“AZƏRBAYCANIN “DƏMİR YUMRUĞU” HAZIR OLMALIDIR…” – Azərbaycan müxalifətindən Gürcüstan hakimiyyətinə etiraz

120

Elşad Musayev: Gürcüstanın bu addımı pislənilməli və Azərbaycan tərəfi etirazını bildirməlidir

İqbal Ağazadə: “Azərbaycanın parlament komissiyaları bununla bağlı iş aparmalı idi”

“Niyə parlamentlərarası qrup Gürcüstanın Avropa Şurasının Parlament Assmableyasındakı nümayəndə heyətiylə görüşməyib?”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 20-də keçirilən iclasında Ermənistanın təşəbbüsü ilə müharibədə “əsir düşmüş” erməni hərbçilərinin qaytarılmasını əks etdirən qətnamə səsverməyə çıxarılıb. Təəssüf ki, Azərbaycanın strateji tərəfdaşı Gürcüstanın qurumdakı nümayəndə heyəti tam tərkibdə bu qətnamənin lehinə səs verib.

Azərbaycan Ermənistanın “hərbi əsirlər” kimi qiymətləndiridiyi məsələyə bir neçə dəfə aydınlıq gətirib. Azərbaycan Xarici İşlər Nazirliyindən həmin şəxslərin hərbi əsir sayıla bilməyəcəyi qeyd edilib. Çünki saxlanılan şəxslər müharibə bitdikdən həftələr sonra Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdir. Buna baxmayaraq, həmin diversant-terrorçu qrupları Azərbaycan ordusu tərəfindən tərki-silah edilmişdir. Onlarla bağlı ölkə qanunverciliyinə uyğun olaraq tədbir görüləcək.

Lakin Gürcüstanın bu cür addımı anlaşılmayandır. Ola bilsin ki, Gürcüstan höküməti Ermənistanın onlara qarşı da ərazi iddiası olduğunu unudub. Yaxud bu məsələdə ermənilərə dəstək verməklə, diversant-terrorçu qrupları müdafiə etdiyinin fərqində olmayıblar…

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Hürriyyət”ə dedi ki, Gürcüstan bu addımından sonra Azərbaycanın yanında olan hörmətini də itirmiş oldu. O, gürcülərin şovinizm baxımından ermənilərdən heç bir fərqi olmadığını vurğuladı: “Gürcüstanın bu cür addım atacağı müxtəlif vaxtlarda gözlənilən idi. Heç kim fikirləşməsin ki, gürcülərdə Azərbaycana qarşı xüsusi bir sevgi hisləri var. İllərdir ki, Gürcüstan Azərbaycandan aslı vəziyyətdədir. Gürcüstanda Azərbaycana qarşı münasibət heç də xoş olmayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra gürcü sahibkarlar tarixi torpaqlarımızı əlimizdən alıb. Azərbaycanlılar gürcü sahibkarlardan torpaqlarını icarəyə götürməyə məcbur olub. Halbuki, Gürcüstanın dolanışığı Azərbaycandan keçir. Elektrik enerjisini Azərbaycan verir. Eyni zamanda, Azərbaycanın kommunikasiya xətləri də Gürcüstandan keçir və Gürcüstan da bundan pul qazanmış olur.

İvanaşvili höküməti Rusiyanın kapitalıyla formalaşmış bir hökümətdir. Bu baxımdan, Gürcüstanın belə addımlar atacağı müxtəlif vaxtlarda gözlənilən idi. Eyni zamanda, Gürcüstanın prezidenti Fransa vətəndaşıdır. İkili yanaşacağını gözləmək olar. Hər halda Gürcüstanın bu addımı pislənilməli və Azərbaycan tərəfi etirazını bildirməlidir. Burdan belə bir nəticəyə gəlmək olar ki, Gürcüstan Azərbaycanın yanında olan hörmətini də itirmiş oldu. Əslində, gürcülərin şovinizm  baxımından ermənilərdən heç bir fərqi yoxdur. Onların sərhəd hadisələrində çıxardığı hoqqaları unutmamışıq. Bu baxımdan Azərbaycan güclü olmalıdır. Azərbaycanın “dəmir yumruğu” daim hazır olmalıdır. Gürcüstan hakimiyyətinə Azərbaycan tərəfdən rəsmi etiraz edilməlidir. Gürcüstanın belə qərar verməsi anlaşılmazdır. Çünki Gürcüstanın daxilində də problemlər var. Nəzərə almaq lazımdır ki, Gürcüstanın müəyyən əraziləri var ki, Ermənistanın daim təhdidi altında olub. Ermənistanın Qarabağdan sonra, Gürcüstanın həmin ərazilərini ələ keçirmək kimi planları da olub.

Terrorçular Azərbaycan ordusu tərəfindən əsir götürülüb. Əsir götürülənlər müharibə dövründə ələ keçirilməyib. Müharibədən sonra ələ keçirilmiş diversantlardır. Gürcüstan isə bu məsələdə Azərbaycana dəstək vermək əvəzinə, Ermənistana dəstək verir. Növbəti mərhələlərdə Gürcüstan da bəzi məqamlarda tək qala bilər”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə Gürcüstanın bu cür qərar verməsində əsas günahını Azərbaycan-Gürcüstan Parlamentlərarası qrupunun işləməməsində görür. Partiya sədri hesab edir ki, Azərbaycanın nümayəndə heyəti Avropa Şurasına getməmişdən əvvəl, bununla bağlı iş aparmalı idi: “Bu istiqamətdə çox iş aparmalıyıq. Azərbaycan bu iş Avropa Şurasına getməmişdən əvvəl bilirdi ki, məsələ gündəlikdə duracaq. Azərbaycanın parlament komissiyaları bununla bağlı iş aparmalı idi. Bildiyiniz kimi, Azərbaycan-Gürcüstan parlament qrupu fəaliyyət göstərir. Niyə bu qrup işləmir?! Niyə bu Parlamentlərarası qrup Gürcüstanın Avropa Şurasının Parlament Assmableyasındakı nümayəndə heyətiylə görüşməyib? Görüşüb, ən azından izah etməli idi. Eyni zamanda, digər ölkələrlə sözügedən məsələylə bağlı görüş keçirilməli idi. Bununla bağlı Azərbaycanın Avropa Şurasındakı dostlarıyla birgə hərəkətə keçmək lazım idi. Əlbəttə, əsir məsələsi olanda, adını da diversant qoymayanda və dünya aləmi həqiqətləri bilməyəndə, hamı gedib Ermənistanın lehinə səs verəcək. Azərbaycan bununla bağlı iş aparmalı idi. Bir çox ölkələrlə parlamentlərarası dostluq qruplarımız fəaliyyət göstərir. Çox təəssüf ki, bu, Azərbaycan Parlamentinin günahıdır.

Gürcüstan bu məsələdə heç nə itirmir. Birinci növbədə Azərbaycan sübut etməlidir ki, saxlanılan şəxslər əsir deyil.  Hamı bilməlidir ki, bunlar diversiya qruplarıdır. Heç kim ovcunun içini iyləməyib ki, bunlar müharibə vaxtı girov götürülüb və ya müharibədən sonra. Ermənistan tərəfi də qeyd edir ki, bunlar müharibə vaxtı girov götürülmüş adamlardır. Amma Azərbaycan tərəfi sübutlarla və danışıqlarla isbat etməlidir”.

YƏHYA