“Aprel ayının sonuna kimi Rusiyada hakimiyyətin ötürülməsinə cəhd ediləcək” – XAQANİ CƏFƏRLİ

804

“Navalnı yanvarın 17-də dönərək inqilabi proseslərə start vermək istəyib və əminliklə demək olar ki, o, istəyinə nail olub”

“”Noviçok” zəhəri ilə sui-qəsdə uğradıqdan sonra Almaniya kansleri Angela Merkelin qonağı statusunda Berlinə aparılan və dünyanın ən yaxşı tibb müəssisələrindən hesab olunan “Şarite” hospitalında müalicə olunan Rusiya müxalifətinin lideri Aleksey Navalnı yanvar 13-də əksəriyyət üçün gözlənilməz bir şəkildə Rusiyaya dönmək qərarını açıqladı. Məlum oldu ki, müxalifət lideri yanvarın 17-də Berlin-Moskva reyisinə bilet alıb. Navalnın Rusiyaya dönəcəyi gözlənilsə də, heç kim onun məhz yanvar ayının ikinci ongünlüyündə qayıdacağını gözləmirdi. Çünki yanvarın 19-da Avropa Şurası Parlament Assambleyasında Aleksey Navalnının zəhərlənməsi ilə bağlı fransalı deputat Jak Merin məruzəsinin müzakirəsi nəzərdə tutulmuşdu və Navalnı həmin tədbirə dəvətli idi”. Hurriyyet.org xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli deyib.

Politoloq qeyd edib ki, ABŞ-ın yeni administrasiyasının Navalnını yanvarın 20-də Vaşinqtonda, Co Baydenin inaqurasiyasında görməyi arzu etdiyi də məlum idi: “Hətta belə məlumatlar da vardı ki, Navalnının Co Baydenlə görüşü də nəzərdə tutulub. Bundan başqa, Avropanın əksər liderləri Navalnının tam sağalmasını gözləyirdi və çox saylı görüşlərin olacağı anonos edilirdi. Ancaq qəflətən Navalnı yanvarın 17-də Rusiyaya dönəcəyini elan etdi. Bundan dərhal sonra Rusiya hüquq-mühafizə orqanları Navalnının dönəcəyi halda dərhal həbs olunacağı ilə bağlı ard-arda məlumatlar yaymağa başladılar. Belə təəssürat yarandı ki, Rusiya hüquq-mühafizə orqanları müxtəlif cinayətlərdə ittiham etdikləri şəxsi məhkəmə qarşısına çıxarmaq əvəzinə Rusiyaya dönməsinin qarşısını almaq üçün onu qorxutmağa çalışırlar. Rusiya hüquq-mühafizə orqanlarının 13 yanvardan 17 yanvaradək fəaliyyətini başqa cür izah etmək mümkün deyil. Rusiya hüquq-mühafizə orqanları Navalnını Moskvaya dönməkdən çəkindirməyə çalışdıqları kimi, dost və silahdaşlarının da Navalnını qərarından daşındırmağa çalışdıqları da məlumdur. Hətta bəzi dostlarının bu məqsədlə Almaniyaya səfər etdikləri də məlumdur. Ancaq bütün bunlara baxmayaraq, Navalnı yanvarın 17-də Rusiyaya dönmək qərarından vaz keçmədi”.

Xaqani Cəfərlinin sözlərinə görə, Navalnının bu qərarının səbəbi və ya səbəbləri haqqında bəzi ehtimallar irəli sürmək olar: “Çoxsaylı məlumat və şərhləri təhlil etdikdən sonra gəldiyim qənaət ondan ibarət idi ki, aprel ayının sonuna kimi Rusiyada hakimiyyətin ötürülməsinə cəhd ediləcək və Navalnı bununla bağlı məlumatlı olduğu üçün həbsxanada olsa da, vətəndə olmaq istəyir. Ancaq onun fərqindəydim ki, bunun üçün hökmən yanvarın 17-də qayıtmağa ciddi ehtiyac da yox idi. Deməli, Navalnının həbs olunacağına əmin olduğu halda yanvarın 17-də Rusiyaya dönməsinin daha ciddi səbəbi var. Fikirimcə, Navalnının yanvarın 17-də Rusiyaya dönməsinin səbəbi ilə bağlı sualın cavabı yanvarın 19-da baş verən bir neçə hadisədir. Yanvarın 19-da Navalnı “Dənizçi sükutu” (Matrosskaya tişina) istintaq təcridxanasından müraciət yayaraq tərəfdarlarını etiraza, küçə və meydanlara çıxmağa çağırdı. Bunun ardınca isə Navalnın tərəfdarları yanvar ayının 23-də bütün ölkə boyu “Oğru və qatillərə qarşı” şüarı ilə mitinqlər keçirəcəklərini açıqladılar. Elə həmin gün Navalnın “Yuotube” kanalı üzərindən ictimai rəydə nüvə bombası effekti yaradan “Putin sarayı. Ən böyük rüşvətin tarixçəsi” adlı film yayıldı. Bu film Putinin həyatının qaranlıq, çirkli və hiddət doğuran bütün anlarına işıq salaraq Rusiyanın avtoritar liderinin imicinə öldürücü zərbə vurdu. Navalnının qurucusu olduğu “Korrupsiya ilə mübarizə Fondu”nun araşdırması əsasında hazırlanmış filmə 40 saat ərzində 37.5 milyondan çox baxış olub. Bu Putinin imicinə hansı zərbənin dəydiyini müəyyən etməyə imkan verən mühüm göstəricidir”.

Politoloq hesab edir ki, yanvarın 19-da baş verən bu üç hadisə yanvarın 17-də Navalnının dönüşünün səbəbini müəyyən etməyə imkan verir: “Belə görünür ki, Navalnı yanvarın 17-də dönərək inqilabi proseslərə start vermək istəyib. Əminliklə demək olar ki, Navalnı istəyinə nail olub və Rusiyada inqilabi prosesə start verilib. Bu inqilabi prosesin isə yalnız bir məqsədi var. Bu da hakimiyyətin ötürülməsinə imkan verməməkdən ibarətdir. 1917-ci ilin yanvar-fevral aylarında baş verən hadisələr mart ayında taxt-tacın ötürülməsinə imkan vermədi. Belə görünür ki, Navalnı da hakimiyyətin qarşıdakı aylarda ötürülməsinin qarşısını almaq niyyətindədir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org