Azərbaycan rəsmisi Araiklə görüşdədir? – Erməni KİV

522

Azərbaycanın rəsmi nümayəndəsi ilə keçmiş və qondarma “dqr”in separatçı-terrorçu rəhbəri arasında görüş keçirilir.

Bu iddia ilə separatçı-terrorçuların nümayəndəsi Lusine Avanesyan çıxış edib.

Onun sözlərinə görə, görüş Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan və Qarabağdakı rus sülhməramlı kontingentinin rəhbəri Rüstəm Muradovun iştirakı ilə baş tutub.

Avanesyan bildirib ki, görüş “qeyri-siyasidir”, yalnız itkin düşənlərin axtarışı, əsirlərin qaytarılması və digər humanitar məsələlər müzakirə olunub. Bundan başqa 90-cı illərdəki hərbi əməliyyatlardan sonra taleləri naməlum olan vətəndaşlar barədə də söhbət aparılıb.

Avanesyan danışıqların təfərrüatı ilə bağlı əlavə məlumat verməyib:

“Danışıqlar hələ başa çatmayıb. Hər hansı bir söz, səhv formul ziyan verə bilər. Gəlin hadisələrin inkişafını birlikdə gözləyək, çünki hər hansı müsbət irəliləyiş hamımız üçün yaxşı xəbər olacaq”.

Separatçı-terrorçuların nümayəndəsi görüşdə Azərbaycanı təmsil edən nümayəndənin kim olduğunu açıqlamayıb və bunu “qarşı tərəfin səlahiyyəti” kimi qələmə verib.

Qeyd edək ki, Azərbaycanın Qarabağda heç vaxt hər hansı qurumun və onun “rəsmiləri”nin mövcudluğunu tanımayıb və bütün beynəlxalq təziqlərə baxmayaraq, onlarla bir dəfə də olsun hər hansı görüş keçirməyib. Azərbaycan qondarma “dqr”i yaradanın da, Azərbaycan torpaqlarını işğal altında saxlayanın da Ermənistan olduğunu açıq şəkildə bəyan edib və bütün danışıqları da, müharibəni də bu ölkə ilə aparıb.

Xüsusilə vurğulamaq yerinə düşər ki, A.Arutyunyan haqda Azərbaycanda cinayət işi qaldırılıb və bu terrorçu axtarışdadır. Azərbaycanın rəsmi nümayəndəsinin terrorçu ilə görüşməsi mümkün görünmür.

Yayılan məlumatla bağlı XİN-ə sorğu göndərilib. \\Axar