Azərbaycan azad edilmiş əraziləri yüksək texnologiyalı bölgəyə çevirməyə çalışır

33
Eurasia Review, ABŞ
29.03.2021

Müəllif: Orxan Bağırov

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla İkinci Qarabağ müharibəsinə son qoyulub. Bu müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Amma təxminən 30 il davam etmiş işğal həmin ərazilərdə ciddi dağıntılara səbəb olub. İşğalçılar Azərbaycanın əksər şəhər və kəndlərində infrastrukturu tamamilə məhv edib. Məsələn, Ağdam şəhərini hətta “Qafqazın Hiroşiması” belə, adlandırırlar.

BMT-nin hesabatına əsasən, Azərbaycan ərazilərinin işğal altında saxlanılması ölkəyə ümumilikdə 53,5 milyard dollar zərər vurub. Azərbaycan Republikasının Hərbi Prokurorluğunun hesabatında isə deyilir ki, Azərbaycan işğaldan ümumilikdə 819 milyard dollar zərər görüb.

Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərini tam bərpa etməyə çalışır. Dağıntıların miqyası bölgənin bərpasını çətin və zaman alacaq prosesə çevirsə də, Bakı azad edilmiş əraziləri yüksək texnologiyalı bölgəyə çevirmək niyyətindədir. Odur ki, hökumət müharibədən dərhal sonra azad edilmiş ərazilərin inkişafı ilə bağlı sosial-iqtisadi plan hazırlayıb və bərpa işlərinə start verib. Bərpa işlərinin effektli şəkildə həyata keçirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı və müxtəlif istiqamətlərlə bağlı 17 İşçi qrup yaradılıb.

2021-ci ilin dövlət büdcəsində bərpa işlərinə ilkin olaraq 2,2 milyard dollar vəsait ayrılıb. Vəsait infrastrukturun və kommunal xidmətlərin yaradılmasına xərclənəcək. Növbəti mərhələdə bu məqsədlə özəl və xarici investisiyaya üstünlük veriləcək.

Bərpa prosesində ilk iş yol və avtomagistralların tikintisidir. İlk nəqliyyat layihəsi Tərtər şəhəri ilə Qarabağın şimal-şərq istiqamətində yerləşən Suqovuşan və Talış kəndləri arasında yolun bərpası olub. Bu prosesə hələ müharibənin davam etdiyi dövrdə start verilmişdi. Avtomagistralların ümumi uzunluğu 28,5 kilometrdir və artıq onların bərpasının ilkin mərhələsi başa çatıb. Növbəti mərhələdə Naftalan şəhəri ilə Talış kəndi arasında uzunluğu 22 kilometr olacaq yolun bərpası planlaşdırılır.

Digər mühüm əhəmiyyət kəsb edən nəqliyyat layihəsi isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoludur. Bu yolun uzunluğu 101,5 kilometrdir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə qısalaraq, təqribən 363 kilometr təşkil edəcək. Bu nəqliyyat layihəsinə ilkin olaraq 29,4 milyon dollar vəsait ayrılıb. Bu istiqamətdə tikinti işlərinin 2021-ci ilin sonunda və ya 2022-ci ilin əvvəlində tamamlanacağı gözlənilir. Onun son hissəsi Füzuli ilə Şuşa şəhərini birləşdirəcək. Bu, Azərbaycan üçün rəmzi xarakter daşıyır. Belə ki, Azərbaycan əsgəri ölkənin mədəniyyət mərkəzi olan Şuşa şəhərini məhz bu istiqamətdən azad edib. Odur ki, Azərbaycan prezidenti İlham Əliyev onu “Qələbə yolu” adlandırıb.

Azərbaycan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ilə bərabər, Qarabağın cənub hissəsində Horadiz-Zəngilan-Qubadlı-Laçın yolunu tikməyi də planlaşdırır. Bundan başqa, Horadiz dəmir yolu vasitəsilə Füzuli və Şuşa ilə birləşdiriləcək. Hazırda bu layihə planlaşdırma mərhələsindədir. Yolun tikintisinə 2021-ci ildə start veriləcəyi gözlənilir.

Bərdə-Ağdam dəmir yolu tikintisi həyata keçirilən növbəti dəmir yolu layihələrindən biridir. O, Yevlax-Xankəndi dəmir yolunun (104 kilometr) bir hissəsidir. Uzunluğu 45 kilometr olacaq Bərdə-Ağdam dəmir yolu layihəsinin həyata keçirilməsinə artıq başlanılıb. Bu məqsədlə ilkin olaraq 2,94 milyon dollar vəsait ayrılıb. Bundan başqa, Horadiz-Ağbənd dəmir yolu da bərpa ediləcək. Xatırladaq ki, o, Zəngəzur dəhlizinin əsas hissələrindən biridir.

Azərbaycan Qarabağın şimal hissəsində Toğanalı-Kəlbəcər yolunun inşasını da həyata keçirir. Uzunluğu 190 kilometr olacaq bu avtomagistral Murovdağdan keçəcək və İstisu kurort zonasına qədər uzanacaq. Bu yolun bəzi hissələri 3500 metr hündürlüyü olan ərazilərdən keçəcək. Qış aylarında nəqliyyat vasitələrinin hərəkətlərində çətinlik yaşanmaması üçün yol boyu ümumi uzunluğu 10-12 kilometr olacaq tunellərin tikintisi planlaşdırılır. Bu avtomagistral Laçın rayonuna qədər uzanacaq.

Qeyd edilən nəqliyyat layihələri sayəsində istər Kəlbəcər və Laçın rayonlarında, istərsə də Qarabağın cənub hissələrində lazımi infrastruktur yaradılacaq.

Azərbaycan hökuməti azad edilmiş ərazilərdə avtomobil və dəmir yolları ilə yanaşı, 3 aeroport da tikməyi planlaşdırır. İlk layihə Füzuli beynəlxalq hava limanıdır. Onun təməli bu il yanvarın 14-də qoyulub. Hava limanının uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq. Zolağın bu il istifadəyə verilməsi planlaşdırılır. Yeni hava limanı xarici qonaqların və turistlərin azad edilmiş ərazilərə, xüsusən Şuşa şəhərinə səfərini asanlaşdıracaq. Çünki Füzuli-Şuşa avtomagistralı bu hava limanı ilə birləşdiriləcək. Bundan başqa, Laçın və Zəngilan rayonlarında da hava limanlarının tikintisi planlaşdırılır.

Azərbaycan dövlətinin bərpa işlərində əsas hədəflərindən biri azad edilmiş ərazilərin enerji təhlükəsizliyini təmin etmək və orada “yaşıl enerji” zonası yaratmaqdır. Başqa sözlə, azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinə üstünlük veriləcək. Hesablamalara əsasən, Qarabağda 4000 meqavatdan çox günəş, 500 meqavatadək külək enerjisi potensialı var. “Yaşıl enerji” zonasının yaradılması prosesinə artıq start verilib. Azərbaycan Energetika Nazirliyi bununla bağlı beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə hərracların təşkili, özəl investisiyaların cəlbi kimi məsələlər müzakirə edilib.

“Yaşıl enerji” layihələrinin müzakirə edildiyi dövrdə artıq digər enerji layihələrinin həyata keçirilməsinə başlanılıb. Artıq Şuşaya 2 dövrəli olacaq elektrik xətti çəkilir. Hökumət binalarının elektrik enerjisi ilə təmin edilməsi məqsədilə “Azərişıq Qarabağda” layihəsi həyata keçirilir. Üstəlik, erməni işğalçılarının dağıtdığı su elektrik stansiyaları bərpa edilir. Məsələn, Laçın rayonunda 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası artıq istismara verilib. Suqovuşanda 2 su elektrik stansiyasının, Cəbrayılda “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının, Füzulidə isə “Şükürbəyli” Su Elektrik Stansiyasının bərpası davam etdirilir. Bundan başqa, SOCAR azad edilmiş ərazilərdə ümumi uzunluğu 416 kilometr olacaq magistral qaz xətti çəkməyi planlaşdırır.

Azad edilmiş ərazilərdə şəhərsalma işlərində də yüksək texnologiyalardan istifadə ediləcək. Azad edilmiş rayonlar “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası çərçivəsində bərpa olunacaq. Bu, Qarabağ bölgəsində dünyanın ən müasir texnologiyalarını tətbiq etməyə imkan yaradacaq. “Ağıllı şəhər”lər bələdiyyələrlə əhali arasında effekli qarşılıqlı əlaqə yaradacaq, dövlət xidmətləri yüksək səviyyədə olacaq, əhalinin rifahı yüksələcək.

Yeri gəlmişkən, ilk “ağıllı kənd”in Zəngilan rayonunun Ağalı kəndində yaradılması planlaşdırılır. 200 evin tikiləcəyi kəndin enerji təchizatı alternativ enerji mənbələri hesabına təmin ediləcək.

Bir sözlə, bərpa işləri ilə bağlı sadalanan layihələr göstərir ki, Azərbaycan azad edilmiş əraziləri regionun ən inkişaf etmiş bölgələrindən birinə çevirmək istəyir. “Yaşıl enerji” zonası və “ağıllı kənd”lər bölgənin dayanıqlı iqtisadi inkişafı üçün mühüm imkanlar yaradacaq. Azad edilmiş ərazilərdə nəqliyyat əlaqələrinin bərpası və hava limanlarının açılması isə regionun turizm imkanlarından tam istifadə üçün münbit şərait yaradacaq, ticarət əlaqələrinin inkişafına töhfə verəcək. Nəticədə Azərbaycan bir zamanlar əraziləri işğal altında olduğuna görə əldən verdiyi imkanlardan və resurslardan tam istifadə edə biləcək. Bununla, azad edilmiş ərazilərin ölkə iqtisadiyyatındakı payı işğaldan əvvəlki səviyyəyə çatacaq. İqtisadi inkişaf isə öz növbəsində dayanıqlı sülhün bərqərar olmasına töhfə verəcək və Ermənistanla Azərbayca arasında gələcək barışıq üçün yeni perspektivlər açacaq. Əlbəttə ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın tam yerinə yetirilməsi və Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması şərti ilə.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Eurasia Review