Araik Arutunyanla görüşün pərdəarxası

1854

Və yaxud Rusiya sülhməramlılarının rəhbəri və Azərbaycan rəsmisinin iştirakı ilə keçirilən görüşdə hansı məsələlər müzakirə olunub?

Azərbaycan öz ərazisində illərdir xaricdən dəstəklənən terrordan əziyyət çəkirdi. Həm də Ermənistanın bizə qarşı yönəlmiş dövlət terrorundan. İkinci Qarabağ müharibəsindən sonra vəziyyət nisbətən dəyişsə də, məsələ tam həll olunmuş sayıla bilməz.

Qarabağda 30 il ərzində kök salmış erməni terrorçularının darmadağın edilməsindən sonra, bu günlərdə erməni tərəfi xəbər yaydı ki, buradakı qondarma rejimin rəhbəri Araik Arutunyan Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşüb. Görüşdə Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rüstəm Muradov və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan iştirak ediblər. Erməni tərəfi görüşdə “əsir və itkin düşmüş şəxslərlə bağlı məsələlərin müzakirə olunduğunu” bildirib, Azərbaycan tərəfdən isə görüşdə kimin iştirak etdiyi haqda açıqlama verilmir. Və Bakıdan bu görüşlə bağlı hələlik rəsmi məlumat verilmədiyinə görə, təbii olaraq xəbər sosial şəbəkələrdə və ekspertlər arasında müəyyən ajiotaja səbəb olub.

İlk öncə bundan başlayaq ki, Araik Arutunyan Azərbaycan hakimiyyəti üçün terrorçu qruplaşmanın başçısıdır. Odur ki, bu görüşə verilən reaksiyanı tamamilə normal qəbul etmək olar. Üstəlik, Azərbaycan media qurumları tərəfindən izlənildiyini bilən erməni mediasının bu cür məlumatları paylaşması təəccüblü deyil. Görünür, onlar ermənilərin müharibədən sonra yaşadığı panikadan bizə də “pay”düşməsini istəyirlər. Təsadüfi deyil ki, Azərbaycanda bir çoxları bu görüşü “separatçıların lideri ilə rəsmi danışıqların başlanması” kimi yozdular. Şübhəsiz, elə hədəflənən də bu imiş.

Onu da qeyd edək ki, müharibənin gedişində və sonra ABŞ-ın Qarabağda Azərbaycan tərəfdə muzdluların döyüşməsi barədə bəyanatları eşidildi. Tehran da terrorçuların İrana keçə biləcəyi bəhanəsilə hərbi qüvvələrini Azərbaycanla sərhədə yerləşdirdi. Və ABŞ indi də Qarabağda terrorçuların olması barədə bəyanatlar verməyə davam edir. Müharibənin gedişində prosesdən kənarda qalan Vaşinqton, sanki, indi regiona müdaxiləyə bəhanə axtarır. Hansı ki, bu iddialar Azərbaycana sanksiyaların qoyulmasına bəhanə rolunu da oynaya bilər. Belə ki, sanksiyaların tətbiqi üçün söz azadlığının pozulması, korrupsiyanın mövcudluğu, terrorçu dəstələrin mövcudluğu və s. iddialardan istifadə edilə bilər.

Ekspertlərə görə, sanksiyaların birinci zərbəsi Azərbaycanın xarici banklarda olan maliyyə resurslarını dondurulması ilə nəticələnə bilər. Söz azadlığının pozulmasına dair faktlar yetərincə deyil. Korrupsiya faktları isə elə dövlətin özü tərəfindən ifşa olunur…

Haqqında müzakirə gedən məsələ barədə rəsmi Bakı tərəfindən açıqlama verilməməsinə gəlincə, erməni mediası tərəfində yayılan məlumatlar həqiqətdirsə, belə bir hadisə baş veribsə, güman ki, adı açıqlanmayan Azərbaycanın rəsmi nümayəndəsi güc strukturlarından birinin rəsmisidir. Ən azı, qarşı tərəfdən iştirak edən şəxslərin kimliyinin açıqlanması da bunu deməyə əsas verir. Bu səbəbdən, təxmin edə bilərik ki, Azərbaycan tərəfdən də görüşdə eyni sferadan olan şəxs iştirak edib.

Deyilənlərdən başqa, mediada 2021-ci il fevralın 12-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayədələrinin iştirakı və BQXK-nın vasitəçiliyi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhərinin yaxınlığında təhvil verilməsi barədə məlumat yayıldı. Bu informasiyanı erməni tərəfinin terrorçubaşı Arutunyanla da görüşdə “əsir və itkin düşmüş şəxslərlə bağlı məsələlərin müzakirə olunduğunu” bildirildiyi barədə məlumatla tutuşdursaq, həm Birinci, həm İkinci Qarabağ müharibələrində əsir və itkin düşmüş şəxslərlə bağlı araşdırmaların aparılması həqiqətə yaxındır.

Həmçinin işğaldan azad olunmuş ərazilərdə minalanmış sahələrin koordinatlarının təhvil verilməsi, hələ silahlı olan erməni terrorçularının sayı, mövqeləri, Rusiyanın köçürüb Xankəndiyə gətirdiyi erməni əhalinin sayı da güman ki, müzakirə mövzularından olub. Xüsusilə hələ orada qalan və gizlənən terrorçu qrupların ortaya çıxarılması, təslim olması vacib məsələdir. Azərbaycan bu yaraqlıların terrorçu kimi ortaya çıxarılıb, ifşa edilməsini həm də ona görə yerinə yetirməlidir ki, ona sanksiya tətbiq etməyə hazırlaşan Qərbin dəstəklədiyi qüvvələrin milli özünüidarəetmə tələb edən milli azlıq formatından çıxarıb, terrorçu olduqlarını və hələ də bu aktları törətməyə hazır olduqlarını nümayiş etdirsin. Eləcə də Rusiyada baş verən narazılıqlar fonunda Kremlin zəifləməsindən istifadə edərək Cənubi Qafqaza müdaxilə üçün girəvə axtaran Vaşinqtona göstərilməli və qəbul etdirilməlidir ki, Azərbaycan dövləti terrorçularla mübarizədə yetərli fəaliyyəti ortaya qoyur.

Gələk, məsələnin digər tərəfinə. Bu görüş məsələsində Azərbaycan dövlətini qınayanlar, görəsən, ABŞ-ın və ya Fransanın Araiklə görüşlər keçirərək, onu yenidən silahlandırıb, ortaya atılmasını  tərcih edirlər? Məsələn, Şimali İraqdakı PKK/YPG- yə ABŞ başda olmaqla, Qərbdən silah yardımı trafikinin olması kimi… Yaxud ABŞ parlamentinin rəsmən PKK-ya dövlətin rəsmi büdcəsindən 300 milyon dollar vəsaitin ayırması kimi. Yoxsa, Azərbaycan Araik Arutunyanla ehtimal olunan məsələlərin müzakirəsi üçün Minks qrupu dövlətlərinə müraciət etməli və görüşün onların iştirakı ilə keçirilməsini tələb etməli idi? Yəni məntiqlə fərqli situasiya fərqli davranışı gərəkdirir. Hazırda bu ərazinin az qismi müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. İndiki vəziyyətdə də bölgədə bir sürü “pis iştahlı”, terroru pərdə arxasından dəstəkləyən dövlətlərin toplanmasındansa, Rusiyanın əli ilə bəzi işləri görmək daha məqsədəuyğundur. Rusiya ən azı bölgəyə özündən başqa heç kimi, xüsyuilə də ABŞ və Fransanı buraxmamaq üçün uzlaşmaya daha yatqın olacaq.

Azərbaycan da bu məsələdə digər beynəlxalq qüvvələrin müdaxiləsinə bəhanə verməmək və orada yaşayan erməni əhalisini öz vətəndaşları saydığını bəyan etdiyi üçün onlarla iş aparılmalıdır. Bu zaman “qaşınmayan yerdən qan çıxarmaq” istəyən xarici qüvvələrin qarşısını almaq üçün dövlət özü bu işləri yönətməlidir. Bu baxımdan da Arutunyanı neytrallaşdırmaq, vəziyyəti nəzarət altına almaq, oradakı əhaliyə mövcud durumu qəbul etdirmək üçün ən doğru format elə budur. Yəni bu görüş beynəlxalq xarakter daşımır və hansısa texniki məsələlərin həlli üçün lazımdır. Qələbədən sonra bu, Azərbaycanın daxili məsələsidir, öz ərazisində terrorçu dəstələrin ləğv olunması üçün dövlətin kənar beynəlxalq  vasitəçilərə də ehtiyacı yoxdur.

Ülviyyə ŞÜKÜROVA