Azərbaycan sərhədlərinə hücum edən ermənilərə niyə layiqli cavab verilməyib?

129

Erməni mənbələrinin dünən Azərbaycan-Ermənistan dövlət sərhəddində baş verən atışma ilə bağlı yaydığı məlumat rəsmən təsdiqləndi.
 
Ovqat.com Dövlət Sərhər Xidmətinə istinadən xəbər verir ki, sərhəddəki mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub.

İnsidentin böyüyəcəyindən narahat olan rus “sülhməramlıları” Azərbaycan tərəfindən böyüklük nümayiş etdirib atəşə cavab verməməsi ricasında bulunub. “Sülhməramlı” kontingentin iddiasına görə, sərhədlərimizi atəşə tutan ermənilər sərxoşdur və biz onlara baş qoşmamalıyıq.

Məlumatda bildirilir:

“Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilmişdir.

Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdur.

Hadisə ilə bağlı Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına  müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmiş və hadisəyə reaksiya verilməməsini xahiş etmişlər.
Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmamışdır. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilmişdir.

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnuxu kəndi istiqamətində  30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndirmişlər.

Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir”.

DSX-nın rəsmi açıqlamasından belə anlaşılır ki, Rusiya “sülhməramlıları” deyəsən, dövlət sərhəddi ilə kolxoz bazarını qarışdırır. Adətən kolxoz bazarında sərxoşun xətrinə dəyməyib, yola verirlər. Dövlət sərhəddində isə belə özbaşınalıqlar ağır şəkildə cəzalandırır. Ümidvarıq ki, Azərbaycan DSX bundan sonra ermənilərə dövlət sərhəddinə təcavüzün nə demək olduğunu onların anladığ dildə  başa salacaq.