Azərbaycan SSR-nin 1990-cı il və 2021-ci il dövlət büdcəsinin müqayisəli TƏHLİLİ

30

Bu məqsədlə Azərbaycan SSRİ-nin 1990-cı il dövlət büdcəsinin qəbul edilməsi və 1988-ci il dövlət büdcəsinin icrası haqqında ASSR maliyyə naziri B.N.Qarayevin məruzəsini, AR-nin 2021-ci il dövlət büdcəsi haqqında AR-nin Qanununu və “AR-nin 2021-ci il dövlət büdcəsi haqqında” AR-ı qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə AR prezidentinin Fərmanını nəzərdən keçirək.

Məruzədə deyilir: “Dövlət büdcəsinin layihəsi respublikada iqtisadiyyatın və maliyyənin mövcud vəziyyəti nəzərə alınmaqla mədaxil (gəlirlər) üzrə 4.121,7 mln. manat məbləğində, məxaric (xərclər) cari il üçün təsdiq edilmiş büdcəyə nisbətən 12,1% artıq nəzərdə tutulmuşdur. Məxaricin mədaxildən artıqlığı (kəsir) 150,0 mln manat təşkil edir. Büdcə kəsirini büdcənin icrası gedişində xalq təsərrüfatı sahələrində maliyyə ehtiyatlarını artırmaq üçün əlavə tədbirlər görmək, dövlət kooperativ və digər ictimai müəssisə və təşkilatlarda könüllü yayılan respublika daxili istiqraz buraxılışı hesabına doldurmaq nəzərdə tutulub. (Seçmələr mənimdir-R.Z.)

İnkişaf büdcəsi geniş təkrar istehsalın maliyyələşdirilməsi ilə əlaqədar idi.

Büdcədə dövrün maliyyə siyasətinin strategiyası tamamilə öz əksini tapmış, sosial tələbata vəsait qoyuluşu artmış, büdcənin bütün xərc maddələri üzrə qənaətcillik, müəssisələrin qazancları vəsait hesabına maddi istehsalın maliyyələşdirilməsi üçün təsərrüfat hesabının yaratdığı imkanlardan daha tam istifadə etmək xəttinin yeridilməsi nəzərdə tutulmuşdur.

Büdcənin məxaricində (xərclərində) xalqın sosial tələbatının ödənilməsi məsələlərinə; ərzaq problemin həllinə, sosial-mədəni müəssisələr şəbəkəsinin saxlanmasına və inkişafına, onların maddi-texniki bazalarının möhkəmləndirilməsinə, əhalinin mənzil-kommunal və məişət şəraitinin yaxşılaşdırılmasına, birinci dərəcəli əhəmiyyət verilmişdir.

Sosial-mədəni tədbirlərə ayrılan vəsait cari ildəkindən 437,1 manat artaraq 2.370,9 mln. manat, 55,5%-ni təşkil edir.

Təhsil üzrə bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Səhiyyə üzrə adambaşına illik büdcə xərcləri: 47 manat 1988-ci il, 50,8 manat 1989-cu il və 70,6 manat 1990-cı il üçün vəsait nəzərdə tutulmuşdur.

Bədən tərbiyəsi və idmana 4,7 mln manat vəsait ayrılmışdır.

Sosial təminat üçün büdcə xərcləri ötən (1989) ilə nisbtən xeyli artmış və bu məqsədlə büdcədən bu sahəyə 629,3 mln manat vəsait ayrılması nəzərdə tutulmuşdur.

Bütün mənbələr hesabına sosial təminat və sosial sığortaya 917,3 mln manat (21,5%) vəsait ayrılmışdır.

Xalq təsərrüfatının maliyyələşdirilməsinə büdcə vəsaitindən 1.902,4 mln manat aqrar sənaye komplekslərinin maliyyələşdirilməsinə yönəldilmişdir.

Büdcədən əsaslı vəsait qoyuluşunun maliyyələşdirilməsinə (Respublika Nazirlər Kabinetinin tabeliyində olan təsərrüfatlar üzrə dövlət əsas vəsait qoyuluşu üçün maliyyə ehtiyatları) 1.301,1 mln manat müəyyən edilmişdir ki, bundan büdcə vəsaiti – 539,6 mln manat olacaqdır.

İnvestisiyaların ümumi həcmində müəssisələrin öz vəsaitlərinin və bank kreditlərinin xüsusi çəkisinin artacağı nəzərdə tutulmuşdur.

1990-cı il üçün Naxçıvan Muxtar Respubliksı və Dağlıq Qarabağ Vilayəti rayon və şəhərlərinin yerli büdcəsinin həcmi 1.622,0 mln manat nəzərdə tutulmuşdur” (seçim mənimdir-R.Z.).

İndi də müqayisəli təhlil üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu və AR-nin 2021-ci il dövlət büdcəsi haqqında qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə AR prezidentinin Fərmanını nəzərdən keçirək.

Öncə, 2021-ci il dövlət büdcəsi haqqında qanunun qəbul edilməsi prosesinə baxaq.

“AR-nin 2021-ci il dövlət büdcəsi haqqında” Qanun AR Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndi rəhbər tutulmaqla qəbul edilmişdir. İlk baxışdan 2021-ci il dövlət büdcəsi böyük bir müəssisənin ştat cədvəlinə oxşayır.

AR Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndində deyilir. “AR prezidentinin təqdimatına əsasən AR dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət”, yəni bu təqdimatda MM-in qarşında yalnız, qanunu təsdiq etmək və onun israsına nəzarət” tələbi qoyulur. MM qarşısında qanunun baxılıb qəbul edilməsi tələbi qoyulmur.

Bəs bu barədə AR Konstitusiyasının tələbləri nədən ibarətdir?

  1. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini AR-nın Milli Məclisi həyata keçirir (ARK-maddə 81).
  2. Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində AR prezidentinə imzalamaq üçün təqdim edir (ARK-maddə 97.1).
  3. AR-nın prezidenti qanunların ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun AR prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində AR-nın MM-nə qaytara bilər (ARK-maddə 110.1).

Göründüyü kimi, AR-nın 2021-i il dövlət büdcəsi haqqında qanun “qəbul edilərkən” Konstitusiyanın yuxarıda göstərilən maddələrinin heç birinə riayət edilməmişdir.

Bu maddələrə riayət etmək üçün, zənnimcə, aşağıdakı prosedur həyata keçirilməli idi:

dövlət büdcəsi haqqında qanun layihəsi gəlirləri və xərcləri təsdiq edən sənədlərlə birlikdə AR NK-ı Maliyyə Nazirliyinə göndərməli, sonuncu qanunu MM-ın təsdiqinə təqdim etməli idi. Büdcə qanununun icrasına nəzarət isə MM-in səlahiyyətlərinə aid olmadığından, nəzarət Nazirlər Kabineti və Maliyyə Nazirliyinə tapşırılmalı idi. Qanun MM tərəfindən qəbul edildikdən sonra prosedur AR Konstitusiyasının 97.1 və 110.1 maddəsinə uyğun qaydada aparılmalı idi.

Gəlirlər. 2021-ci ilin dövlət büdcəsində gəlir mənbələri 24 bənddən ibarət olub –  25.427.000,0 min manat təşkil edir. Bu məbləğ 1990-cı il dövlət büdcəsindəki gəlirlərdən (4.121,7 mln manat) 6,2 dəfə çoxdur.

1990-cı ilin dövlət büdcəsində ilin gəlirləri 1988-ci ilin faktiki gəlirlərini əks etdirirdi.

Araşdırma gəlirlərin yalnız 3 bəndi: 2.2; 2.5 və 2.14 üzrə aparılmışdır.

2.2 bəndi – Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi. Bu bənd üzrə gəlirlər 2021-ci ilin dövlət büdcəsində – 2.144.000,0 min manat göstərilmişdir. Bu gəlir mənbəyini 2019-cu ilin faktiki gəlir mənbəyi kimi göstərsək, 2019-cu ildə ARDNŞ-nin ARDNF-na verilmiş xalis gəliri (15.450.149,7 min manat) vergisi (15.450.149,7 min manat x 28%) = 4.326.041,9 min manat təşkil edir ki, bu da 2021-ci il dövlət büdcəsində bu bənd üzrə olan bütün gəlirlərdən 2 dəfə çoxdur.

2.5 bəndi – Əlavə dəyər vergisi – bu bənd üzrə gəlirlər 2021-ci ildə 4.710.000,0 min manat göstərilmişdir. 2019-cu ildə Ümumi Daxili Məhsulun (ÜDM) həcmindən (81.681.000,0 min manat) alınan vergi (81.681.000,0 min manat x 18,0%) – 14.702.580,0 min manat təşkil edir ki, bu da 2021-ci il dövlət büdcəsində göstərilən gəlirlərdən 3,12 dəfə çoxdur. Ümumilikdə 2 bənd üzrə gəlirlər – 19.028.621,9 min manat təşkil edir ki, bu da 2021-ci ilin büdcə gəlirlərinin 74,8%-ni təşkil edir.

2.14 bəndi – Müvafiq icra hakimiyyəti orqandan (qurumdan) daxil olmalar (transferin yuxarı həddi) – açması: ARDNF-dan daxilolmalar. Transfer sözünün lüğəti mənası: pulun və ya qiymətli kağızın bir bankdan başqa banka köçürülməsidir. Odur ki, ARDNF-dan olan transfer heç bir şəraitdə gəlir kimi götürülə bilməz. ARDNŞ-nin “Azəri”, “Çıraq” və “Günəşli” yataqlardan hasil edilən neftin satışından əldə edilən xalis gəlirlərin ARDNF-na köçürülməsi prosesi isə qanunazidd fəaliyyətdir. Odur ki, ARDNF-dan dövlət büdcəsinin gəlirləri mənbələrinə transfer isə qanuna ikiqat zidd fəaliyyətdir. ARDNF – məhsul (xidmət) istehsal etmədiyindən onun gəlirləri yoxdur. Əgər ARDNŞ-nin gəlirləri ARDNF-nin gəlirləri kimi qəbul edilirsə, onda Fond bu gəlirlərdən 28,0% – dövlət büdcəsinə köçürmələr etməli idi. Bu “fəaliyyətlər” Azərbaycan qanunvericiliyinə kökündən zidd olduğundan dərhal dayandırılmalıdır.

Gəlirlərin mənbələrinin digər maddələrinə gəldikdə isə, onu demək yerinə düşər ki, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyət növləri nizamnamə fondu, istehsalat fondları, yerləşdiyi ünvan dövlət qeydiyyatından keçməsi haqda məlumat olmadığından bu müəssisələrin fəaliyyəti haqqında onun gəlirləri barədə fikir söyləmək çətindir. Bu səbəbdən 2021-ci il dövlət büdcəsi haqqında qanunun “gəlirlər mənbələrində göstərilən gəlirlərin həqiqətə uyğun olmadığı nəticəyə gəlmək olur”.

Xərclər – 2021-ci ilin dövlət büdcəsində 28.543.000,0 min manat məbləğində təsdiq edilmişdir. Kəsir (defisit) – 3.116.000,0 min manat təşkil edir.

2021-ci ilin dövlət büdcəsi qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə ölkə prezidentinin fərmanı ilə qanunda göstərilən bəndlər və yarımbəndlər üzrə qəbul edilən rəqəmlər hüquqi şəxslər arasında məxsusi qaydada bölüşdürülmüşdür.

Fərmanda “2021-ci ilin büdcəsinin kəsirinin maliyyələşdirilməsi ilə bağlı özəlləşdirmədən daxilolmalar üzrə nəzərdə tutulmuş vəsaitin tam məbləğdə büdcəyə təmin edilməsi üçün təcili tədbirlər görməsi” (bənd 7.4) AR-nın İqtisadiyyat Nazirliyinə tapşırılmışdır.

Fərmanın bu bəndi aşağıdakı səbəblərdən qüsurlu, icrası mümkünsüzdür:

dövlət əmlakının özəlləşdirilməsi haqqında qanun dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan vəsaitin dövlət büdcəsinə köçürülməsini nəzərdə tutur (qanunun 11.1 bəndi).

Özəlləşdirmə obyektlərinin siyahısı mövcud olsa da, özəlləşdirmə prosesinin aparılması mexanizminin olmaması, siyahı üzrə özəlləşdirmədən əldə ediləcək məbləğin siyahıda göstərilməməsi, özəlləşdirilməyə çıxarılmış obyektlərin işlək vəziyyətdə olmaması səbəbindən bu bəndin aparılması mümkünsüzdür.

Dövlət əmlaklarının özəlləşdirilməsi qanunun məqsəd və missiyasına kökündən ziddir. Özəlləşdirmədən əldə edilən pul vəsaitinin dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi ilə bağlı büdcəyə köçürülməsi bu məbləğ qədər iqtsadi inkişafın qarşısını almış olur.

Azərbaycan SSR-nin 1990-cı il dövlət büdcəsində büdcənin bölüşdürülməsi iki istiqamətdə: xalq təsərrüfatının maliyyələşdirilməsinə ayrılan vəsait ümumi xərclərin – 44,5%-i və sosial-mədəni tədbirlərə ayrılan vəsait – ümumi xərclərin 55,5%-i bölünmüşdür. 2021-ci ilin dövlət büdcəsində vəsaitin bölünməsində, təəssüflər olsun ki, bu üsuldan istifadə edilməmişdir.

1990-cı ilin büdcəsində təhsil üzrə ayrılmış vəsaitin miqdarı göstərilməsə də təhsil pulsuz olmuşdur.

2021-ci il dövlət büdcəsi haqqında təhsilə – 3.277.655.549,0 manat, 2021-ci il dövlət büdcəsinin tətbiqi ilə əlaqədar bir sıra məsələlər barədə AR prezidentinin fərmanına görə əlavə 17.747.880,0 manat, cəmi: 3.295.403.429,0 manat və ya ümumi xərclərin 11,5%-i ayrılsa da təhsil pulludur.

Sosial müdafiə və sosial təminat – bütün mənbələr hesabına sosial təminat və sosial sığortaya 1990-cı ildə 917,3 mln manat və ya ümumi xərclərin 21,5%-I qədər vəsait ayrılmışdır.

2021-ci ilin dövlət büdcəsində bu sahəyə – 3.692.746.545,0 manat vəsait ayrılmışdır.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) – 2021-ci il büdcəsi haqqında AR-nin Qanununa görə DSMF-nun gəlirləri – 5.146.030.160,0 manat, xərcləri 5.146.030.160,0 manat qəbul edilmişdir. DSMF-nun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşmışdır.

  1. Məcburi dövlər social sığorta haqları – 3.502.499.210,0 manat, o cümlədən büdcədən maliyyələşən təşkilatlar üzrə – 1.183.982.341,0 manat;
  2. Büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə – 161.452.137,0 manat;
  3. Qeyri-büdcə sektoru üzrə – 2.157.064.732,0 və DSMF – büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait – 1.631.530.950,0 manat.

DSMF-nun 2021-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir.

1.Əhaliyə ödənişlər üzrə xərclər – 5.004.790.000,0 manat, o cümlədən

1.1. Əmək pensiyalarının ödənilməsi xərcləri – 4.880.040.000,0 manat.

  1. Məcburi dövlət sığorta haqları hesabına müavinət xərcləri – 124.750.000,0 manat.

2021-ci il dövlət büdcəsindən ayrılan vəsaitin (3.692.746.545,0 manat) 3.502.499.210,0 manatı məcburi dövlət social sığorta haqları hesabına qalan – 190.247.335,0 manat isə 2021-ci il dövlət büdcəsi hesabına ödənilir ki, bu da ümumi xərclərin 0,7%-ni təşkil edir.

Səhiyyə üzrə adambaşına illik büdcə xərcləri: 47 manat 1988-ci il, 50,8 manat 1989-cu il və 70,6 manat 1990-cı il üçün vəsait nəzərdə tutulanda səhiyyə xidmətləri (icbari tibbi sığorta) pulsuz olub.

2021-ci il dövlət büdcəsi haqqında qanunda səhiyyəyə – 1.409.000.546.) manat, ölkə prezidentinin fərmanına görə isə əlavə – 2.555.294,0 manat, cəmi: – 1.411.555.840,0 manat və ya ümumi xərclərin 4,9%-i vəsait ayrılsa da (adambaşına xərclər 141 manat), ölkədə bu günə kimi İcbari Tibbi Sığorta mövcud deyil.

Bədən tərbiyəsi – 1990-cı ilin büdcəsində 4,7 mln manat və ya ümumi xərclərin 0,1%-i qədər vəsait ayrılsa da, 2021-ci il büdcəsində isə bu sahə üzrə – 68.508.604,0 manat, yəni 1990-cı ildə ayrılmış vəsaitdən 14,5 dəfə çox vəsait ayrılmışdır.

Büdcədən əsaslı vəsait qoyuluşu

Bu sahənin maliyyələşdirilməsinə 1990-cı il dövlət büdcəsində (Respublika Nazirlər Kabinetinin tabeliyində olan təsərrüfatlar üzrə dövlət əsas vəsait qoyuluşu üçün maliyyə ehtiyatları) 1.301,1 mln manat müəyyən edilmişdir ki, bundan büdcə vəsaiti – 539,6 mln manat olacağı nəzərdə tutulmuşdur.

2021-ci ilin dövlət büdcəsində “Tikinti və şəhər salmaya – 5.036 561.290,0 manat vəsait ayrılmışdır ki, ondan – 2.835.000.000,0 manat investisiya xərcləri, 2.200.000,0 mln manat işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılmışdır. Ümumilikdə iqtisadi fəaliyyət bəndi (1.11) üzrə 5.947.474.995,0 manatdan bu iki yarım bənd üzrə ayrılmış vəsaiti çıxmaqla qalan vəsait 912.474.995,0 manatı ölkə prezidentinin məlum fərmanı ilə iqtisadi fəaliyyətə heç bir aidatı olmayan nazirlik, agentlik, qapalı və ya açıq səhmdar cəmiyyətləri, publik hüquqi şəxslər, turizm agentliyinə, iqtisadiyyatla bağlı digər xidmətlər arasında bölüşdürülmüşdür”.

(Ardı var)

Rahib ZEYNALOV

“İnnovasiya İstehsalat Mərkəzinin” direktoru,

Rusiya Mühəndislik Akademiyasının həqiqi,

Azərbaycan Mühəndislik Akademiyasının

müxbir üzvü, texnika elmləri doktoru, dosent