Azərbaycan faşist Njdenin Xocavənd şəhərindəki heykəlini sökdürdü

225

Hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Xocavənd şəhərində (Martuni) erməni faşist Qaregin Njdeyə qoyulmuş abidə Azərbaycanın tələbi ilə sökülüb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Ermənistan parlamentinin müstəqil deputatı, əvvəllər “Mənim addımım” fraksiyasına üzv olmuş Sofya Ovsepyan məlumat verilib.

Xocavənddə Qaregin Njdeyə heykəl Ermənistanın kapitulyasiyası ilə bitmiş 44 günlük müharibədən sonra qoyulmuşdu və bu fakt Azərbaycan ictimaiyyətinin haqlı qəzəbinə səbəb olmuşdu. O cümlədən heykəl Rusiyada təəcüblə qarşılanmışdı, axı Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə sovet dövründə faşist Almaniyasının tərəfində olan erməni nasistin heykəlinin mövcud olması izahedilməz hadisə olardı.

Lakin Sofya Ovsepyan bildirir ki, heykəlin açılışı baş tutmadan onu söküblər və tarix muzeyinə aparıblar. “Heykəl dəqiq sökülüb və Tarix Muzeyinə aparılıb”,-o özünün Facebook səhifəsində yazıb.

 

Bundan əvvəl jurnalist və teleaparıcı Nairi Oxikyan heykəlin fotosunu Facebook səhifəsində yerləşdirmişdi və yazmışdı: “Bu Qaregin Njdenin Martuni (Xocavənd) şəhərindəki heykəlidir. Azərbaycan onun sökülməsini tələb edir, Rusiya sülhməramlıları isə ermənilərin əvəzində heykələ görə məsuliyyəti üzərlərinə götürmək istəmir. Hərçənd məsələ hazırda ofislərdə müzakirə olunur, amma Azərbaycan istədiyinə nail olmağa yaxındır”.

Xatırladaq ki, Njdenin milli qəhrəman elan edilməsi və onun söykəndiyi faşist ideologiyasının müasir Ermənistan dövlətinin ideologiyasına çevrilməsi hələ Serj Sərkisyanın hakimiyyəti illərində başlamışdı. Yerevanda faşistə nəhəng abidə qoyulmuşdu və onun açılışında bütün dövlət rəhbərləri iştirak etmişdi. Nikol Paşinyan hakimiyyətə gələndən sonra bu ideologiyadan imtina etmədi və Azərbaycan prezidenti İlham Əliyev bir neçə dəfə beynəlxalq platformalarda Ermənistanın faşist Njdeni milli qəhrəman elan edərək onun ideologiyasını mənimsəməsi məsələsini qaldırmışdı. Amma göründüyü kimi ermənilər acınacaqlı məğlubiyyətə düçar olandan sonra Njdeni  Dağlıq Qarabağın Rusiya sülhməramlılarının məsuliyyət zonası olan hissəsində bütləşdirməyə cəhd etdilər. Və tezliklə dərk etdilər ki, daha əvvəlki günlər arxada qalıb və qondarma “arsax” mövcud deyil. Azərbaycan ərazilərinin  bir hissəsində erməni faşistə heykəl qoymaq cəhdi beləcə baş tutmadı.

Virtualaz.org