“Azərbaycan ermənilərin bu addımına sərt reaksiya göstərməlidir”

312

Şahin Cəfərli: “Rusiya separatçı hərəkatın ildönümünün qeyd olunmasına şərait yaratmaqla problemin hələ davam etdiyini, sülhməramlıların da məhz bu səbəbdən bölgədə olduğunu göstərməyə çalışıb”

Araz Aslanlı: “Moskvanın qeyri-müəyyənliyi Türkiyə-Rusiya-Azərbaycan münasibətlərinin gələcəyində dərin yaralar aça biləcək dərəcədə risklidir”

Fərhad Mehdiyev: “Dağlıq Qarabağda olan ermənilərə inzibati muxtariyyətin nəzərdən belə, keçirilməməsinin mənası odur ki, yeni müharibə qaçılmazdır”

Fevralın 20-də Dağlıq Qarabağ erməniləri Xankəndidə rus “sülhməramlıları”nın müşayiəti ilə qondarma cinayətkar rejimin “müstəqillik günü”nü qeyd ediblər. Araik Arutunyan, Vitali Balasanyan və qondarma rejimin digər tör-töküntülərinin iştirakı ilə baş tutan, o cümlədən Ermənistanla yanaşı, qondarma rejimin də “bayrağı”nın daşındığı yürüşün sonunda iştirakçılar Qarabağ müharibəsində ölənlərin qəbirlərini ziyarət ediblər.

Onu da nəzərinizə çatdıraq ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandıran bəyanat yayıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi isə buna cavab olaraq bildirib ki, Ermənistan XİN-in Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı Ermənistanın hələ də məsuliyyətli davranışdan və beynəlxalq hüququn aliliyi əsasında münasibətlər qurmaqdan uzaq olduğunun göstəricisidir: “Xatırlatmaq istərdik ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edirdi. Aqressiv erməni separatçılarının Ermənistan tərəfindən dəstəklənməsi və sonuncunun Azərbaycana qarşı açıq ərazi iddiaları və təcavüzkar siyasəti bölgədə onilliklər ərzində davam edən hərbi işğal, qanlı etnik təmizləmə, bir milyon insanın fundamental hüquqlarının pozulmasına və böyük dağıntılara gətirdi. Bu vəziyyət bölgənin uzun illər ərzində dayanıqlı inkişafına, sülh, təhlükəsizlik və tərəqqiyə ciddi əngəl törətdi. Hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi Yerevanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir. Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək iki dövlət arasında münasibətlərin normallaşması, bölgədə sülh şəraitində birgə yaşayışın təmin olunması istiqamətində əməli addımlar atmaq əvəzinə düşmənçiliyi təşviq etməsini qətiyyətlə qınayırıq. Bu yanaşmanın heç bir gələcəyi yoxdur və Ermənistan xalqının uçuruma aparılmasından başqa bir şey deyil”.

“Turan tellurokratiyası yalnız o vaxt mümkün ola bilər ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olsun, Türkiyə də öz növbəsində, avroatlantik məkandan qopub, öz gələcəyini Rusiya və İranla birlikdə Avrasiya proyektində görsün”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, Rusiyanın Qarabağda separatçı hərəkatın ildönümünün qeyd olunmasına şərait yaratdığını vurğulayan siyasi şərhçi Şahin Cəfərli bunun səbəbini izah edərkən qeyd edib ki, Rusiya problemin hələ davam etdiyini, sülhməramlıların da məhz bu səbəbdən bölgədə olduğunu göstərməyə çalışıb: “Əgər Azərbaycanın problem hesab etdiyi bütün məsələlər həllini tapacaqsa, Azərbaycanın suverenliyi bütün Qarabağ ərazisində bərqərar olacaqsa, bu, o deməkdir ki, sülhməramlı əməliyyatı zəruri edən səbəblər aradan qalxır və bu missiya başa çatmalıdır. Digər tərəfdən, unutmayaq ki, Rusiya, eləcə də Qərbdə bir çox çevrələr erməni separatizmini legitim sayır. Putin Qarabağ mövzusunda sonuncu bir neçə çıxışında hadisələrin Sumqayıtdakı erməni qırğınları ilə başladığını, Qarabağdakı ermənilərin özlərini qorumaq üçün silaha sarıldıqlarını vurğulayıb. Yəni bu xəmir hələ su aparacaq. Rusiya gah bizdən yana görünəcək və bizim tələblərimizə həssaslıqla yanaşacaq, bəzən də ermənilərdən yana görünəcək və onların istəklərinə uyğun davranacaq. Bölgədə kommunikasiyaların Rusiyanın nəzarəti, moderasiyası altında açılması da Moskvanın geosiyasi maraqlarına uyğundur və onun uzunmüddətli planlarından xəbər verir. Bu məsələdə illüziyalara qapılmaq lazım deyil. Rusiya, eləcə də İran indiki halda Türkiyənin Azərbaycan və türk dünyası ilə coğrafi birləşməsinə, şərti Turan tellurokratiyasına niyə şərait yaratsın? Bu, yalnız o vaxt mümkün ola bilər ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olsun, Türkiyə də öz növbəsində, avroatlantik məkandan qopub, öz gələcəyini Rusiya və İranla birlikdə Avrasiya proyektində görsün”.

Siyasi şərhçinin sözlərinə görə, proseslər göstərir ki, Putin Rusiyası bu ehtimalı heç də imkansız saymır və həmin tektonik hərəkətlənmələri tətikləyəcək siyasət yeridir: “İstisna deyil ki, Türkiyədən də ümidverici mesajlar alıblar. Ümumiyyətlə, rus dövlət ağlı bu mərhələdə çox çevik hərəkət etdi və strateji oyun quruculuğu bacarıqlarını nümayiş etdirdi. Müharibədən əvvəl bölgədəki vəziyyəti təsəvvür edin. Rusiya Qafqazı itirirdi. Moskva Gürcüstanı çoxdan itirib və Cənubi Osetiya istiqamətindən çəpərləri arada qabağa sürüşdürmək heç nəyi dəyişmir. Ermənistanda, xüsusən gənc nəsil ermənilər arasında nüfuzu ciddi eroziyaya məruz qalan Rusiya 2018-ci il may inqilabı ilə İrəvan taxt-tacını da itirdi. Azərbaycan ictimai rəyində Moskva hələ 20 yanvar 1990-cı ildə “ölmüşdü”, Azərbaycan hakimiyyəti üzərində isə hər nə qədər təsir gücünə malik olsa da, bu təsirini institutlaşdıra bilməmişdi. Bizim qələbəmiz, ermənilərin sarsıdıcı məğlubiyyəti və iflası ilə bitən müharibənin yekununda Rusiya öz ordusunu bura yeridib, Azərbaycan üzərində institusional təsir-təzyiq aləti yaratmış oldu. Ermənistanı isə daha sıx özünə bağladı”. Şahin Cəfərli hesab edir ki, rus dövlət ağlı aqressiv əhval-ruhiyyədəki Bayden hökumətinin qurulması ərəfəsində çox sürətlə hərəkətə keçərək öz cənub-qərb sərhədlərində – həyati maraq zonası saydığı Qafqazda Qərb ekspansiyasına qarşı bir müdafiə səddi yarada bildi: “Biz də bu səddin içindəyik. İndi ən önəmli sual bu yeni reallığın nə qədər uzunmüddətli olacağıdır”.

“Azərbaycan hansı mərhələdə hansı addımı atacağına özü qərar verir və bu, münaqişənin həlli prosesi baxımından çox dəyərlidir”

“Hürriyyət” xəbər verir ki, 20 fevral 1988-ci ildə DQMV Sovetinin Azərbaycandan ayrılıb Ermənistana birləşməklə bağlı məsələ qaldırdığını deyən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlının fikrincə, ermənilər Xankəndidə bu hadisənin ildönümü ilə bağlı yürüş keçirərək özlərinin 2 əsas tezislərini çürütmüş oldular: “Birincisi, Putinin də tez-tez iddia etdiyi kimi guya hadisələrin 28-29 fevral 1988-ci ildə Sumqayıtda başladığı tezisini. Çünki proses Sumqayıt hadisələrindən illər öncə başlamış, ayrılmaqla bağlı rəsmi təşəbbüs isə Sumqayıt hadisələrindən 8 gün öncə olmuşdu. İkincisi, guya məsələnin Ermənistanın genişlənməsi deyil “Qarabağ ermənilərinin müstəqillik mübarizəsi olması” tezisini. Çünki bütün proses boyunca Ermənistanın məqsədi “Qarabağ ermənilərini hansısa müstəqillik iddiası” deyil, Azərbaycan ərazilərini işğal edərək genişlənmək olmuşdu. Fevralın 20-də ildönümünü qeyd etdikləri qərar da məhz bu istiqamətdə idi”.

QAFSAM rəhbəri bildirib ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş istənilən addıma sərt reaksiya göstərilməlidir: “Fərqi yoxdur ki, bu addım suverenliyimizi tam bərpa etmədiyimiz ərazimizdə, məsələn, Xankəndidə yaşayan vətəndaşımız, ya terrorçu, ya işğalçı Ermənistan, ya da hələ də hüquqi statusu olmayan sülhməramlı qüvvə və ya başqa hansısa bir dövlət tərəfindən atılır. Azərbaycan dövlət olaraq da, cəmiyyət olaraq da ərazi bütövlüyü və suverenlik barədə həssaslığını qorumalıdır”. Siyasi ekspert onu da əlavə edib ki, münaqişənin həlli ilə bağlı Azərbaycan-Türkiyə-Rusiya formatı həlledici imkana malikdir: “Azərbaycan və Türkiyə həm münaqişənin həlli yolunda, həm də Rusiya ilə münasibətlərdə səmimiyyətlərini ortaya qoyublar. Rusiyada isə bu barədə vahid mövqe görünmür və bu qeyri-müəyyənlik Türkiyə-Rusiya-Azərbaycan münasibətlərinin gələcəyində dərin yaralar aça biləcək dərəcədə risklidir. Azərbaycan hansı mərhələdə hansı addımı atacağına özü qərar verir və bu, münaqişənin həlli prosesi baxımından çox dəyərlidir. Yəni bizim addımlarımızın zamanlamasını provakatorlar, düşmən yox, məhz rəhbərliyimiz planlaşdırır. 44 günlük müharibə başlamadan illər öncə də işğalçı dövlətin və bəzi xarici güclərin provakasiyaları olmuşdu. Amma Azərbaycan ən doğru zamanı gözlədi. Növbəti addımlar üçün də ən doğru zamanı gözləmək strategiyası izlənməlidir”.

“Ermənilərin girdirmə müstəqillik günlərini qeyd edəcəkləri gözlənilən idi”

Beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev isə bu qənaətdədir ki, ermənilərin girdirmə müstəqillik günlərini qeyd edəcəkləri gözlənilən idi: “Deyəndə ki, müharibə bitməyib, ona yenə hazırlaşmaq lazımdır, xeyli insan məni ciddiyə almır. Məsələ bundadır ki, bir tərəfdən Dağlıq Qarabağda olan ermənilərə inzibati da olsa, muxtariyyət vermək istəmirik, digər tərəfdən də dərk etmirik ki, inzibati muxtariyyətin nəzərdən belə, keçirilməməsinin mənası odur ki, yeni müharibə qaçılmazdır və deməli, biz ona hazırlaşmalıyıq. Dövlətin öz, vətəndaşın da öz hazırlığı olmalıdır. Ya sülh yollarını axtaracağıq, ya da ki, növbəti müharibəyə hazırlaşacağıq”. Politoloqun sözlərinə görə, ordunun taktiki hazırlığı üzrə ciddi iş getməlidir: “Ehtiyatda olanlar üçün də taktiki təlimi ehtiva edən hərbi yay düşərgələri təşkil olunmalıdır”.

Vazeh BƏHRAMOĞLU