Azərbaycan diasporu yeni intellektual mərhələyə qədəm qoyur

279
II Qarabağ Müharibəsinin nəticəsində Azərbaycanın əldə etdiyi böyük uğurlar həm də milli diaspora quruculuğumuzda yeni dönüş mərhələsinin başlanğıcı kimi hesab olunur. Ermənistanın işğalçılıq siyasətinə Milli Ordumuzun rəşadəti sayəsində son qoyulmuş və bir milyondan çox məcburi kəçkün və qaçqınlarımız artıq öz dogma torpaqarına geri dönəcəklər. Bununla yanaşı, diasporumuzun uzun illərdir həsrətlə gözlədiyi bütün suallara gərəkən cavab beləcə verilmiş oldu. İndi yeni mərhələnin başlanğıcı dedikdə, intellectual səviyyədə diasporumuzun fəaliyyətinin nizamlanması və bu prosesdə hamılıqla iştiraka təkan verilməsidir. Əgər soydaşlarımız yaşadıqları dövlətin real vətəndaşıdırlarsa,o zaman həmin ölkənin yerli bələdiyyə, parlament və digər seçkili orqanlarında təmsil olunmaq onların haqqıdır. Bununla yanaşı vətəndaş cəmiyyəti düzənində strukturlaşma yönündə addımlar atılmalıdır. Bütün bunlar hər bir soydaşımızın bu günü və gələcəyi deməkdir. Bunun tarixdə çoxsaylı örnəkləri var. 
2021-ci il Nizami Gəncəvi ili elan edilib. BU da əslində bütün bəşəriyyət üçün ən böyük humanizm simvolu olan dahi ədibin həyat və yaradıcılığının ortaya çıxarılması çox böyük uğurlara səbəb ola bilər. Xüsusilə türk dövlətlərində fəaliyyət göstərən milli diaspora təşkilatlarımızın fəallığı çox mətləbələrə dəstək verməklə dövlətlərimiz və xalqlarımız arasında xalq diplomatiyasını daha da zənginləşdirmək imkanlarını əldə edə biləcəklər.
“Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası çapdan çıxıb
Qazaxıstanın paytaxtı Nur-Sultanda “Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası çap olunub. Türk dövlətlərinin müstəqilliyinin 30 illiyinə həsr olunan və eyni adlı beynəlxalq konfransda təqdim olunan atlas türk ölkələrinin dövlət başçılarının təlimatı əsasında hazırlanıb. Nəşrə ön sözü Qazaxıstanın qurucu prezidenti, Türk Şurasının Fəxri sədri Nursultan Nazarbayev yazıb. Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırəli bildirib ki, beynəlxalq konfransın da əsas məqsədi müstəqilliyin 30-cu ilində türk xalqlarının dövlətçilik tarixinə yenidən nəzər salmaq, onun tədqiqini yenidən aktuallaşdırmaqdır. Konfrans çərçivəsində təqdim olunan “Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası türk dövlətlərindən olan alimlər tərəfindən hazırlanıb və Uzaq Şərqdən Avropanın mərkəzinə kimi uzanan böyük coğrafiyadakı tarixi mirası əhatə edir.
“Türk Dünyası: Tarixi-Mədəni İrs” atlasında bütün türk dövlətləri ilə yanaşı, Azərbaycanın tarixinə, maddi-mədəni mirasına geniş yer ayrılıb. Burada dünyanın nüfuzlu arxivlərindən və mənbələrindən tarixin müxtəlif dövrlərinə aid nadir xəritələr əks olunub, Qobustan qayaüstü rəsmlərindən tutmuş, Saklar dönəminə bağlı Mingəçevirdə tapılan qədim tarixi nümunələr, yenicə işğaldan azad etdiyimiz Xudafərin körpüsü, Naxçıvandakı Möminə Xatun türbəsi, Şirvanşahlar sarayı, İrəvandakı Azərbaycana məxsus tarixi Göy Məscid, Qarabağ atları, habelə müxtəlif azərbaycanlı tarixi şəxsiyyətlər barədə məlumatlar və digər önəmli informasiyalar cəmlənib. TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov deyib ki, türk dövlətlərinə qarşı bəzi xarici qüvvələrin haqsız iddialarını müşahidə etdiyimiz zamanda bu cür fundamental beynəlxalq nəşrlər və toplantılar çox aktualdır.
Türk Şurasının keçmiş Baş katibi Halil Akıncı müasir Sibir, Monqolustan, Qara dəniz və Aralıq dənizinə qədər geniş ərazilərdə məskunlaşmış türk xalqlarının zəngin mədəniyyətindən bəhs edib. Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov isə çıxışında iştirakçıları ilk tarixi və mədəni atlasın nəşri münasibətilə təbrik edib və Türk Akademiyasına təşəkkürünü bildirib. “Türk xalqlarının gücü birlikdədir. Köklü ortaq tarixi köklərimiz bu gün birliyimizi möhkəm saxlamağımız üçün əsas amildir”, – deyə o bildirib. Qırğızıstanın keçmiş dövlət katibi Osmonakun İbrahimov Türk dünyası və XXI əsrin geosiyasi təhdidlərindən bəhs edərək, “Türk Dünyası: Tarixi-Mədəni İrs” atlasının nəşrinin vacib bir addım olduğunu qeyd edib.
Frankfurt Universitetinin professoru İrina Nevskaya konfrans iştirakçılarını Türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib, atlasın əhəmiyyətindən danışıb və qədim türk kitabələrinin əsas xüsusiyyətləri və yayılma coğrafiyası barədə məruzə edib. Türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunan, dünyanın 20-dən artıq ölkəsindən iştirakçıların qatıldığı beynəlxalq konfransda Qazaxıstandakı diplomatik korpusun təmsilçiləri, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Türkiyə səfiri Ufuk Ekici, Macarıstan səfiri, senat üzvləri, görkəmli ictimai və dövlət xadimləri, tanınmış türkoloq və mütəxəssislər iştirak ediblər.
2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi alqışlandı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi əhamiyyəti hadisə kimi bütün Türk Dünyasında xüsusi rəğbətlə qarşılanıb. Beynəlxalq Türk Akademiyası tərəfindən prezidentin qərarını təqdir edilib, dahi şair və mütəfəkkirin 880 illik yubileyi təşkilatın 2021-ci il üçün fəaliyyət planına daxil edilməklə bu qərara dəstək ifadə olunub.
“Nizami Gəncəvi insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və Türk Dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilmişdir. Onun yaradıcılığının tədqiqi və dünya miqyasında təbliği Beynəlxalq Türk Akademiyasının da prioritetləri sırasındadır.
Akademiya “Türk Dünyası ədəbiyyat antologiyaları” seriyasından 2018-ci ildə nəşr etdiyi “Azərbaycan ədəbiyyatı antologiyasını” da məhz dahi şairin əsərləri ilə başlamışdır. Ötən ilin dekabr ayının 30-da isə Azərbaycanda fəaliyyət göstərən, Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərləri daha geniş miqyasda dünyaya təbliğ etməklə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu çərçivədə 2021-ci il ərzində beynəlxalq arenada birgə tədbirlərin təşkili planlaşdırılmışdır. Hesab edirik ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliği baxımından “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək tədbirlər əhəmiyyətli beynəlxalq əməkdaşlıq platforması formalaşdıracaq, böyük mütəfəkkirin irsinin daha ətraflı tədqiqinə önəmli töhfə olacaq”, – deyə Beynəlxalq Türk Akademiyasının məlumatına bildirilir.
BMT-nin səfiri: “Ermənistan uzun illərdir UNESCO konvensiyasını pozurdu”
Fransa Ali Musiqi Akademiyasının direktoru, Azərbaycanın əməkdar artisti, BMT-nin sülhməramlı səfiri Adilə Əliyeva dünya ictimaiyyətinə açıq məktubla müraciət edib.
Fransada 30 ildir, yaşayan azərbaycanlı pianoçu deyib ki, hətta qlobal pandemiya Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunması ağrısını azaltmağa qadir deyildi: “30 illik işğal bir milyon qaçqının və müxtəlif milliyyətdən, dindən olan Azərbaycan əhalisinin – rusların, ermənilərin, yəhudilərin, ləzgilərin və başqalarının qan yaddaşında yer alan ali ədalətə inamını məhv edə bilməyib”.
Müəllif ermənilərin XIX əsrdə Azərbaycan torpaqlarına köçürüldüyü, Ermənistanın bütün beynəlxalq normaları kobudcasına pozaraq Azərbaycan torpaqlarını işğal etdiyi, dəhşətli müharibə cinayətləri törətdiyi, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin parlaq taktikası və qələbə strategiyası, ordumuzun qəhrəmancasına savaşması nəticəsində ölkəmizin Zəfər qazanaraq, BMT-nin 4 qətnaməsini təkbaşına yerinə yetirdiyi barədə ətraflı məlumat verib.
BMT-nin sülhməramlı səfiri bildirib ki, 30 illik işğal ərzində Azərbaycanın mədəni irsinə böyük ziyan vurulub, tarixi və dini abidələri (həm müsəlman, həm də xristian) məhv edilib, dağıdılıb, təhqir edilib, islam və xristianlığın qanunları, şərəfi və qaydaları kobudcasına pozulub: “Ermənistan uzun illər ərzində Azərbaycanın tarixi və mədəni irsini mənimsəyirdi, hər xalqın tarixi-mədəni dəyərlərinin müdafiəsi haqqında UNESCO konvensiyasını pozurdu”.
Tanınmış sənətkar digər ölkələrin mədəniyyət və incəsənət təmsilçilərini dəfələrlə Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını ziyarət etməyə, erməni işğalçılarının törətdikləri dağıntıların dəhşətli miqyasını görməyə dəvət edib. Müsəlman Şərqində, məhz Azərbaycanda ilk demokratik respublikanın qurulduğunu, qadına səsvermə hüququnun verildiyini, ilk operanın, baletin, operettanın yarandığını xatırladan sənətkar bütün ölkələrin və xalqların sülhməramlı səfirlərini müstəqil dövlətimizin əldə etdiyi sülhün qorunması üçün öz töhfələrini bəxş etməyə çağırıb.
Bizim müşahidələrimizə görə, əgər Ədilə xanım Əliyeva kimi xaricdə yaşayan ünlü elm və sənət xadimlərimiz onun təklif etdiyi tələblərə vaxtında qoşulsaydılar böyük nəticələr əldə edə bilərdik.
2020-ci il diaspora təşkilatlarımızın bütünlük çağının yeni mərhələsi olacaq
II Qarabağ Müharibəsi ərəfəsində ölkədaxili və beynəlxalq miqyasda necə diaspor təşkilatlaırmız bir araya gəlmişdilərsə, “Nizami Gəncəvi-880” törənləörində də eyni həmrəyliyi nümayiş etdirəcəklər. Çünki, bəşər mədəniyyətinin, fəlsəfi-estetik dəyəri kimi simvollarından biri sayılan dahi ustadımızın adı dünyanın qəbul dəyərlərdən biri sayılır. Biz Nizami Gəncəviyə sahib çıxmaqla həm də hansı xalqı və dövləti təmsil etdiyimizi də göstəririk. Onun yaradıcılıq irsinin yüksək humanism dəyərləri ilə necə də zəngin olmasını müasir standartlar çərçivəsində tanıtmaqla milli diasporumuz da bu prosesdə qürur duyacaqdır. Onun həyat və yaradıcılığı ilə bağlı konfrasnların keçirilməsi, bütün ölkələrdə elmi məqalələrin yazılması, əsərlərinə yazılmış musiqi lövhələrinin əzəmətini gündəmə gətirsək, çox böyük uğurlar əldə edə bilərik. Bu həm də milli diaspora təşkilatlarımızın vahid konsepsiya ətrafında bütünləşmə prosesinin üstün səviyyəyə qalxmasına xidmət edəcəkdir. Azərbaycanda artıq bu prosesə təkan verildi. İndi söz milli diaspor təşkilatlarımızındır.

 

“Hürriyyət”