Azərbayacanda “beşinci kolonna”nın fəaliyyəti…

630

Qarabağa yerləşdirilən “sülhməramlı” hərbi hissələr XVIII-XIX əsrlərdə günahsız insanların qanını axıtmış pravoslav generalların estafetini daşıyanlardır!

“Məsko şəhinə faidəbəxş oldu bu meydan!”

Kim olmasa da YAP-ın nadirəlvücud zatları bu sözün nə vaxt, kim tərəfindən yazıldığını bilməmiş deyillər. Bu həşəmətli ağaclar daha o əsrar qalmayıb ki, ona vaqif olmasınlar, bu misra nədir ki, onun əsl mənasını başa düşməsinlər.
Mən həqir bəndə də yaxşı bilirəm ki, cəfakeş Sabirimiz bu sözü özünün məşhur “Fəxriyyə” əsərində nə üçün, nə məqsədlə işlədib, yazmaq var, yazmaq var, Sabir “Fəxriyyə” əsərini dərd-ələmdən yana-yana qələmə alıb. Bir əsrdən çox vaxt keçsə də Azərbaycanın heç bir qələm yiyəsi “Fəxriyyə”nin tozuna çata bilən əsər ortaya qoya bilməyib. Əlqərəz, bu başqa söhbətin mövzusudur.
Bəs bizim şərəfsiz məmurların, rüşvətxorların xarici banklara keçirtdikləri, aradan çıxartdıqları sərvətləri kim geri alacaq? Bu işi Sovet hökuməti bacarırdı… Biz bacarmırıq… Bilirsiniz niyə, sadəcə olaraq ona görə ki, ellik zəmanətin hökmfərma olduğu məkanda qanundan danışmaq mənasızdır.
Arxayın-arxayın oğurlanmış milyonları xaricə ötürmüş, oralarda əməlli biznes quranların şərikləri də, qohum-əqrəbaları da bu dəqiqənin özündə respublikanın bütün güc strukturlarında yağlı yerlərdə oturublar.
…Uzun illər maklaturadan beşbetər günə düşmüş “Azad Azərbaycan” qəzetinə həftədə bir neçə məqalə verirdim. Obyektiv səbəblər üzündən dözürdüm və o, rəzalətlərə ki, mən bu illərdə şahid olmuşam. Allah kafərə də göstərməsin. Əli Həsənovun adı çəkiləndə qəzetin rəhbərliyi az qala yerə qədər təzim edirdi.
Abunə vaxtı gələndə daha o pəstah qalmırdı ki, çıxartmasınlar. Çox utanc gətirən səhnələrin şahidiyəm… Özümə ölənə qədər bu əməlimi bağışlamayacağam, mən cibindən başqa heç nəyə qulluq etməyən hər nadana imkan verdim ki, mənim “pambuq bəylərinə” nifrətimdən sui-istifadə etsin. Yaxşı ki, ölkədə başqa qəzetlər vardı, heç olmasa onlarda ürəyimi boşaldırdım.
…Vüqar Səfərli adlı bir əyalət lotusunun bəd əməlləri ifşa edilir və onu “qoduqluğa” salırlar.
…Əli Həsənovun ailəsi ilə birlikdə aradan çıxması haqqında xəbər yayılır. Onun altı şirkəti ləğv olunur. Altı şirkət! Özümü hamıdan ağıllı hesab edirdim, indi isə öz-özümə deyirəm, kül olsun başına, gör sən kimlər üçün qələm çalıb, şoxu ilə üz-göz olmusan!
Artıq yavaş-yavaş dövlətçiliyin qəsdinə durmuş, insanları məkrlə iqtidarın üzərinə qaldırmaq istəyən şərəfsizlərin “şaykası” üzə çıxır.
Əli Həsənov mənim hörmətli Prezidentə, Birinci vitse-prezidentə ünvanladığım neçə-neçə müraciət və ərizəmin başına daş salmışdı. Onun mənfur əlaltılarının azğınlığı o həddə çatmışdı ki, mənə aparatdan “müraciətini aldıq” cavabını verməyi də lazım bilmirdilər. Günahım vardı, dəfələrlə bu odioz fiqurun üsul-idarə üçün böyük təhlükəyə döndüyünü demişdim. Əli Həsənov və onun ipini dartan Ramiz Mehdiyev bilmirdilər ki, məni necə aradan götürsünlər. İlişmək üçün əllərində əsas da yox idi. Sonra Elmira Axundova ilə birgə yaxşı fənd tapdılar, məni təhqir üstündə məhkəməyə verib çərlətmək, olan-qalan dilənçi müavinətimi də əlimdən alıb mənən sındırmaq, ərizə və şikayətlərimin də qarşısını almaq asandır.
Sovet hakimiyyətinin qarşısında əyilməyən Firuz Haşımov mənfur “beşinci kalonnanın” tüfeyli rəhbəri qarşısında baş əyə bilməzdi. Sınmadım, hər şey mən deyən kimi oldu. Sevinmək hələ tezdir. Mənə bir sual da əzab verir, axı nə cür olur ki, naqisin biri illər boyu soyur, talayır, nəhəng məbləğləri xaricə ötürür, daxildə xoşuna gəlməyənin evini yıxır, müvafiq orqanların bütün bunlardan guya xəbərləri olmur. İfşa ancaq xoş təsadüf nəticəsində baş verir. KİV-də bir-iki həftə söz-söhbətdən sonra, hər şey unudulur, oğurlanmış milyonların aqibəti bilinmir.
“Məsuliyyətə” cəlb edilmiş, ya da vəzifəsindən azad edilmiş zinakarın törəmələri, qohum-əqrəbaları da ya xaricdə, ya da Bakıda heç bir iş baş verməmiş kimi əvvəlki keflərindədir. “Klassik” bir misal, Bakının yeraltı dünyasının sahibi Tağı Əhmədovun “igidlikləri” barədə nələr deyilmədi, nələr yazılmadı. Axırı nə oldu? Heç nə, hansı axşam televizora baxsaydın onu görürdün ki, ən yaxşı konsertlərdə Tağı ağa əyləşib ən gözəl yerdə həzz alır, üz-gözünün ifadəsindən hər şeyi oxumaq olurdu, yemişəm, içmişəm, belə əcəb eləmişəm, yığdığım nəvə-nəticəmə də bəsdir, Siz isə yana-yana qalın. On iki il ərzində Xətai rayonunun altını üstünə çevirmiş Razim Məmmədov da, dünyadan məstkam olmuş Əbülfəz Qarayev də, Ukraynaya səfir göndərilmiş Elmira Axundova da, oğul-uşağı ABŞ-da yaxşı mal-mülk yiyəsi olmuş sabiq xarici işlər naziri də, əlqərəz, neçə-neçə belə “vətənpərvər”, “qeyrətli” zatlar da eyni sözləri deyirlər. Bizlərə bu da azdır!
Biz fəqir-füqəranın da təsəllisi var. Bakı küçələrində Yanvar, Xocalı qətlamında ən alçaq rol oynamış dövlətin bayraqlarının dalğalanmasını gördük, Aygün Kazımova, Faiq Ağayev kimi “milli qeyrət mücəssəmələrinin” Azərbaycan haqqında mahnılarına fərəhlə qulaq asdıq, erməninin baş rolda çəkildiyi “Onu bağışlamaq olarmı?” kinoxalturaya, mədəniyyətimizin üz qarası “Dəli Kür” kimi kinopaskivilə diqqətlə baxdıq. Hə, yaxşı yadıma düşdü, Bakı rusdillilərinin məhəllə başçısı Çingiz Abdullayevin də öyüd-nəsihətinə söz ola bilməzdi.
…Amma, Xudavəndin əmri ilə əsl möcüzə baş verdi. Mübarizlər, Allahverdilər, Poladlar, Arəstələr, adlarını çəkə bilmədiyim yüzlərlə cəngavər, balasının şəhidliyindən qürur hissi duyan analar, on səkkiz yaşında qanına bələnən cavanlar, son qəpiyini də müdafiə fonduna verən babalar olan torpaqda millət sınmamalı idi. Azərbaycan ordusu erməni faşistlərinin təmsil etdiyi səlib dünyasına tutarlı zərbə vurdu.
Burada qoca bir lahıclı dindardan eşitdiyim sözü yazmalıyam. Şuşanın azad edildiyini eşidən kimi o, hönkür-hönkür ağlayaraq əvvəl salavat çevirdi, diz çöküb əllərini Allahın dərgahına qaldıraraq qəhərdən boğula-boğula dilləndi. Allahım, sənə qurban olum, ölmədim Üzeyir bəyin, Natavanın yurdunun həqarətdən xilas edildiyini gördüm, Xocalının qisası alındı. Sübhanəkə ey ləşkəri türk, Sübhanəkə, ey millətin qeyrətli rəhbəri!
… Yenə də deyirəm, Bakının özündə ustalıqla maskalanmış “Beşinci kolonnanın” tör-töküntüləri Xankəndində oturan rus hərbi bölmələrindən min qat təhlükəlidirlər.  Rusiya əyyami qədimdən hansı torpağa sülh gətirib?
Bunların sevimli sərkərdəsi Suvorovun Osmanlı imperiyasının torpaqlarında, Başqırdıstanda, Polşada on minlərlə insanı qətlə yetirməsini hamı bilir. Milli qəhrəman mərtəbəsinə qaldırılmış uşaqbaz Kutuzovun üsyana qalxmış təhkimçi kəndlilərə necə divan tutmasını rusların özləri gizlətmirlər. Mın, 1916-cı ildə Türküstanda rus kazak qoşunlarının yerli müsəlman əhalisini necə qılıncdan keçirmməsini yazmışdım. On  minlərlə kənd əhli dəhşətli qətlamdan xilas olmaq üçün Çinə köç etmişdi. Erməni faşistlərinin Azərbaycan torpaqlarındakı cinayətlərinə təəccüblənmək lazım deyil. Onlar Allahın lənətinə gəlmiş general Yermolovun taktikasını həyata keçirirlər. Dünyanı heryran qoyan Qafqaz müharibələri zamanı general Yermolovun əmri ilə rus əsgərləri müqavimət göstərən dağ camaatının evlərini dağıtmaqla kifayətlənməyib meşələri də, bütün yaşıllığı da yandırırdılar. XIX əsrin ikinci yarısında vəhşicəsinə yandırılmış meşə massivləri yüz il keçsə də daha bərpa olmadılar.
Bizim ruspərəstlər bilirlərmi ki, 1881-1883-cü illərdə Moskva şovinistlərinin tərifləyib ideallaşdırdıqları general Skobelovun əmri ilə neçə türkmən tayfası qılıncdan keçirilmişdi? Ruspərəstliyini gizlədə bilməyən Çingiz Abdullayevin nəzərinə çatdırıram ki, general Skobelov yomud qəbilələrinin müqavimətini qırmaq üçün hətta körpələrin də öldürülməsini əmr etmişdi. Bu müharibə canisi də Türkmənistana soxulmasını sülhməramlı olması ilə ört-basdır edirdi.

Mən hələ şimal en dairəsində yaşayan xalqların məruz qaldıqları dəhşətdən danışmıram. Qızıldan da qiymətli xəz əldə etmək xatirinə onlarla qəbilə yer üzündən birdəfəlik silinib məhv edilib. Bəzi xalqalrın qancaq quru adları qalıb. İmperiya “sülhməramlılarının” belə “tarixi xidmətləri” haqqında öz tarixçiləri yazırlar. Qarabağa yerləşdirilən “sülhməramlı” hərbi hissələr XVIII-XIX əsrlərdə günahsız insanların qanını axıtmış pravoslav generalların estafetini daşıyanlardır.
Biz hər gün telekanallarda məgər eyni dəhşətləri görmürükmü? Rus haramzadanın bilavasitə köməyi və təhriki olmasaydı erməni bu qələtləri törətməmişdən əvvəl fikirləşərdi. Bizim titullu, orden-medallı alimnümalarımızın biri də indiyə kimi 1942-ci ilin Krım fəlakətindən bir kəlmə də yazmırlar. Uğursuz Kerç əməliyyatı zamanı burada yüz mindən çox azərbaycanlı döyüşçü tələf olmuşdu. Silahla davranmağı bacarmayan, bir kəlmə də olsun rus dilini bilməyən, hətta əməlli paltarla, əsləhə ilə təchiz olunmamış on minlərlə azərbaycanlı kəndlini, fəhləni Mexlis və onun kimi bolşevik şovinistlər bihudə yerə qurban verdilər. Azərbaycanın o vaxtkı əhalisinin ümumi sayını itkilərlə səfərbər edilənlərlə müqayisə edəndə dəhşətli mənzərənin şahidi oluruq. Veteranlar, müharibə cəhənnəmindən ölüm-zülmlə qurtaranlar başlarına gətirilən müsibətlərdən danışmağı sevmirlər.
Hamı bilir ki, orduda hamıdan çox həqarətə məruz qalan qıyıq gözlü asiyalılar və azərbaycanlılar idi. Müharibə illərində ayrı seçkilik hər yerdə özünü göstəriridi. Bütün olan-qalanını qurban verən azərbaycanlıların içindən çıxmış generalların ümumi sayını ermənilərlə, gürcülərlə müqayisə eləmək mümkün deyil.
Mətləbdən uzaqlaşmayaq, biz rusların “humanizmdən” danışırdıq. Bədbəxt Krım tatarlarının faciəsini yada salın… İllər keçib, nə qədər qərarlar fərmanlar verilib Krım tatarları bu dəqiqənin özündə dədə-baba torpaqlarında yetim kimi gəzirlər. Onlara göz verib işıq da vermirlər!
Ola bilsin ki, bəziləri məni milli ədavətli qızışdırmaqda günahlandırsın. Çox nahaq yerə! Azərbaycanlının ədavəti həmişə öz soydaşına qarşı olub, hansı ədavətdən danışa bilərik ki, Bakıda on minlərlə erməni, rus neynim demədən yaşayır, hamısının da yaxşı ev-eşiyi də var. Hansı ədavətdən danışa bilərik ki, ruslaşmış bütöv bir zümrə efirdə də “atamanlıq” edir. “Beşinci kolonna” bax budur!
Neçə gündür bütün telekanallarda vətənimizin xarabazara döndərilmiş məskənlərini göstərirlər. İndiyə kimi bir qələm əhlinin dilindən qisasa, intiqama çağıran söz eşitmişik? Yox!
Müharibə bitdi, Ali baş komandan əlindən gələni etdi, rus da, bir bəhanə ilə gəldi oturdu Xankəndində. Hə indi rahat oturub yeyib-içmək olar ən düşük, ən heyvərə verilişlərə də baxa bilərik. Qoy indi sərvətli, samanlı, çörək, dərman ev-eşik dərdi çəkməyən YAP-ın gülməşəkər ideoloqları da rahat oturub bizlərə vətənpərvərlik dərsi versinlər. “Puritan” həyat tərzi ilə hamımıza örnək olan bu ağalara sonda bu sözləri demək istəyirdim. Cənablar, Mirşahinin həftədə bir saatlıq çıxışı sizin on il gəvəzələməyinizdən min qat qiymətli və əhəmiyyətlidir. Bunu bilirsinizmi?
Firuz HAŞIMOV