Avropa “AstraZeneca”dan imtina edir, Azərbaycan isə vaksinləri qəbul etməyə hazırlaşır…

243

Adil Qeybulla: “Hesab edirəm ki, vaksin haqqında olan rəylər bəzən onun keyfiyyətinə uyğun gəlmir”

Digər ölkələrin vaksinlə bağlı təklifləri olarsa, Azərbaycan da o təklifləri dəyərləndirə bilər”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən, İsveç Krallığının “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək.  Baş nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmana uyğun olaraq sərəncam imzalayıb.

Prezidentin köməkçisi Şahmar Mövsümov ötən həftə keçirlən mətbuat konfransında bildirib ki, vaksin ölkəyə gətirildikdən sonra ÜST-ün tövsiyələrinə əsasən tətbiqinə başlanacaq.

Bəzi ölkələrin “Astra-Zeneca” peyvəndindən istifadəni müvəqqəti dayandırması ilə bağlı Şahmar Mövsümov qeyd edib ki, heç bir ölkə “AstraZeneca” vaksinini hələlik boykot etməyib, ÜST bu vaksindən istifadəni tövsiyə edir.

Lakin dünyanın bir sıra ölkələri “AztraZeneca” Şirkətinə məxsus vaksinlərdən imtina edir. Xüsusən də bir sıra Avropa ölkələrinin “AstraZeneca” vaksininin tətbiqini dayandırması Azərbaycan üçün də ciddi siqnaldır. Danimarka və Norveçin “AstraZeneca”nın tətbiqini dayandırmasından öncə Avstriya qanın laxtalanmasının pozulması və ağciyər arteriyasında tromboemboliya səbəbindən ölüm faktını araşdırması üçün bu peyvəndin istifadəsinə ara verib.

Məlumata görə, “AstraZeneca” vaksini vurulmuş şəxslərin ağciyər arteriyasında yüksək qan damarının laxta ilə tıxanması, venaların trombozu və ya trombosit səviyyəsinin düşməsi kimi simptomlar yaranıb. Bundan əlavə İtaliya, İspaniya, Almaniya, Fransa və Niderland kimi ölkələr də sözügedən vaksindən imtina edib. Çünki, vaksin vurulduqdan sonra ölüm faktları qeydə alınıb.

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “AstraZeneca” vaksini vurulandan sonra anafilaktik şok keçirən 27 yaşlı tibb bacısı vəfat edib. Belə ki, vaksin vurulduqdan sonra vəziyyəti ağırlaşan tibb bacısı təcili Tbilisiyə çatdırılıb. Faktla əlaqədar Gürcüstan Ümumdünya Səhiyyə Təşkilatını və vaksini istehsal edən şirkəti məlumatlandırıb. Digər bir ölkə Hindistan da “AstraZeneca” şirkətinin bu ölkədə istehsal olunan koronavirus vaksinlərinin ixracını müvəqqəti dayandırıb.

Maraqlıdır ki, bir çox ölkələrin imtina etdiyi “AstraZeneca” vaksinini Azərbaycan niyə tətbiq edir?

Tibb professoru Adil Qeybulla “Hürriyyət”ə müsahibəsində deyib ki, “AstraZeneca” vaksini immunitet sistemini həddindən artıq qıcıqlandırdığı üçün paradoksal reaksiyaları olur:

““AstraZeneca” vaksiniylə bağlı müəyyən problemlər var. Vaksinin yüksək texnologiya ilə hazırlanması düzdür. “Oxford” Universitetinin tədqiqatçıları tərəfindən hazırlanıb. Vaksin immunitet sistemini həddindən artıq qıcıqlandırdıqda paradoksal reaksiyaları da olur. Bu baxımdan, sözgüdən vaksinlər bağlı müəyyən problemlər var. Amma bu, kütləvi xarakter daşımır. Hesab edirəm ki, vaksin haqqında olan rəylər bəzən onun keyfiyyətinə uyğun gəlmir. Düşünürəm ki, kifayət qədər keyfiyyətli vaksindir.

Digər tərəfdən, biz müqaviləni imzalamışıq və dərmanlar Azərbaycana gəlməlidir. Bundan əlavə, vaksinin ölkə üzrə tətbiqindən sonra qərarın nə olacağını demək çətin məsələdir. Düzdür ki, bəzi Avropa ölkələrində vaksinlə bağlı müəyyən qərarlar qəbul edilib. Bu, təkcə vaksinin keyfiyyətinə bağlı deyil. Vaksin yüksək keyfiyyətlə və həssaslıqla hazırlanıb. Müəyyən əks reaksiyalar digər vaksinlərdə də müşahidə olunur. Yəqin ki, Azərbayan təkcə “AstraZeneca” vaksinini deyil, digər ölkələrin də vaksinlərini alacaq. Digər ölkələrin vaksinlə bağlı təklifləri olarsa, Azərbaycan da o təklifləri dəyərləndirə bilər”.

Xatırladaq ki, Danimarka Səhiyyə Nazirliyi peyvəndin qanda laxtalanma kimi ölümcül mənfi və yan təsirlərə səbəb olduğu üçün vaksinasiyadan bir müddət imtina etdiklərini açıqlayıb. Qeyd edək ki, daha əvvəl İslandiya, Avstraliya, Luksemburq, Estoniya, Litva və Latviya da eyni səbəblə “AstraZeneca” COVID-19  vaksinindən istifadəni dayandırıb. Avropa İttifaqının digər üzvləri, o cümlədən də Belçika və Polşa “AstraZeneca” vaksininin tətbiqini davam etdirirlər. Böyük Britaniya hakimiyyəti də bildirir ki, vaksinasiyanı dayandırmayacaqlar. Böyük Britaniyada artıq 11 milyomdan çox insan “AstraZeneca”nın ən azı bir dozasını alıb və həddən artıq ölüm hallarına və ya tromb yaranmasına dəlalət edən heç bir əlamət də olmayıb.

YƏHYA