“Azərbaycan öz ərazilərini azad etdikdən sonra regionu ekoloji terrordan da xilas etdi” – KÖNÜL NURULLAYEVA

1323

Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü göstərir. Ermənistanın işğalçılıq siyasətinin məqsədlərindən biri də qəsdən Azərbaycan xalqının milli irsinin dağıdılmasıdır. Bu, etnik və mədəni təmizləmə, müharibə cinayətləridir. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən mədəni soyqırımı Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, dünya mədəniyyəti abidələrinə qarşı edilən hücumlar kimi qiymətləndirə bilərik.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə ermənilərin Qarabağda törətdikləri vandalizmə bir daha şahid olduq. 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva Hurriyyet.org-a müsahibəsində tarixi irsimizə dəymiş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq ekspertlərin dəvət ediləcəyini və Ermənistanın tarixi Azərbaycan torpaqlarında törətdiyi bütün cinayətlərə görə cavab verəcəyini bildirib:

Ermənilər 30 il işğal altında saxladıqları ərazilərə qarşı sözün bütün mənalarında düşmən kimi davranıblar. Hər daşda, hər qarışda erməni vandallığının izi görünür. Ümumiyyətlə, Qarabağ bölgəsi zəngin təbii sərvətləri ilə hər zaman seçilib.  Bu bölgəmizdə işğala qədər filiz, qeyri-filiz, yeraltı içməli və termal-mineral su olmaqla, 167 yataq mövcud olub. İşğal edilmiş bütün rayonlarımızda çöx böyük xammal resurslarına malik faydalı qazıntılar mövcuddur. Hələ işğal dövründə peyk görüntülər vasitəsilə çəkilən fotolarda ermənilərin bizim ərazilərimizdə bəzi xarici şirkətlərin iştirakı ilə qanunsuz fəaliyyəti, istismarı, təbii sərvətlərimizin talan edildiyi açıq şəkildə əks olunub.

İşğal nəticəsində ölkəmizə dəyən ən böyük zərərlərdən biri də meşələrin kütləvi şəkildə qırılmasıdır. Qarabağ bölgəsində 30 il ərzində 269 min hektar meşə sahəsi qırılıb. Məlumdur ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan sonra da Şuşada fosfor bombaları ilə meşə zolağının yandırılması, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl və digər işğaldan azad edilmiş rayonlarda 2,000 ilədək yaşı olan ağacların kəsilməsi faktları qeydə alındı. Yəni ermənilər bu vandallığı dünyanın gözü önündə davam etdirirdi. Beynəlxalq KİV-lər də məsələni uzun müddət gündəmdə saxladılar. Ermənilərin vandal simasını hər kəs gördü.

Bu illər ərzində ermənilər hətta su resurlarından da azərbaycanlılara qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edib. Avropa Şurası Parlament Assambleyası tərəfindən bir neçə dəfə qəbul edilən “Azərbaycanın sərhədyanı regionlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında qətnamələrə əhəmiyyət verilməyib. Bir sözlə, Azərbaycan öz ərazilərini azad etdikdən sonra regionu ekoloji terrordan da xilas etdi. Erməni işğalçılarının ölkəmizə vurduğu ziyan təbii ki, hesablanacaq. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Ermənistan tarixi Azərbaycan torpaqlarında törətdiyi bütün cinayətlərə görə cavab verəcək”.

QEYD: Milli Məclisin deputatı Könül Nurullayevaynın Hürriyyət qəzetinə verdiyi geniş müsahibəni növbəti qəzet buraxılışımızda oxuya bilərsiniz.

YƏHYA