Azərbaycan diasporunun inkişaf mərhələsi

57

Mərhum prezident Heydər Əliyevin xarici səfərlərinin birində, Almaniyaya Bonn şəhərində soydaşlarımızla görüşdə söylədiyi nitqində diaspor təşkilatlarına tövsiyələrindən biri belə idi: “…Mən demirəm ki, 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər… Mən Azərbaycanın Prezidenti kimi, xalqımızın mənə göstərdiyi etimada güvənərək respublikamıza rəhbərlik edən bir şəxs kimi bu gün deyirəm: Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti rəhni birlikdir və bütün dünyada da soydaşlarımızın bir olması vacibdir”.

Mövzuya keçməzdən öncə onu da qeyd edək ki, dünyanın inkişaf etmiş xalqları heç bir zaman mənsub olduğu dövlətdən diaspor siyasəti və lobbiçilik üçün göstərdikləri fəaliyyətə görə donor rolunda çıxış etmirlər. Tam əksinə, tarixi bağlantıları olduqları dövlətə ən yüksək səviyyədə iqtisadi, siyasi, ictimai və digər yardımları könüllülük əsasında həyata keçirirlər. ABŞ-da 40 milyon nəfər irland mənşəli vətəndaşlar yaşayır. Onlar təxminən ABŞ qurulduğu dövrdən bu dövlətdə yaşadıqlarına baxmayaraq, tarixi dövlətləri İrlandiyaya geniş çərçivədə yardım edirlər. Beləliklə İrlandiyanın ABŞ-la olan münasibətlərində aktiv rol oynamaqla yanaşı, həm də öz milli dövlətlərinin iqtisadi, ictimai, mədəni inkişafında  müstəsna rol oynayırlar. ABŞ-da yəhudi xalqına mənsub 5 milyona yaxın insan yaşayır. Yəhudi diasporu sayəsində ABŞ-İsrail münasibətləri nəinki ən üst səviyyədədir, onlar həm də İsrail dövlətinin qorunması və mövcudluğu üçün müstəsna güc sərf edirlər. İnkişaf etmiş xalqların diaspor tarixi ilə bağlı bir sıra örnəklər göstərmək olar ki, bu nümunələr dövlətləşmə və millətləşmə prosesində diasporanın necə önəmli rol oynadığını ortaya qoyur. Azərbaycanda 2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin dəyişməsi nəticəsi bu sahədə ciddi addımlar atılmağa başlanıldı. Regional diaspora siyasətində yerli xüsusiyyətlər nəzərə alınaraq, intellektual iradəyə önə çəkildi. Faktiki olaraq, Fransa, İsveç, Norveç, Almaniya, Ukrayna və digər ölkələrdə diaspor siyasətində müsbət mənada üstünlüklər önə çıxdı. Bu, yerli elm, mədəniyyət, ictimai və digər sahələrin nüfuzlu mütəxəssislərlə ortaq fəaliyyətlərin hərəkətə keçməsi ilə müşahidə olunmağa başladı. Finlandiya, ABŞ, Kanada, Ukrayna, Norveç, Avstriya və digər ölkələrdə diasporumuzu təmsil edən, eyni zamanda həmin ölkələrin elmi, ictimai və sosial həyatında fəal olan kadrlarla ortaq layihələrin həyata keçirilməsinə başlanıldı. Bu ölkələrdə dövlət və cəmiyyətlə milli diasporumuzun dialoqlarının təşkili isə, ilk dəfə tətbiq olundu. Bu layihələrin həyata keçirilməsində faktiki olaraq dövlət büdcəmizdən qəpik də xərclənmədi. Çünki kadrların seçimi və onların diaspor adına  fəaliyyətləri ilə bağlı proqnozlar özünü doğrultdu.

Dünya Azərbaycanlılarının son qurultayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bütün diaspor təşkilatlarımızı təmsil edən nümayəndələrə üzü tutaraq bunları demişdir: “Çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülüb, təşkilatların sayı artıb. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıb. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür və təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər”.

Bu gün əminliklə deyiə bilərik ki, indi dünyada fəaliyyət göstərən diaspor təşkilatları yeni səviyyəyə qalxıb. Bu təşkilatlar arasında koordinasiya işlərinin aparılması onların fəaliyyətini daha da gücləndirir. Çünki ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir. Diaspor təşkilatlarının fəaliyyətinin inkişafı üçün milli birliyin əldə olunması vacibdir.

O cümlədən bizimlə eyni tarixi köklərə malik və ortaq mədəni dəyərləri daşıyan xalqların diaspor təşkilatları ilə uzlaşdırılmış fəaliyyət aparılmalıdır. Bu, beynəlxalq aləmdə gücümüzün daha da artması üçün çox böyük təkan demək olar. Məsələn, ABŞ və Kanada örnəyi digər ölkələrdəki diaspor təşkilatlarımız üçün örnək sayılmalıdır.

ABŞ və Kanada örnəyi

ABŞ-da iş tapmaq və ya imkanlı olub da təbii sərvətlərə məxsus yataqları ələ keçirmək həvəsi ilə XVII-XX yüzilliklərdə Avropadan gələn böyük köç dalğasının sayəsində bu gün ölkədə dünyanın müxtəlif xalqlarını təmsil edən çoxsaylı diaspor təşkilatları mövcuddur. Say tərkibinə görə ABŞ-da ən iri diaspor təşkilatları olaraq hindli, çinli, yəhudi, meksikalı, rus, ukrain, ərəb və afroamerikalılar üstünlük təşkil edirlər. Sayları milyonları aşan irland, fransız, alman, portuqal, ispan, türk və digər xalqların da diaspor təşkilatları ABŞ-ın sosial, iqtisadi, xarici siyasət, ictimai və digər sahələrdə təsir gücü önəmli sayılır. Hər bir xalqın statusunun tanınması və ABŞ-ın bu diaspor təşkilatları vasitıəsilə onların mənsub olduğu dövlətlərlə işbirliyinin inkişaf etdirilməsi kimi strateji məsələlərə xüsusi önəm verilir. 1989-1997-ci illərdə erməni diasporu bu hüquqlarından istifadə edərək ABŞ Dövlət Konqresini öz çirkin niyyətlərini yönəldə bilmişdi. 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktı adı altında “907-ci düzəliş”in qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Çünki, bu ərəfədə ABŞ-da Azərbaycan diasporu adına böyük bir passivlik müşahidə olunurdu.

Bu gün durum tamamilə fərqlidir. 1998-ci ildə Ermənistan parlamentində dövlət çevrilişi və silahlı sui-qəsd nəticəsində dövlət çevrilişi olayları və 20 il davam edən “hərbi xunta” rejimi” ABŞ-da erməni diasporunun faktiki olaraq əl-qolunu bağlamış oldu. Çünki, ABŞ-da yaşayan və əslən Güney Azərbaycandan olan onminlərlə soydaşlarımız uzun illərdə mühacir həyatı yaşamalarına baxmayaraq, onların beynində hələ də “irani” kimlik şüuru üstünlük təşkil edirdi. 2001, 2006, 2011 və 2016-cı illərdə Bakıda Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə keçirilən “Dünya Azərbaycanlılarının Qurultay”larının  sonucu milli diaspor quruculuğunda mövcud olan bir sıra neqativ hallara son qoydu. Son qurultayda isə, ABŞ-da Azərbaycan və Türk diaspor təşkilatlarının vahid iradə nümayiş etdirməsi kimi şərtlər ortaya çıxanda çoxları bunun mənasını dərk etməkdə aciz duruma düşmüşdülər.

Proseslərə 2020-ci ilin baxışları ilə yanaşdıqda ABŞ-dakı Azərbaycan və Türk diaspor təşkilatlarının ortaq mövqeyinin əhəmiyyəti çoxlarının böyük sevincinə səbəb oldu. Belə bir proses Kanada dövlətində də müşahidə olunur. Kanadada Azərbaycan diaspor təşkilatları ilə yanaşı, Krım Tatarları, Anadolu türkləri, ukraynalılar, İraq və Suriya türkmanları, özbəklər və uyğurların mühacirətdəki qurum və strukturları ölkəmizin taleyüklü məsələlərində bizimlə həmrəylik nümayiş etdirməsi artıq qürurverici proses kimi yeni mərhələnin başlandığına açıq şəkildə işarədir.

Dünya xalqlarının diaspora baxışı

Dünya xalqlarının diaspor prosesləri ilə bağlı ciddi elmi tədqiqatlar aparan K. Sikking, M. Kek, C. Cosselin, U. Uollas kimi alimlər qeyd edirlər ki, diaspora anlayışı identik olmaqla yanaşı, özünün daimi həmrəyliyini yaşatmaq və qorumaq üçün institutsional xarakter daşıdıqda güclü olur. İstənilən pərakəndəlik hər bir məğlubiyyətin başlanğıcı deməkdir. Diaspor anlayışı nə qədər transnasional mahiyyət daşısa da, onun təməli milli xarakterlə uzlaşdıqca, mənsub olduğu dövlətə daha çox xeyir verməklə onun malik olduğu missiyası da dəyərini artırır.

İndi dünyada diaspor fenomeni həm də özünün evolyusiyalı xətt üzrə inkişaf tempinə çox bağlıdır. Bəzi diaspor təşkilatları özlərinin çoxsaylı özvlərinin sayı ilə deyil, daha çox effektiv təsir imkanlarının miqyası ilə hərəkət edirlər. Bununla yanaşı o da bəllidir ki, diaspor təşkilatlarının fəaliyyət mexanizmlərinə həm də mənsub olduğu dövlətin hədəflərini düzgün ortaya qoya bilməsindədir. Bu gün Almaniyadakı türk diaspor təşkilatları həm də yerli sənaye və texnoloji inkişafın Türkiyəyə transfer olunmasında yaxından iştirak edirlər. Bu da öz növbəsində iki ölkə arasında iqtisadi əlaqələrin sürətli inkişafına səbəb olubdur.

Diaspor fenomeni ilə bağlı çox ciddi elmi tədqiqatlar aparan M. Dabag, C. Klifford, J. Clifford, W. Conner, R. Cohen, D. Armstrong, W. Safran, G. Sheffer, M. Esman və başqa tanınmış alimlərin fikrincə qloballaşma dövründə 80 milyondan çox insan dünyanın müxtəlif ölkələrində yaşamaq üçün məskunlaşıbdır. Onların özlərinin milli diaspor təşkilatlarını yaratmaqla hazırda dünyanın sosial, ictimai və mədəni mühitini də dəyişiblər. Bu rəngarəngliyin hansı nəticələri ortaya qoyacağı qarşıdakı illərdə öz dəyəri ilə ortaya çıxacaqdır. Bu alimlərin tədqiqatlarında o da qeyd olunur ki, hansı xalqın milli diasporu sadəcə iqtisadi və maliyyə baxımından deyil, passionarlığı ilə özünütəsdiq hədəflərini mədəni baxımdan ortaya biləcəksə, o zaman həmin diaspor böyük inkişaf yoluna qədəm qoya biləcəkdir. G. Şeffer müasir diaspor məsələləri ilə bağlı qeyd edir: “Klassik və və müasir diaspor siyasətinin inkişafı sadəcə keçmişin ənənələrinə bağlı qalmaqla deyil, həm də müasir dinamik həyat tərzinin bir parçası olmaqla dəyərlidir”. Bütün bunları nəzərə alaraq, ona görə dönə-dönə qeyd edirik ki, milli diasporumuzun inkişafı ilə bağlı dünyada baş verən proseslər elmi-nəzəri və praktik baxımdan ciddi təhlil edilməli, sonra isə, bu prosesdə diaspor təşkilatlarımızın təsnifatına uyğun gərəkən addımlar atılmalıdır. Belə bir yanaşım tərzi dövlətlərarası və xalqlararsı dinamik şəkildə inkişaf modellərinin tətbiqində olduqca vacibdir. Məhz bu baxımdan milli diasporumuzun daha da inkişaf etməsi Azərbaycan dövlətinin ən müasir standartlar çərçivəsində inkişafı üçün zəruridir. Amerikalı görkəmli alim Con  Klifford transnasional miqrasiya və diaspor təşkilatlarının formalaşması ilə bağlı belə bir nəticəyə gəlmişdir: “İstənilən mövcud diaspor təşkilatı dövlətlərarası körpü rolunu oynamaqla yanaşı, həm də bəşəri mənada dövlətlərarası və xalqlararası inteqrasiya rolunu oynayır. Bu dəyəri heç bir zaman çatlamış həddə çatdırmaq olmaz”.

“Hürriyyət”