“Araik Arutunyan Azərbaycan prokurorluğunun işçisi ilə görüşmək məcburiyyətində qalıb” – Politoloq

555

“Ötən gün Rusiya sülhməramlılarının vasitəçiliyi ilə özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Araik Arutunyanla Azərbaycan Baş Prokurorluğunun müstəntiqinin görüşünün rəsmi Bakının qondarma qurumun müstəqilliyini tanımaq istəməsi, “separatizmə dəstək” kimi qələmə verilməyə çalışılması əsassız və absurddur”.
Hurriyyet.org bildirir ki, bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Q. Hüseynli deyib ki, Azərbaycan hökuməti A. Arutunyanı cani kimi axtarışa verib, o, çoxsaylı insanların ölümündə
 günahlandırılır: “Araik Arutunyanın günahı həddindən artıq çoxdur. Eyni zamanda adi prokurorluq işçisinin Araik Arutunyanla görüşərək I Qarabağ Müharibəsi dövründə həlak olanlar, eləcə də əsir və itkinlərlə bağlı ona müəyyən suallar verilməsi bir istintaq hərəkətləri kimi qəbul etmək olar. Doğrudur, Araik Arutunyan hazırda qorxusundan bilmir ki, hansı hərəkətləri etsin ki, Azərbaycan hakimiyyətinin xoşuna gəlsin. Ona görə də Araik Arutunyan Azərbaycan prokurorluğunun işçisi ilə görüşmək məcburiyyətində qalıb. O görüşdə də hər hansı siyasi məsələ, Dağlıq Qarabağla hər hansı siyasi xarakterli söhbət getməyib. Elə Araik Arutunyanın “mətbuat katibi” də bildirib ki, görüşdə 1990-cı illərdə itkin düşən insanlar, əsir və girovlarla bağlı məsələdən danışılıb, Dağlıq Qarabağın statusu məsələsi müzakirə mövzusu olmayıb”.

Politoloq qeyd edib ki, A. Arutunyana gördüyü və şahidi olduğu qətliamlar, bu qətliamlar zamanı toplu halda basdırılmış insanların yeri və bu qətliamları törədənlər haqqında istintaq xarakterli suallar ünvanlanıb: “Doğrudur, Araik Arutunyan bu qətliamlarda iştirak edənlərin adlarını açıqlamasa da, 7 azərbaycanlının nəşinin olduğu yeri göstərib. Oradan da həmin 7 adamın nəşinin qalıqları çıxarılaraq gətirilib. Ona görə də bu məsələnin ətrafında hər hansı qınaq xarakterli hay-küy salmağa ehtiyac yoxdur. Prokurorluq orqanları hökumətin siyasi qanadının üzvü deyillər, onlar sadəcə, vəzifələrini yerinə yetirirlər. Bu vəzifələrini yerinə yetirərkən də mümkün olan bütün vasitələrdən istifadə edirlər. Yəqin ki, Birinci Qarabağ Müharibəsində həlak olanlarla bağlı istintaq çoxdan aparılır, müxtəlif hərəkətlər edilib.

Biz hazırda konkret Birinci Qarabağ Müharibəsində döyüşlərin hansı mərhələsində insan itkilərindən danışmaq üçün lazımi məlumata malik deyilik. Hər halda prokurorluqda çoxdan qaldırılmış istintaq işinin yenidən hərəkətləndirilməsi baş verib. Bununla bağlı hazırda bu işin tapşırıldığı müstəntiq də prokurorluq işçisi kimi Rusiya sülhməramlılarının köməyi ilə Ariak Arutunyanla əlaqə qurmağa nail olub. Eyni zamanda müstəntiq bildirib ki, söhbət sırf kriminal xarakterli hadisələrin mahiyyətinin dəqiqləşdirilməsindən, eyni zamanda kriminal hadisə nəticəsində qətliama uğramış Azərbaycan Ordusunun əsgərlərinin harada dəfn edilməsinin müəyyənləşdirilməsindən gedir.

Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov da bu məsələdə bizə kömək edib və bu görüşün baş tutmasına şərait yaradıb. Əlbəttə, ilk anlarda Araik Arutunyan qorxub ki, Rusiya sülhməramlıları onun həbsi üçün Azərbaycan prokurorluq orqanlarının işçilərini gətirir və onun arxasınca da Azərbaycan Ordusunun əsgərləri gələcək.

Lakin uzun danışıqlardan və Rusiya sülhməramlılarının tam təminat verməsindən sonra bu görüş baş tutub və görüşdə Birinci Qarabağ Müharibəsində kütləvi surətdə öldürülərək basdırılan Azərbaycan əsgərlərinin yeri barədə məlumat verilib. Amma həmin yerdən hələ ki, 7 əsgərin nəşinin qalıqları çıxarılıb. Məlumata görə, belə əsgərlərin sayı çoxdur. Qalan əsgərlərin yeri barədə də məlumatı onlar bilir. Bu baxımdan Azərbaycan prokurorluq orqanlarının bu istiqamətdə fəaliyyəti ancaq təqdir oluna bilər, bunu qınamaq, bunun ətrafında yersiz şou düzəldilməsi qəbuledilməzdir”.