Atom bombası atan ABŞ-ın soyqırımı davası – Təhlil

87

ABŞ prezidenti Co Bayden 24 apreldə Birinci Dünya müharibəsi dövründə “ermənilərin Osmanlı İmperiyası tərəfindən öldürülməsini” soyqırımı kimi tanıyıb. Bu günə kimi heç bir ABŞ prezidentinin dilə gətirmədiyi “soyqırımı ifadəsini ilk dəfə Bayden işlədib. Ağ Ev rəhbərinin bu açıqlaması Ermənistanda və erməni diasporunun qondarma soyqırımının anım gününü qeyd etdiyi günə təsadüf edib.

“Biz hər il bu gündə Osmanlı dövründə ermənilərin soyqırımı zamanı ölənlərin xatirələrini yad edirik və bu cür vəhşiliyin bir daha təkrarlanmasının qarşısını almaq üçün üzərimizə öhdəlik götürürük. Amerika xalqı 106 il öncə bu gün baş verən soyqırımında ölən erməniləri şərəfləndirir“, – deyə Baydenin bəyanatında qeyd olunur.

Birləşmiş Ştatların uzun illərdən sonra qondarma erməni soyqrımını tanıması əslində bir neçə siyasi xarakter daşıyır. İlk növbədə qeyd etmək lazımdır ki, demokratların əsas səs verənlərindən olan ermənilərə verilən vədlərin uzun müddət yerinə yetirilməməsi böyük narazılıqla qarşılanırdı. Artıq Amerikada yaşayan ermənilər prezident seçkilərində hər il aldadıldıqlarını başa düşmüşdülər. Co Bayden də demokrat namizədlərə dəstəyin dayanmaması və ortada olan narazılığı aradan qaldırmaq üçün soyqırımı sifarişini nəhayət yerinə yetirdi.

Digər tərəfdən, Yaxın Şərq və Cənubi Qafqazda aparıcı ölkəyə çevrilmək istəyən Türkiyə də cəzalandırlır. Co Baydenin rəhbərlik etdiyi ABŞ Türkiyəyə bu dəfə soyqırımı kartı ilə təzyiq göstərir və rəsmi Ankaradan tam təslim siyasəti yürütməsini istəyir. NATO ölkəsi olan Türkiyənin müstəqil siyasət yürütməməsi, ABŞ-ın istəklərini yerinə yetirməsi, Rusiya, Çin və İran kimi ölkələrlə müttəfiqlikdən əl çəkməsi üçün rəsmi Vaşinqton təzyiq vasitəsindən istifadə edir. Qondarma soyqırımının uzun illərdən sonra ABŞ tərəfindən tanınması Ankaraya qarşı təzyiqin böyük ölçüdə genişləndirilməsindən xəbər verir.

Türkiyə öz növbəsində Baydenin bəyanatını rədd edərək, onun hər hansı bir elmi və ya hüquqi əsasının olmadığını və dəlillərlə dəstəklənmədiyini açıqlayıb. Rəsmi Ankara hesab edir ki, ABŞ prezidenti 1915-ci il hadisələri ilə bağlı radikal erməni dairələrinin və Türkiyə əleyhinə qrupların təzyiqi altında 24 apreldə açıqlama verib. Əslində qondarma erməni soyqırımı mövzusunu siyasiləşdirərək, gündəmə gətirən ABŞ həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

Qondarma soyqırımı məsələsi fonunda bir həqiqət mövcuddur ki, bunu bildirmək yerinə düşərdi. Tarixində dəfələrlə soyqırımı, qətliam və cinayətlər törətmiş ABŞ-ın bu gün soyqırımı davası etməsi gülünc görsənir. Çünki Birləşmiş Ştatların tarixi, yürütdüyü siyasət, işğalları və gerçəkləşdirdiyi “inqilablar” əslində bu ölkənin soyqırımı siyasətini bu günə kimi davam etdirməsindən xəbər verir.

ABŞ-ın tarixinə qısaca baxış yetirsək, bu soyqırımı hadisələri ilə üzləşə bilərik. Amerika qitəsinin kəşfi zamanı 70 milyon hindu öz torpaqlarında məhv edilib və  ABŞ bu qırğınlar üzərində qurulub. 16-cı və 19-cu əsrin ortalarında ümumilikdə 15 milyon afrikalı kölə vəziyyətinə salınıb və Amerika qitəsinə gətirilib. 35 milyon afrikalı işgəncə və qeyri-insani rəftar nəticəsində həyatını itirib.

ABŞ 1945-ci ildə Yaponiyaya iki atom bombası atıb ki, bu da 350 min insanın ölümünə, minlərlə insanın əlilliyinə səbəb olub. 1950-ci ildən başlayaraq, Amerika döyüş təyyarələri tərəfindən üç il bombalanan Şimali Koreyada təxminən dörd milyon insan ölüb.

1962-1975-ci illərdə ABŞ-Vyetnam müharibəsi zamanı üç milyon vyetnamlı ölüb. Vyetnam müharibəsi zamanı ABŞ zəhərli narıncı qazdan istifadə edərək, mülki əhaliyə qarşı soyqırımı həyata keçirib.

Siyahıya son illərdə Yaxın Şərqdəki işğalları da əlavə etmək olar. Əfqanıstan, İraqın işğalı, “ərəb baharı” adı altında Tunis və Liviya kimi ölkələrin viran qalması, Suriyanın xarabalığa çevrilməsi və ən əsas da milyonlarla insanın qurbana çevrilməsi məhz ABŞ-ın soyqrımının bariz nümunəsidir.

Əslində ABŞ-ın cinayətləri sadalananlardan dəfələrlə çox olsa da, bir qrupunu yazmaqla, bu ölkənin soyqırımı davası etməsinin əslində öz maraqlarına xidmət etdiyini göstərməyə çalışırıq.

Əli Xəzəri
Eastnews.org