göndərilməsini sinirə bilməyib və ardınca “Arutyunyan projesi” işə salınıb…

Arutyunyanın 90-cı illərdəki cinayətləri onun qandallanması üçün yetərlidir. Bu, uşaq qatili hələ 1992-ci ildən Qarabağdakı qanunsuz silahlı dəstələrə qoşulub, Azərbaycanda qarşı döyüşlərdə iştirak edib. Sonrakı dönəmlərdə qondarma qurumun “rəhbərliyində” təmsil olunmaqla qanunlarımızı pozub.

Ən asası, bu adam qiyafəli cani özü etiraf edib ki, ballistik raketlər Azərbaycanın dinc əhalisinin yaşadığı məntəqələrə, şəhərlərə onun əmri ilə atılıb. 44 günlük müharibə günlərində Gəncə şəhərinin dinc əhalisi raket atəşinə tutulandan sonra Arutyunyan çıxıb dedi ki, əmri mən vermişəm.

4 oktyabrda Arutyunyan Twitter hesabında yazıb: “Bildirirəm ki, biz zarafat etmirdik. Bu gün əmr verdim ki, Gəncədə hərbi obyektlər neytrallaşdırılsın”.

Arutyunyanın “zarafat” sözü Serj Sərkisyanın Tomas de Valla Xocalı ilə bağlı etirafını xatırlatdı. Sitat: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar”. Beləcə, canilər körpələri, qadınları yatdığı yerdə qətlə yetirdiklərini fəxarətlə deyirlər illər dəyişsə də… Arutyunyan müharibə cinayəti, insanlıq suçu törədib, beləsinin yeri həbsxanadır!

Rusiya unutmamalıdır ki, özünü “prezident” adlandıran Arayik Arutyunyanla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib ki, Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb. Oktyabr ayının 4-dən İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Arutyunyan qandallanmalı və vətəndaşı olduğu ölkəyə – Azərbaycana təhvil verilməli idi. Bunun əksi beynəlxalq qanunların və ikitərəfli razılaşmaların pozulması, əməkdaşlığa xələl gətirilməsidir. Özü də o, tək deyil. Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Arman Babacanyan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib. Heç şübhəsiz bu ay Bakıya səfər edən Rusiya Baş prokuroruna da bu haqda əsaslı faktlar təqdim olunub…

Prezidentin köməkçisi Hikmət Hacıyev Gəncəyə qarşı terror hücumunu “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı” adlandırmışdı. Arutyunyan bu soyqırım aktının müəllifi olduğunu iddia etməklə sələfi Serj Sərkisyanın Xocalı etiraflarını xatırlatdı bizə.

Rusiyanın beynəlxalq axtarışa verdiyi hansısa separatçının səsi Bakıdan gəlsəydi, Kreml buna susardımı? Heç vaxt! Əgər gerçəkdən sülhməramlı olduğuna inandırmaq istəyirsə, o halda sülhü pozan, dinc insanları qətlə yetirən, ərazi bürtövlüyümüzə qəsd edən Arutunyanın Bakıya “etap”ını gözləyirik…Separatçı Fəxrəddin Aboszadə kimi…Bunun əksi Azərbaycanı özündən uzaqlaşdırmaqdır…

Əgər Rusiya hüquq-mühafizə orqanları Araiki həbs edə bilmirsə, onda sülhməramlılar çəkilsinlər, Azərbaycan Xankəndidə ədaləti bərqərar etsin. Gəncənin dinc sakinlərini yatdığı yerdə qətlə yetirdiyini fəxarətlə bəyan edən caninin Moskvada əl-qolunu sallayaraq sərbəst gəzməsi Rusiya kimi dövlətin imicinə zərbədir. Söhbət insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş beynəlxalq canidən gedir. Qarabağdakı Araik adlı “qara ilan”ın (Karailanın məsləkdaşının) başı əzilməsə, bölgədə sakitlik yaranmayacaq, birgəyaşayış mümkünsüz olacaq.

Elşad Paşasoy,

Musavat.com