“Azərbaycan Rusiyadan silahlı erməni birləşmələrinin ləğvini tələb etməlidir”

84

Məhəmməd Əsədullazadə: “Nə qədər ki, Laçın dəhlizində postumuz yoxdur, Rusiya Qarabağa humanitar yüklər göndərmək adı ilə erməni birləşmələrinə silahlar daşıyacaq”

“Rusiya Gürcüstan ərazsindən “humanitar yük” göndərmək adı ilə Ermənistana hərbi təyinatlı yüklər göndərir. Lakin Gürcüstanda qarşısı alınıb”. “Hürriyyət” xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun fikrincə, görünür, kəşfiyyat məlumatları əsasında bu yüklərin Qarabağa göndərilməsi məlum olub: “Nümayiş olunan videolardan aydın olur ki, TIR-larda zirehli gödəkçələr və digər hərbi ləvazimatların olduğu istisna deyil. Təbii ki, iri tonnajlı TIR-larla göndərilən yüklər təkcə jiletlərdən ibarət deyil. Humanitar yüklər adı ilə TIR-lar Laçın dəhlizindən keçməklə Qarabağda silahlı erməni birləşmələrinə çatdırılır”.

Rusiyanın Qarabağda silahlı erməni birləşmələrinin lojistikasını həyata keçirdiyini və hərbi hissələri bərpa etdiyini vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, artıq separatçılar Ağdərə istiqamətində mühəndis istehkam işləri aparırlar: “Mövqelər düzəldirlər. Təbii ki, bunu Rusiya sülhməramlı qüvvələrinin birbaşa yardımı ilə həyata keçirirlər. Nə qədər ki, Laçın dəhlizində postumuz yoxdur, Rusiya Qarabağa humanitar yüklər göndərmək adı ilə erməni birləşmələrinə silahlar daşıyacaq. Onu da qeyd edim ki, Qarabağdakı silahlı erməni birləşmələri Ermənistana tabe deyil. Rusiyanın nəzarətindədir və onların təchizatını Moskva həyata keçirir. Azərbaycan 10 noyabr birgə bəyannaməsinin 4-cü bəndinə uyğun olaraq Ermənistandan deyil, Rusiyadan silahlı erməni birləşmələrinin ləğvini tələb etməlidir. Artıq Rusiya onları ləğv etmək əvəzinə, humanitar yük göndərmək adı ilə hərbi təchizatını həyata keçirir”.

Valeh TÜRKSOY