Anar Quliyevdən prezidentin tapşırıqlarına ETİNATSIZLIQ: Sədrin İlham Əliyevin tapşırıqlarını QULAQARDINA VURMA SƏBƏBLƏRİ – FAKTLAR

135
Ötən il – 2020-ci il yanvarın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Anar Quliyevi yeni rəis təyin etdi.
Anar Quliyev Komitəyə yad adam deyildi, sədrin birinci müavini vəzifəsində çalışırdı. Ancaq Prezident İlham Əliyev bu dəyişikliyi etməklə Bakının arxitektura və şəhərsalma işlərindən narazı olduğunu nümayiş etdirdi.
Əslində, problem də xeyli müddət öncə başlamışdı: pərakəndə, şəhərsalma normalarına uyğun olmadan tikilən binalar Bakının nəinki görkəminə xəlil gətirmiş, həm də sıxlığın artmasına, tıxaclara, insanların istirahət yerlərinin zəbt edilməsinə, ağacların kəsilməsinə, parkların sıradan çıxmasına səbəb olmuşdu.
Prezident İlham Əliyev Anar Quliyevi təyinatdan sonra birbaşa özü qəbul eləmiş və böyük çıxışla tapşırıqlarını vermişdi.
Həmin çıxış mediada yayılıb, Prezidentin saytında da var, videoları da qalır.
Burda Prezidentin tapşırıqlarından çıxarışları verək:
– Bu, sizə (Anar Quliyevin sədr təyin olunması nəzərdə tutulur – red.) göstərilən böyük etimad və sizin üçün böyük məsuliyyətdir. Çünki mənim tapşırığımla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları genişləndirilib.
– Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakıda geniş yenidənqurma və abadlıq işlərinə start verildi. Vəzifə ondan ibarət idi ki, biz Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq.
– Bakının ekologiyasını böyük dərəcədə çirkləndirən yerlər və müəssisələr artıq ləğv olunur. Onların yerində müasir, şəhərsalma qaydalarına uyğun yeni ictimai zonalar yaradılır.
– Biz Qara şəhəri Ağ şəhərə çevirdik.
– “Sovetski” adlandırılan ərazidə yaşayış çox ağır idi. Yəni, bir-birinin içində olan köhnə daxma tipli tikililər həm ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi, həm də orada yaşayan insanlar və nəqliyyat üçün böyük problem yaradırdı. Yolların eni 2-3 metr idi. Biz böyük işlər görərək oradan da vətəndaşları kompensasiya əsasında köçürdük. Bəzilərinə yeni evlər verildi, bəzilərinə pul təminatı. İndi orada fəaliyyət göstərən Mərkəzi Park dünya miqyasında ən gözəl parklardan biridir.
– Görülən işlər onu sübut edir ki, Bakı şəhərinin inkişafına, havasının təmizlənməsinə və nəticə etibarilə, vətəndaşların rahat yaşamasına nə qədər böyük diqqət göstərilir.
– Ona görə Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində, ilk növbədə, bu amillər nəzərə alınmalıdır. Vətəndaşların rahatlığı, ekoloji cəhətdən təmiz layihələrin icrası və şəhərsalma qaydalarına tam riayət edilməsi əsas prinsiplər olmalıdır.
Prezident onu narahat edən məsələni də dilə gətirmişdi. Sitatlara baxaq:
– Əfsuslar olsun ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu. Son vaxtlar mənim göstərişimlə, xüsusilə Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin dəyişilməsi nəticəsində artıq bu qaydalara riayət edilməyə başlanmışdır. Bunu iş adamları da nəzərə almalıdırlar. Bakı şəhəri bizim tarixi sərvətimizdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu, olmayacaqdır.
– Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir.
– Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir.
– Komitəyə yeni funksiyalar verilib və Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər. Siz bu funksiyalardan çox səmərəli şəkildə istifadə etməlisiniz. Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır. Çünki bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir. Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq. Ona görə monitorinq qrupları olmalıdır. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq.
– Biz son illərdə 3200-dən çox məktəb tikmişik. Ancaq hələ də məktəblər var ki, orada uşaqlar üç növbədə oxuyurlar. Nəyə görə? Çünki əhali artır. Müstəqillik dövründə əhali üç milyon artıb. İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər. Ona görə mən tapşırıq vermişəm və aidiyyəti qurumlar bu işlərlə çox ciddi məşğuldurlar. İndi yeni məktəblər üçün yer axtarırıq və bu da çox ciddi bir prosesdir. Yəni, artan əhali bütün infrastruktura artan yük deməkdir – həm nəqliyyata, həm sosial infrastruktura, həm də ictimai zonaların fəaliyyətinə. Ona görə siz işləri Baş Plan əsasında qurarkən mütləq perspektivi də nəzərdə saxlamalısınız, çünki əhalimiz bundan sonra da artacaq. Artımın da əsas səbəbi iqtisadi inkişafdır. İqtisadi inkişaf olmayan yerlərdə nadir hallarda əhali artır. Amma bizim iqtisadi inkişafımız bundan sonra da dayanıqlı olacaq. Ona görə bütün bu işlər bəri başdan hesablanmalıdır.
– Nəqliyyat infrastrukturuna xüsusi diqqət verilməlidir.
– Şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır.
– Bakı şəhəri bizim milli sərvətimizdir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.
– Şəhər inkişaf etməlidir, böyüməlidir, ancaq çox ciddi şəhərsalma prinsipləri əsasında. İndi tikintidə mövcud olan əmsallar gözlənilməlidir və bu əmsallar pozulmamalıdır.
– Bir müddət bundan öncə ziyalılarla görüşdə Memarlar İttifaqının sədri təklif vermişdi ki, Bakının mərkəzi rayonu formalaşsın. Mən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər vermişəm. Sizə də tapşırıram, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı yığışın birlikdə təklifləri konkretləşdirin. Çünki bunun üstündən artıq uzun müddət keçib, ancaq hələ ki, mənə heç bir təklif verilməyib. Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər. O ki qaldı yeni binaların tikintisinə, burada qaydalar daha da sərt olmalıdır.
– Siz bu məsuliyyəti dərk etməlisiniz. Ölkəmizin hər bir yerində bütün inşaat işləri müasir şəhərsalma qaydalarına uyğun aparılmalıdır.
Beləliklə, Prezidentin tövsiyə və tapşırıqlarından bir il 3 aydan da artıq vaxt keçib. Nəticə?
Bunlar; ona görə Anar Quliyevə xatırlatdıq ki, şəhərsalma qaydalarının, ekologiyanın ciddi pozuntusu ilə Gəncə prospektində, 269 saylı məktəbin 8 metrliyində çoxmərtəbəli bina tikintisinə başlanılıb. Bəs, Prezidentin bu tapşırıqlarının hansı biri o tikintidə icra edilir?
– Yeni çoxmərtəbəli kompleksin Gəncə prospektinə birbaşa çıxışı yoxdur, yandakı iki kompleksdən yol götürməlidirlər. Həmin komplekslərdə maşın əlindən tərpənmək mümkün deyil. Bir çox hallarda binanın həyətindən prospektə çıxmaq üçün yarım saat gözləmək lazım gəlir. Çünki binalara ensiz, dar, bir maşınlıq yol düşür. Bu yolu növbəti yaşayış kompleksi ilə yükləmək şəhərsalma normasıdır?
– Prezident dedi ki, bəzən 2-3 növbəli dərslər keçirilir və məktəblərdə yer çatışmır. Bir neçə ildən sonra 269 saylı məktəb üçün yeni korpus tikmək lazım gəlsə, necə olacaq? hardan ayıracaqsınız o yeri?
– Orda tikinti məktəbin hasarından 8, məktəbin binasından 20 metrlik məsafədə aparılır. O bina məktəbin işıqlandırılmasından tutmuş şagirdlərin məktəb həyətinə çıxmasına qədər, təhlükə yaradır. Niyə icazə vermirisiniz tikintiyə?
– Prezident sakinlərin rahatlığının təmin olunmasını xüsusi tapşırıb. Siz araşdırma apardınızmı ki, orda yeni kompleksin tikintisi sakinlərin bütün həyatını necə alt-üst edir? Necə sıxlıq yarada bilər və hansı fəsadlar törədər?
– Prezident Bakını yaşıllıqlar şəhərinə çevirmək üçün tapşırıq verdi. O ərazidə bircə dənə də park yoxdur.
Həmin ərazi vaxtilə AMEA-nın sərəncamında olan böyük zeytun ağaclarından ibarət meşəlik idi. İndi ondan cəmi 30 sot boş sahə qalıb. Ona görə boş sahə olub ki, ordakı ağaclar hamısı yandırıldı – qəsdən və yenisinin əkilməsinə icazə verilmədi. Niyə orda kiçik park yaratmaqla bağlı İcra Hakimiyyətinin təklifini qəbul etmədiniz?
– “Yeni binaların tikintisi üçün qaydalar daha da sərt olmalıdır”. Bu, Prezidentin tapşırığıdır. Hansı sərtlik göstərmisiniz? Niyə sizin nümayəndələr 4 binanın minlərlə sakininin aylardır şikayətini, etirazını eşidib, bir dəfə əraziyə baxış keçirmir?
– Prezident qəti tapşırıq vermişdi ki, Baş Plan olmadan tikintiyə icazə verilməməlidir. Hanı Bakının Baş Planı? Niyə indiyə qədər hazır deyil? Niyə Baş Plan hazır olmadan, mütəxəssislər yerdə araşdırma aparmadan Qaya-İnşaat MTK-ya bu tikintiyə icazə vermisiniz?
– Prezident birbaşa göstəriş verdi ki, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması daim nəzarətdə saxlanılmalıdır. Gəlin, yeni tikintidə ekoloji vəziyyətə baxın, görün hansı vəziyyətdədir ora? Bina tikiləndən sonra oranın ekologiyası hansı səviyyəyə düşəcək?
– Prezident şəhərin gələcəyini şübhə altına qoymağı qadağan etdi, sizə birbaşa göstəriş verdi. Niyə həmin ərazidə şəhərin və insanların yaşama imkanlarını şübhə altına deyil də, ümumiyyətlə məhdudlaşdırırsınız?
Anar Quliyev, Prezident göstərişlər verəndə dəftərçənizi açıb, ciddi qeydlər aparırdınız. Görünür, həmin dəftərçənizi itirmisiniz və məcbur qalıb, sizə xatırlatma etdik.
İndisə sizdən tələb edirik: Prezidentin göstərişlərinə, tapşırıqlarına əməl edin!
 
Anar Niftəliyev
Bakupost.az