“Avropa-Rusiya münasibətləri daha da pisləşəcək” – “Rusiya Ukraynaya hücum edərsə…”

93

Həkimlərin məlumatına görə, Aleksey Navalnının səhhəti o qədər ağırdır ki, onun ürəyi istənilən an dayana bilər. İki həftədən artıqdır ki, Navalnı özünə hərtərəfli tibbi yardım olunması tələbilə aclığa başlayıb. Rusiyalı müxalifətçi belindəki ağrılardan və ətraflarının keyləşməsindən əziyyət çəkir.

“CBS” telekanalına müsahibəsi zamanı Fransa prezidenti Emmanuel Makron deyib ki, Rusiyaya fəaliyyət sərhədlərini anlatmaq lazımdır. O, həmçinin əlavə edib ki, əgər bu sərhədlər pozularsa, o zaman Qərbi Avropa sanksiyalar barəsində düşünməlidir.

Çexiyanın Rusiya diplomatlarını ölkədən çıxarması 2014-cü ilin oktyabrında bu ölkənin şərqindəki mərmi anbarının partladılmasıyla əlaqələndirilir. Həmin partlayış nəticəsində iki çexiyalı ölmüşdü. Çexiya hökuməti hesab edir ki, bu hadisədə rusiyalıların əli var.

Düzdür, Rusiyanı cinayət başında yaxalamayıblar, günahkarların kimliyini isə bir neçə ildən sonra aşkarlayıblar, amma buna baxmayaraq, həmin hadisənin əhəmiyyətini dəyərləndirmək gərəkdir. Görünən odur ki, Avropa-Rusiya münasibətləri bundan sonra yalnız pisləşəcək və vəziyyəti yoluna qoymaq çox çətin olacaq.

Navalnının öldürülməsi cəhdi və onun həbsxanaya göndərilməsi, həmçinin müxalifətin əzilməsi Rusiyanın təkhakimiyyətli dövlət strukturuna doğru inkişaf etməsinin dönüş nöqtələrindən biridir. İkinci belə dönüş nöqtəsi isə Rusiya ordusunun Ukrayna sərhədinə yerləşdirilməsidir.

 

 

Qərbin demokratik Rusiya barədə düşünməsi tamamilə əbəs işdir. Rusiyanın hərəkət xətti təxminən 2005-ci ildən dəyişib və bu dövlət normal dövlət haqqında təsəvvürlərə qətiyyən uyğun gəlmir. Rusiya hesab edir ki, böyük dövlətin öz kiçik qonşularına nisbətən daha çox hüququ və haqqı olmalıdır. Məsələn, Rusiya Avropa Birliyinin insan hüquqları aspektini qabartmasından və həmçinin də ABŞ-ın öz müttəfiqlərinə qarşı münasibətində daha aktiv mövqe tutmasından narahatdır.

SSRİ-nin dağılmasının kədər hissi ilə xatırlanması və “soyuq müharibə”dən sonra geostrateji təsir sferasının itirilməsi Rusiyanın siyasətində özünü açıq büruzə verir. Ukraynadakı hərbi fəaliyyətlər, separatçı yaraqlıların daim dəstəklənməsi, Krımın işğalı, Ukrayna sərhədinə qoşun cəmləşdirilməsi Rusiyanın yaranmış mövcud vəziyyətə etirazıdır. Son dövrlər bu narazılıq nəzərəçarpacaq dərəcədə artıb.

 

 

Hazırda hamı Co Baydenlə Vladimir Putin arasında baş tutacağı gözlənilən görüşdən danışır. Finlandiya bu görüşün keçirilməsi üçün şərait yaradılmasına hazır olduğunu bildirib. Son hadisələrin bu görüşə necə təsir göstərəcəyini demək çətindir. Təcili görüş kəskin problemlərin həlli üçün çox mühüm zəmin yaradar. Bayden prezident kürsüsünə təzə əyləşib və belə bir səviyyədə görüşün hazırlanması xeyli vaxt aparır. Görüşün sürətlə təşkil edilməsi tərəflər arasındakı ziddiyətlərə baxmayaraq, onların dialoq qurmaq arzsunun əlaməti kimi dəyərləndirilməlidir. Sözügedən sammitin tezliklə keçirilməsi Putunə də sərf edər.

Rusiya ABŞ ilə eyni masa arxasında əyləşməklə yanaşı, hesab edir ki, Amerika həm də onu özünə bərabər dövlət kimi qəbul etməlidir. Digər tərəfdən isə Baydenin mövqeyi Trampla müqayisədə Rusiyanın maraqlarına az uyğun gəlir. Axı, Bayden deyib ki, Pribaltika və digər müttəfiqlər ABŞ üçün mühümdür.

Avropa ilə Rusiya arsındakı problem Bayden üçün ikinci dərəcəli əhəmiyyətə malik məsələdir və o, bu məsələni tezliklə gündəlikdən çıxarmağa hazırdır. Amerikanın uzunmüddətli siyasi perspektivində Asiya və Çinin təsirinin azaldılması daha vacibdir.

Amerikanın Rusiyaya qarşı bu yaxınlarda tətbiq etdiyi sanksiyalar Rusiyanın ən kövrək yerinə-iqtisadiyyatına ciddi zərbə vurur. Sanksiyaların səbəbi kimi Rusiyanın ABŞ hökumətinə qarşı kiberhücum təşkil etməsi və bu ölkədəki seçkilərə müdaxiləsi göstəririlir. Son illər Rusiya dəfələrlə ABŞ və digər Qərb ölkələrinin texniki sistemlərinə kiberhücumlar edib.

 

 

Əgər Rusiya həqiqətən Ukraynaya hücum etmək istəyirsə, onda o, yaxın həftələrdə bunu həyata keçirmək iqtidarındadır. Ancaq Ukrayna sərhəddinə ordu yığılması sadcə güc nümayişi də ola bilər. Bəlkə də Putinin özü Ukrayna ilə nə ediləcəyini dəqiq bilir və qərar verməmişdən öncə digərlərinin hansı reaksiya verəcəyini yoxlayır. Rusiya ilə Ukraynanın münasibətlərinin inkişaf perspektivi xoş görünmür. Ukrayna ilə aparılacaq geniş miqyaslı müharibə zamanı xeyli sayda rusiyalı gənc həyatını itirəcək.

Müharibə olacağı təqdirdə Rusiya öz gücünü havadakı üstünlüklə nümayiş etdirməyə çalışacaq. Ukraynanın kifayət qədər təcrübəli və effektli ordusu, 300 minə yaxın əsgəri və təxminən 800 min nəfər ehtiyat qüvvəsi var. Ukraynalılar öz vətənlərini qorumaq istəyirlər. Sovet İttifaqı zamanı Rusiya və Ukraynanın münasibətləri çox yaxşıydı. Amma sonradan Ukrayna və Rusiya arasındakı uzunmüddətli əlaqələr uğursuzluğa düçar oldu. Hazırda Ukrayna Avropa Birliyinə üzv olmağa cəhd göstərir. İnciklik və qəzəb hissi Rusiyanı məcbur edir ki, öz mövqeyini hərbi fəaliyyətlə ifadə etsin.

“Demokraatti” qəzeti – Finlandiya

Tərcümə: “AzPolitika.info”